“Hekayəti-xırs
quldurbasan” Londonda maraqla qarşılanıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
yaradıcı heyəti
mayın 28-dən Londonda
qastrol səfərindədir. Səfər çərçivəsində
Azərbaycanın görkəmli
dramaturqu M.F.Axundzadənin
“Hekayəti-xırs quldurbasan”
əsərinin eyniadlı
tamaşası nümayiş
olunub.
Əvvəlcə teatrın direktoru, Əməkdar artist Mübariz
Həmidov çıxış
edərək M.F.Axundzadənin
yaradıcılığı haqqında məlumat verib, onun əsərlərinin
Azərbaycanda və eləcə də ölkəmizdən kənarda
çox sevildiyini diqqətə çatdırıb. “Hekayəti-xırs quldurbasan”
əsərinin məzmunu
haqqında da danışan direktor səhnə əsərinin
insanları güldürərkən,
eyni zamanda da düşündürdüyünü
bildirib.
Sonra Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa təqdim olunub. Tamaşada əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, İlham Əsədov, Elnur Kərimov, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Eşqin Quliyev və Aydın Dəmirov rol alıblar. Səhnə əsəri böyük maraqla qarşılanıb.
Böyük Britaniyada fəaliyyət göstərən
“UMUD Ltd Company”
şirkətinin dəvəti, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə reallaşan qastrol
səfəri iyunun 2-dək davam edəcək.
Mədəniyyət.- 2016.- 1 iyun.-
S.16