Əbədiyyətə qovuşmuş
bəstəkar ömrü
Ramiz Mustafayev - 90
Bəstəkar ömrü heç bir zaman tükənmir. Onun yaratdığı əsrarəngiz musiqi aləmi daima yaşayaraq sənətkarın ömrünü əbədiləşdirir. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, dirijor, pedaqoq, professor Ramiz Mustafayev (1926-2008) də belə böyük sənətkar ömrü yaşamış, milli musiqi mədəniyyətimizə bir-birindən dəyərli sənət nümunələri bəxş etmişdir. Onun kiçik həcmli əsərlərdən - mahnılardan irihəcmli monumental simfonik əsərlərə, operalaradək müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılığı öz yüksək peşəkarlıq səviyyəsi və musiqi dilinin orijinallığı ilə diqqəti cəlb edərək geniş dinləyici kütlələrinin rəğbətini qazanmışdır.
R.Mustafayevin yaradıcılıq fəaliyyəti çoxşaxəli və məhsuldar olmuşdur. Ölkəmizin həyatında baş verən hər bir əlamətdar hadisə onun yaradıcılığında parlaq bədii əksini tapmışdır. 50 ildən artıq davam edən yaradıcılığı dövründə yorulmaq bilmədən çalışan bəstəkar 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 8 simfoniya, 5 vokal-simfonik poema, 300-ə qədər mahnı və romansların, 200-dən artıq xalq mahnısının xor üçün işləmələrinin müəllifidir.
Ramiz Hacı oğlu Mustafayev 1926-cı il oktyabrın 16-da Türkmənistanın Çərcou şəhərində anadan olmuş, 1927-ci ildə onun ailəsi Bakıya köçmüşdür. Atası - tanınmış maarifçi Hacı Naim Mustafa böyük satirik Mirzə Ələkbər Sabirin nəslindən, anası Nabat xanım Əzim isə görkəmli şair Seyid Əzim Şirvaninin nəslindən olmuş, övladlarını milli mədəniyyətə hörmət və məhəbbət ruhunda tərbiyə etmişlər. Bəstəkarın uşaqlıq illəri musiqi təəssüratları ilə zəngin olmuşdur. Mustafayevlərin evində daima tanınmış incəsənət xadimləri - musiqiçilər, aktyorlar, yazıçılar və şairlər toplaşır, xalq mahnıları, muğamlar səslənir, şeirlər oxunurdu. R.Mustafayevin belə bir mühitdə tərbiyə olunması gələcəkdə onun teatr və musiqi sahəsinə yönəlməsinə, bəstəkarlıq yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərmişdir.
O, bəstəkarlıq sənətinə aktyorluqdan gəlmişdir. R.Mustafayev,
1941-ci ildə Teatr Texnikumunun
Aktyorluq şöbəsinə daxil olduqdan sonra M.Qorki adına Gənc
Tamaşaçılar Teatrında və M.Əzizbəyov
adına Akademik Dram
Teatrında aktyor kimi
çalışmışdır. Bununla paralel olaraq, A.Zeynallı
adına Musiqi Texnikumunda
təhsil almağa başlayır və klarnet alətində ifa
etməyi öyrənir. R.Mustafayevin həmçinin
gözəl səsi var idi.
Vokal sənətinə olan
həvəsi onu Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasına gətirib
çıxarır. 1948-ci
ildə Azərbaycan
professional vokal məktəbinin
banisi Bülbülün
sinfinə daxil olur.
Tələbəlik illərində bəstəkarlığa
da meyl göstərir,
Azərbaycan şairlərinin
sözlərinə bir
sıra mahnılar yazır. Bəstəkarlıqla ciddi məşğul olmağı qərara alaraq 1952-ci ildə konservatoriyanın Bəstəkarlıq
fakültəsinə, görkəmli
pedaqoq, professor Boris Zeydmanın sinfinə daxil olur. Konservatoriyanı bəstəkar kimi bitirən R.Mustafayevin vokal sənətinə olan marağı sayəsində onun yaradıcılığında vokal musiqi janrları
daha geniş yer tutur. Diplom işi kimi təqdim etdiyi birpərdəli “Şirin” operasından sonra “Vaqif”, “Aydın”, “Polad”, “Xan və əkinçi”
operalarını, “Tərs
keçi” uşaq operasını yazır. Bu sırada bəstəkarın
ən uğurlu səhnə əsəri Səməd Vurğunun eyniadlı dramı əsasında yazılmış
“Vaqif” operasıdır.
“Vaqif” operasını
yazmaq ideyası onda hələ dram teatrında çalışdığı
illərdə yaranmışdı. Bəstəkarın
özü bu barədə xatirələrində
belə deyir: “Bir dəfə teatrda S.Vurğunun “Vaqif” dramında Əli bəy rolunun ifaçısı İ.Dağıstanlı xəstələndiyinə
görə həmin rolu oynamağı mənə tapşırdılar.
O gündən etibarən
S.Vurğunun bu ölməz əsəri qəlbimə hakim oldu. Məndə bu əsəri opera şəklinə salmaq arzusu yarandı. Öz arzumu gerçəkləşdirmək
üçün mən
bəstəkar olmağı
qəti şəkildə
qarşıma məqsəd
qoydum”.
“Vaqif” operasına görə o, 1962-ci ildə
gənc bəstəkarların
Ümumittifaq müsabiqəsində
laureat adına
layiq görülmüşdür.
Bəstəkarın musiqili komediya sahəsində fəaliyyəti
də diqqətəlayiqdir. Onun “Axırı
yaxşı olar”, “Xəsis” (həmmüəllif
Vasif Adıgözəlov),
“Qonşumuzda bir oğlan var”, “Məsmə xala dayımdır” musiqili komediyaları tamaşaçıların
rəğbətini qazanmışdır.
Ramiz Mustafayevin
bəstəkar kimi yaradıcılıq simasını
müəyyənləşdirən digər aparıcı sahə xor musiqisidir. 50 ilə yaxın bir dövrdə Azərbaycan Dövlət Televiziyası və Radiosunun xorunda əvvəl xormeyster, daha sonra baş
dirijor və bədii rəhbər kimi çalışan bəstəkar bu janrda bir sıra
sanballı əsərlər
yazmışdır. Onun
“Ana”, “Hüseyn Cavid”,
“Nəriman Nərimanov”,
“İnam”, “Mənim müasirim”, “Salatın”, “Nizami”, “Məhəmməd
və Leyla” oratoriyaları; “Haqq sənlədir”, “Səməd
Vurğun”, “Kür-Abşeron”
kantataları; “Bu qan yerdə qalan deyil!”, “Nədən yarandın”, “Füzuli” vokal-simfonik poemaları milli xor sənətimizin
nailiyyətlərindən sayılır.
O həm milli musiqimizi sevən, doğma torpağımızın
gözəlliklərini vəsf
edən sənətkar,
həm də vətənin müdafiəsi
uğrunda səfərbər
olan əsl vətəndaş idi. Onun monumental vokal-simfonik yaradıcılığı
xalqımızın azadlıq
mübarizəsini əks
etdirən dəyərli
sənət nümunələridir.
Bu qəbildən bəstəkarın 1992-ci ildə
Xalq şairi Nəbi Xəzrinin “Rekviyem”i əsasında yazdığı “Salatın”
oratoriyasını xüsusilə
qeyd etmək lazımdır. Qarabağ
müharibəsində qəhrəmancasına
həlak olmuş igid azərbaycanlı qızı, jurnalist Salatın Əsgərovaya
həsr olunmuş əsər ilk dəfə
1992-ci il yanvarın 9-da radioda səslənmiş, daha sonra həmin ildə Azərbaycan Bəstəkarlar İttifaqının
“Şəhidlər” mövzusuna
həsr olunmuş plenumunda ifa edilmişdir.
R.Mustafayev bəstəkarlıq və
dirijorluqla yanaşı,
təcrübəli pedaqoq
və musiqi xadimi kimi tanınmışdır. Bakı Musiqi
Akademiyasının və
Azərbaycan Milli Konservatoriyasının professoru
kimi gənc musiqiçi kadrların yetişməsində əlindən
gələni əsirgəməmişdir.
Ramiz Mustafayev
1957-ci ildən Azərbaycan
Bəstəkarlar İttifaqının
üzvü, sonralar təşkilatın idarə
heyətinin üzvü,
“Musiqili səhnə əsərləri” bölməsinin
sədri kimi fəaliyyət göstərmişdir. 2008-ci il aprelin 10-da dünyasını dəyişmişdir.
Unudulmaz bəstəkarın anadan olmasının 90 illik yubileyi bu ay respublikanın musiqi ictimaiyyəti tərəfindən
təntənəli şəkildə
qeyd ediləcək. Musiqi festivalı şəklində
keçiriləcək yubiley
günlərində Opera və
Balet Teatrında bəstəkarın “Vaqif”
operası yenidən tamaşaya qoyulacaq, Azərbaycan Dövlət Filarmoniyasında onun simfonik və xalq çalğı alətləri orkestrləri
üçün əsərləri
səslənəcək, Dövlət
Mahnı Teatrında populyar mahnıları ifa olunacaq. İllər ötsə
də, Ramiz Mustafayevin ecazkar musiqisi daima səslənəcək və
qəlbləri fəth
edəcək.
Sevda Hüseynova
musiqişünas, Azərbaycan Bəstəkarlar
İttifaqının baş məsləhətçisi
Mədəniyyət.- 2016.- 2
noyabr.- S.14.