Anadangəlmə aktyor
Ayrıca bir sənət odası, sənətkar
“ada”sı yaradıb getmiş
Əliağa Ağayev...
Bu biçimli sənətkarlar haqda danışmaq asandı, yazmaq çətin. Çünki nitqdə bütün hiss-həyəcanları vermək olur, yazı-pozuda yox. Bu məqamda böyük rus tənqidçisi Belinskinin bir qənaəti düşür yadıma: “Hər hansı bir musiqi haqda saatlarla danış və ya uzun-uzadı yaz, - müsahibin, oxucun səni istədiyin qədər anlamayacaq. Lakin sən onu bircə kərə səsləndir!..”
Deməli, Əliağa Ağayevi sevgiləyib-öygüləmək məqsədinə yetmək üçün filmlərə baxmaq, lent yazılarını dinləmək gərək...
Amma elə məqamlar da var ki, onları yalnız yazıb-oxumaq lazım.
Belə ki:
Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub, 3 noyabr 1983-də vəfat edib.
Azərbaycan komediya aktyorluğunun parlaq simalarından biri, milli teatr tariximizdə heç kimsəyə nəsib olmayan duzlu danışığa, cəlb-cəzbedici jestlərə, qeyri-adi səsə, bənzərsiz tamaşaçı ovsununa malik olan bu sənətkarda yeganə çatışmazlıq ali təhsilsizlik, bəzi teatrşünasların “qəribə” xoşovqat ifadələrilə desək, “savadsızlığı” idi. Bəs “necə”?! Uşaqkən ata-anasını itirmiş Əliağa 17 yaşında 7-ci sinfi bitirib, gəmi təmiri zavodu nəzdindəki sənət məktəbinə keçməli olur. İki il sonra çilingərliyə başlayır və zavodun dram dərnəyinə yazılır. 1936-cı ildə Gənc Tamaşaçılar Teatrına dəvət alır, “Kapitan Qrantın uşaqları” tamaşasındakı ilk rolu ilə fitri istedad sahibi olduğunu sübut edir və ardınca silsilə rollar yaradır.
“O olmasın, bu olsun" bədii filmində yaratdığı Məşədi İbad obrazı ilə bütün SSRİ-də şöhrətlənən aktyor 22 il çalışdığı Akademik Milli Dram Teatrında, sözün əsl mənasında tarix yaradır. Bu bənzərsiz komedist burada oynadığı ən ciddi obrazlar adıyla çağırılmaqdan da “yaxa qurtara bilmir”: Vasin (“Tanya”), Nağı ("Közərən ocaqlar”), Keşiş Bazilo (“Bu qadın mənimdir”), Divanbəyi (“Xırs quldurbasan”) və s.
Bu nəhəng aktyorun böyük ekranda yaratdığı və səsləndirdiyi yüzlərlə obraz isə bütün xalqımıza gün kimi aydındır deyə, onlardan bir neçəsinin adlarını xatırlatmaqla kifayətlənirəm: “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Bizim Cəbiş müəllim”, “Dərviş Parisi partladır”, “Əhməd haradadır?”, “Görüş” və s.
Bütün bunlar “mürəkkəb” sənətdə...
Bəs “adi” həyatda?..
Böyük sənətkarımızın qızı Gülçin Ağayevanın zaman-zaman dövri mətbuata verdiyi müsahibələrdə belə bir major-minor məqam da var: “Atam son məclislərin birində elə ürəkdən güldü ki, ürək damarlarından biri qırıldı və...”
Deməli, bu sənətkar tək elə sənətdə yox, həyatda da son dərəcə təbii, doğal imiş. Və deməli, “qeyri-ciddi” komediya janrında da ciddi ümumxalq zövqü oxşamaq, sənətin bu “yüngül” paraqraflı bölümünə də xalqda ağırbatman münasibət oyatmaq mümkünmüş. Onun haqqında deyilən “Bu sənətkar heç bir “artistliyə” yol verməyən aktyor idi”, “Belə sənətkarların yaradıcılıq xüsusiyyətləri uzun-uzadı təhlillərə əl verməz; onları lent yazılarından beş-on dəqiqə dinləmək, ekranlarda beş-üç epizod izləmək kifayətdir” kimi qənaətlər də ki, tamamilə səmimiymiş...
Atasının hədsiz ailəcanlılığından ötəri danışmağı lazım bilən Gülçin xanım bütün gələcəklərə rəğbət-məhəbbət vizası qazanmış Əliağa Ağayevlə bağlı “giley” fəslinə keçir: “Xalq onu elə çox istəyirdi ki, biz dükan-bazar üzünə həsrət qalmışdıq. Xüsusilə, “O olmasın, bu olsun” filmi ekranlara çıxandan sonra! Bir də görürdün kimsə qabağını kəsdi və... Biz iki-üç saat bazarlıq edib qayıdanda görürdük ətrafına bir “kolxozluq” adam yığışıb...
Atam bizim təhsil məsələmizdə də çox ciddi idi. Həmişə deyərdi yalnız özünüzə güvənin, fikirləşməyin ki, atamız məşhur adamdı - bizə qiymət yazdırar. İşə-gücə ictimai nəqliyyatla gedib-gəlirdi. Amma başqalarına çox kömək eləyib. Əliabbas Qədirov danışırdı ki, “bizim Əliağa əmimiz” aldığımız qonorardan “bir abbası”nı da “ora-bura” xərcləməyə qoymazdı. Deyirdi, hamısını aparın verin ailənizə. İşdir, iştahanızdan “birşey-mirşey” keçsə, gəlin yanıma, deyin, “məşədi, bir 10 manat, 40-50 manat ver, gedək “araq-çaxır” bəyin atasını yandıraq...”
O, hamıya “əmi”lik edərdi. Bunun bir səbəbi
də, anasını
2, atasını isə
5 (1918-ci ildə ermənilər
öldürüblər) yaşında
itirməsi, çətin
yetimlik həyatı yaşaması idi. Ermənilər Tiflis azərbaycanlılarını
qırmağa başlayanda
babam onların dilində danışa bildiyi üçün sağ qalıb və dərhal Bakıya köçüblər.
Day xəbərləri yoxmuş ki, burda vəziyyət ordakından da gərginmiş. Nəysə...
Həmişə mənə deyərdi
“sən mənim həm qızımsan, həm anam, həm də bacım”.
Qardaşımla mənə bircə qadağası bu oldu ki, incəsənət
sahəsinə getməyi
heç ağlımıza
da gətirməyək. Bu səbəbdən də, qardaşım Vaqif İncəsənət İnstitutunun
(ADMİU-nun) rejissorluq fakültəsinə
atadan xəbərsiz daxil oldu və
bu “sirr”i diplomu alanda açdı. Atam isə, əvvəl gülümsündü, sonra,
sanki onun həyat səhnəsindəki
“tərəf-müqabil”iymiş kimi, dedi: “Sən
bu sirri məndən düz dörd il məxfi
saxladın, mən isə bundan xəbər tutduğumu səndən ömrüm boyu gizli saxlayacağam.
Yaxşı, day keçib,
xeyirli olsun...”
Bu məqamda, böyük
ustadın ovaxtlar ictimai atmaca kimi formalaşmış “bülbül - üstündə
fil” deyiminə adekvat istedadını ehtiva edən bir haşiyə. 1980-ci il. Azərbaycan radiosu Ədəbi-dram baş redaksiyasının
“Satira və yumor” şöbəsində
dinləyiciyə çatıb-çatmama
problemi olan “Kişilərin “yaddaş”
çaşı” adlı
bir səhnəciyi hansı aktyora həvalə etmək müzakirəsi gedir. Sonda belə bir ümumi
rəyə gəlinir
ki, material Əliağa
Ağayevə verilsin.
Zəng çalıb
məsələni aktyora
izah edir, yazılışın sabah saat 10.00-da başlanacağını bildirir
və ondan (əlbəttə, özünəməxsus
tonda) belə bir cavab eşidirik:
“Narahat olmayın, yadımdan çıxmasa,
saat 9.59-da ordayam!” Mətn onun evinə göndərilir, sabahısı qocaman aktyor vaxtından yarım saat əvvəl studiyaya gəlir və aşağıda ixtisarla verdiyim səhnəciyi öz improvizəsilə necə səsləndirirsə,
öz fikir-xəyal, qələm-redaktəmizlə hazırladığımız
bu səhnəciyə
yeni, ekspromt bir əhvalatmış kimi uğunuruq: “...Aman-aman, axır vaxtlar yaddaşım yaman zəifləyib! Əşi, neçə gündü səhərlər evdən
çıxanda arvad mənə bərk-bərk
tapşırır ki,
axşam işdən qayıdanda girim dükana, onunçün bir tufli alım.
Mən fağır da elə helə
edirəm; hər axşam neçə-neçə
mağazaya girirəm,
bütün ayaqqabılara
göz gəzdirirəm,
ən qəşəngini
seçirəm, mat-mat baxıb
canı-dildən bəyənirəm,
di gəl ki, cibimdən pul çıxarıb almaq vaxtı gələndə hər şey yadımdan çıxır!..”
Çox
vaxt bu aktyorun
səsi səhnəyə
özündən əvvəl
“daxil” olurdu və bu obraz-Səsə
sürəkli alqışlar
qopurdu...
Səhnəmizin bu təbii “as”ı, sözün ən müsbət çalarında “kollu koxası”, dünyasını
dəyişənədək par-par parıldayan sənət kotanı işləməkdən,
yaratmaqdan yorulmurdu. Həkimlər ömrünün son on ilini
xəstəliklə də
mübarizə aparmış
bu azmana “sənə işləmək
olmaz” deyirmişlər,
o isə “mən işləməsəm, ölərəm”
deyirmiş. Vəziyyət
isə, qızının
dediyi kimi olub; bütün ömrü uzunu xalqı qəşş edincəyədək güldürmüş
bu xoşovqatlıq mücəssəməsi dostları
ilə keçirdiyi yığıncaqların birində
“...elə ürəkdən
güldü ki, ürək damarlarından
biri qırıldı
və dünyasını
dəyişdi...”
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 2
noyabr.- S.13.