Ölkəmiz Moskvada ”Ənənələr və müasirlik” festivalında təmsil olunub

 

 

Xəbər verildiyi kimi, mayın 26-da Moskvanın “Manej” mərkəzi sərgi zalında “Ənənələr və müasirlik” X Beynəlxalq Təsviri İncəsənət Festivalının təntənəli açılış mərasimi keçirilib. Festivalın yubiley sərgisində 50-dək ölkədən, o cümlədən keçmiş sovet respublikalarından rəssamlar iştirak ediblər.

 

Festivalın kuratoru Vera Kiselyova tədbiri açaraq sərgi haqqında məlumat verib. Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu çıxış edərək festivalın beynəlxalq mədəni əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Səfir daha sonra Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrik məktubunu festival iştirakçılarının diqqətinə çatdırıb.

“Ənənələr və müasirlik” sərgisində ölkəmiz geniş heyətlə təmsil olunub. SSRİ Xalq rəssamı Tahir Salahov, Əməkdar rəssam Sakit Məmmədov, Əməkdar rəssam Rəşad Mehdiyev, gənc və istedadlı rəssam Məryəm Ələkbərli, Katib Məmmədov, Diləfruz Bağırova və başqalarının əsərləri sərgidə yer alıb və tamaşaçıların marağına səbəb olub.

Onu da qeyd edək ki, Məryəm Ələkbərlinin “Qobustan” silsiləsindən olanOvdan sonra” əsəri əvvəlki illərdə festivalın qalibi olub, bu sərgidə ən yaxşı əsərlərin xüsusi stendində tamaşaçılara təqdim edilib.

Festivalın 15 ən maraqlı eksponatı sırasında isə ilk yeri Azərbaycan və Rusiya rəngkarlığının canlı klassiki Tahir Salahovun əsərləri tutur. Sərgidə onun yeni qrafika əsərləri və bənzərsiz eskizləri əsasında toxunan xalçalar təqdim olunub. Reytinqdə tanınmış Azərbaycan rəssamı Sakit Məmmədov da yer alıb. Rəssamın əsərləri dünyanın məşhur rəsm qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır.

Qeyd edək ki, 2007-ci ildən etibarən keçirilən “Ənənələr və müasirlik” festivalı dünyanın müxtəlif ölkələrindən rəssamları bir araya gətirir, gənc istedadlara tanınmış pedaqoqlar və mədəniyyət xadimləri ilə təcrübə mübadiləsi etmək imkanı verir. Festivalın münsiflər heyətinin sədri Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovdur.

Festivalın sonunda təsviri incəsənət sahəsində yaradıcılıq, sevgiuğura inamı simvolizə edən bürünc heykəlcik - beynəlxalq “VERA” mükafatı təqdim edilir. Mükafatla rəssamlıq, qrafika, tətbiqi incəsənət, fotoqrafiya, heykəltəraşlıq, installyasiyamuzey işi üzrə qaliblər təltif olunur.

Mayın 31-də başa çatan yubiley festivalının nəticələri barədə növbəti sayımızda məlumat verəcəyik.

 

Lalə

Mədəniyyət .- 2016.- 1 iyun.- S.8