“Lətif”dən “Dərs”ədək
Ekran önündə yaranan düşüncələr
Hansısa Hollivud ulduzu deyib ki, əgər filmdə səninlə birlikdə əsas rollara uşaq çəkilirsə, uğurdan gözünü çək. Öz obrazını nə qədər böyük məharətlə yaratsan da, onların kölgəsində qalacaqsan. Müəyyən qədər mübahisəli fikirdir. Amma nəzərə alsaq ki, uşaqlar çox məqamda öz hisslərini daha təbii, çərçivəyə salmadan izhar edirlər, bu məqamda həmin fikrin müəllifi ilə razılaşmaq lazım gəlir. Uşaq filmləri bir yana, böyüklər, ya da ailəvi nümayiş üçün nəzərdə tutulan bir çox filmlər var ki, onların adı çəkiləndə ən birinci uşaq qəhrəmanlar yada düşür.
Dövrünün qəhrəmanı Lətif və könüllər fatehi İsmayıl
1930-cu ildə çəkilmiş «Lətif» filmi Azərbaycanda kolxoz quruculuğu dövründə kollektiv təsərrüfat yaradan sadə kəndlilərdən və buna mane olmağa çalışanlarla mübarizədən bəhs edir. Rejissor Mikayıl Mikayılovun kinoda ilk müstəqil işi olan filmin baş qəhrəmanı isə Lətif adlı balaca oğlandır. Film sonralar görkəmli kino rejissoru olacaq və həyatı faciə ilə bitəcək Lətif Səfərovun oynadığı baş qəhrəmanın qoçaqlığından bəhs etsə də, uşaqlar üçün nəzərdə tutulmayıb. Maraqlıdır ki, sırf ideoloji təbliğat məqsədi güdən səssiz film sonralar bərpa edilsə də, ona hətta musiqi bəslənsə də, milli kinematoqrafiya tarixinin bir faktı olaraq da maraq doğurmadı. İdeoloji dəyərləri dəyişdiyindən bu gün «Lətif» filmi daha çox Lətif Səfərov adlı rejissorun kinoda ilk işi baxımından əlamətdardır.
50-ci illərin sonu
həm də «Ögey ana» filmi ilə yadda qaldı. Kinorejissor Həbib
İsmayılovun filmini
bu gün də böyüklü-kiçikli
hər birimiz maraqla seyr edirik.
Eləcə də bir fakt faktlığında qalır ki, Azərbaycan tamaşaçısı
«Ögey ana» filminə dəcəl və diribaş olduğu qədər də ağıllı İsmayılın (Ceyhun Mirzəyev) taleyi ilə maraqlandığına
görə baxır.
«Lətif»dən fərqli olaraq «Ögey ana» filmi əbədi və bəşəri bir mövzuya, qadın xislətinin ən uca məqamına
- özgə qadının
övladına əsl
ana olmaq hünərinə həsr
olunduğu üçün
heç vaxt aktuallığını itirməyəcək.
Hər cür müqayisə nöqsanlı sayılsa da, qəribədir ki, «Ögey ana» filmi ilə
uşaq ikən milyonların sevgisini qazanan İsmayıl rolunun ifaçısı Ceyhun Mirzəyev də Lətif Səfərov kimi ömrünü kinoya həsr etdi, peşəkar rejissor kimi maraqlı filmlər çəkdi və tamam fərqli
səbəbdən də
olsa, onun kimi qısa ömür yaşadı.
Cəbiş müəllimin «Şərikli
çörək» bölüşən
şagirdləri
Azərbaycan kinematoqrafında Böyük
Vətən müharibəsi
mövzusunda çəkilmiş
ən yaxşı filmlərdən ikisi - arxa cəbhə Bakısına həsr olunmuş «Bizim Cəbiş müəllim»
və «Şərikli çörək» filmləridir.
Həsən Seyidbəylinin «Bizim
Cəbiş müəllim»
filminin baş qəhrəmanı saf adam, vətənpərvər
insan olan Cəbiş müəllim,
bir də onun dərs dediyi qonşu uşaqlarıdır. Hər
biri müxtəlif ailədə böyüyən
Namiqin də, Makedonun da, Bakıya
köçkün gəlmiş
Tanyanın da uşaqlığını əlindən
alan, atasız
qoyan, yurdundan perik salan müharibədir.
Lakin ölkənin belə bir dar
günündə də
onların Cəbiş
müəllim (Süleyman
Ələsgərov) kimi
yumşaq qəlbli, həm də insanlıq dərsi deyən müəllimi, mühəndis Nəcəfov
(Muxtar Maniyev) kimi valideyni, hətta xırda alverlə yaşamağa alışmış, o dövrün
nəzərində tüfeyli
damğası daşıyan
Suğra xala (Nəsibə Zeynalova) kimi yad millətdən
olan yeniyetməyə analıq edəcək ürək sahibi olan hamisi var.
Şamil Mahmudbəyovun «Şərikli
çörək» filminin
uşaq qəhrəmanları
isə həyata daha yaxındırlar. Ağılkəsməz
yaşlarında qismətlərinə
düşən müharibə
onları bir az amansız,
bir az diribaş,
bir az da
vaxtından əvvəl
çoxbilmiş edib.
Gena oğurluğu da bacarır, Arif anasının Vaqif üçün də verdiyi pulu özünə saxlamağı rəva bilir, qonşu üçün bir yaxmaca yun didməyə
razılaşan Leyla didilməmiş yunu didilmişlərin arasına
basır, o həm də darıxanda dizinə yaylıq bağlayıb, onu gəlincik kimi oynadacaq qədər geniş təxəyyülə
malikdir. Həyət uşaqları birləşib
ağ çörəklə
povidla yeyən totuq qonşu uşağına «çörək
verən özü çıxsın, verməyənin
gözü çıxsın»
deyə qarğış
da edə bilirlər. Baş qəhrəman Vaqif
(Kamran Rəcəbli) hər əziyyətə qatlaşmağı bacardığı
kimi, itmiş çörək kartoçkasına
düşən çörəyi
dostları arasında
ürəklə bölüşdürür.
Onlar uşaqdırlar, üzləşdikləri
müharibə dəhşətində
uşaq qalmağı
bacarmaq istəyən,
amma yaşından tez böyüyən uşaqlar. Yaşadığı şəhərdə öz çörək payını itirən və tapan uşaqlar.
Tarixə
düşən cəngavərlər
və «Pəncərə»
80-90-cı illərdə uşaqlara həsr olunmuş iki film də var ki,
insanı düşünməyə,
gənc nəslin taleyindən ötrü narahat olmağa vadar edir. Ənvər Əblucun
«Qara gölün cəngavərləri» filmi
Süleyman Vəliyevin
bir zamanlar çox məşhur «Şor cüllütü» povesti əsasında ekranlaşdırılıb. Neft mədəninin böyründə
salınmış qara
rəngə boyanmış
qəsəbədə yaşayan
neftçilərin güzəranından,
onların inqilabi fəaliyyətindən uşaq
dili ilə söz açan, bu mücadiləyə uşaq baxışı ilə nəzər salan bir filmdir.
1991-ci ildə Həsən
və Ənvər Əblucun çəkdikləri
«Pəncərə» filmi
də çətin
tale yaşayan uşaqlar
barədədir. Amma bu uşaqlar
ailədə bəxti
gətirməyən, düşdükləri
internatda mənəvi
iztirablara düçar
edilən, əzilən,
haqqı tapdanan uşaqlardır. «Pəncərə»
qapalı tədris müəssisələrindəki mövcud təlim-tərbiyə
sisteminə etiraz, uşaqları mənən
sındıran, intihara
sürükləyən sistemin
kökündən dəyişməsini
tələb edən sos çağırışıdır.
Bizim dövrün «Haray»ı, «Ağ atlı oğlan»ı və «Dərs»i
Tale elə gətirdi
ki, 90-cı illərdən
başlayaraq, Azərbaycanda
yenə müharibə
(Qarabağ) mövzusunda
filmlər çəkildi. Təbii ki,
xalqın taleyini ox kimi dəlib keçən bu hadisələr ekran həllini taparkən uşaqların taleyindən
yan keçə bilməzdi.
Oruc Qurbanovun
Nüşabə Məmmədovanın
eyniadlı povesti əsasında çəkdiyi
«Haray» filmi Xocalı faciəsini yaşamış bir bacı iki qardaşın
qismətinə düşən
iztirablardan bəhs edir. Düşmən əhatəsində qalan qardaşlar əsirlikdənsə intihara
üstünlük verirlər.
Təəssüf ki, nə «Haray», nə də balaca Muradın cəbhədə göstərdiyi
igidlikdən bəhs edən, nikbin sonluqlu «Ağ atlı oğlan» bədii lenti Azərbaycan hüdudlarını
aşaraq bizim həqiqətləri olduğu
kimi çatdıran ekran əsəri səviyyəsində olmadığından
bu filmlərə elə özümüz baxmaqla kifayətlənirik.
Deməli, bu mövzuya
yenidən qayıtmağa,
bədii təsir gücü ən azı «Şərikli çörək» qədər
olacaq filmlərə ehtiyac var.
«Dərs» filmi
2015-ci ildə istehsal olunub. Rafiq Əliyevlə Cavid
Təvəkkkülün filmi
artıq müxtəlif
kino festivallarında göstərilir. Film 7-ci sinif şagirdlərinin qarşılıqlı münasibətindən,
onların məktəbdən
müstəqil həyata
daşıyacaqları insanlıq
sınağından necə
keçdikləri barədədir.
Üstəlik, bu günün şəhər
uşaqlarının düşüncəsini,
həyata baxışını
əks etdirən Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev və Ayna Zərbəliyevanın
inandırıcı yaratdıqları
zəmanə uşaqları
hamımıza tanışdır.
«Dərs» də
öz növbəsində
biz böyüklərə onları
anlamaq dərsi keçir.
* * *
Baş qəhrəman olmasa da, əsas qəhrəmanları uşaqlar olan filmlər çoxdur. Biz onların arasından 1 İyun - Beynəlxalq Uşaqları Müdafiə Gününün ruhuna daha çox uyğun gələnləri seçdik. Axı, müdafiə də mənası geniş olan kəlmədir. Bizcə, ən böyük müdafiə sevib anlamaqdır. Sevilib başa düşüldüyünü uşaqlıqdan bilənlər güclü olurlar.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 1 iyun.-
S.13