“Buradan
özümlə qucaq
dolusu sevgi aparacağam...”
Xursənd Şerov: “Azərbaycanın muğam
sənəti, musiqiçiləri,
rəssamları Özbəkistanda
hər zaman yüksək dəyərləndirilir”
Xəbər verdiyimiz kimi, Özbəkistan müğənnisi
Xursənd Şerov dünya şöhrətli
Azərbaycan musiqiçisi,
SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin şərəfinə
Daşkənddən ölkəmizə
velosipedlə yürüş
edib. O, Səmərqənd, Buxara, Xivə şəhərlərini keçərək
Türkmənistana, oradan
da Bakıya gəlib.
Özbək ifaçı ilə paytaxtımızda görkəmli
fırça ustası
Əyyub Hüseynovun
100 illik yubileyinə həsr edilən sərgidə görüşüb
həmsöhbət olduq. Müsahibim
əvvəlcə ölkəmizin
müstəqilliyinin 25-ci ildönümü
münasibətilə xalqımıza
xoş arzularını
çatdırdı, sonra
Azərbaycana səfər
etmək ideyasının
yaranmasından danışdı:
- Azərbaycanın əfsanəvi
müğənnisi Müslüm
Maqomayevin xatirəsinə
həsr etdiyim tarixi İpək Yolu üzrə səyahətim Bakıda tamamlandı. Ən böyük arzularımdan
biri korifey sənətkarın məzarını
ziyarət etmək və onun ölməz
mahnılarını oxumaq
idi. Bu çətin
və şərəfli
səfərimin reallaşmasında
mənə kömək
edən insanlar az olmadı.
Azərbaycanın Özbəkistandakı
səfirliyinin nəzdindəki
Heydər Əliyev adına Mədəniyyət
Mərkəzində bu
səfərə çıxmağımla
bağlı mərasim
keçirildi. Onlar mənə
böyük dəstək
oldular. Buna görə mərkəzin
direktoru Samir Abbasova xüsusi təşəkkür edirəm.
- Bakı ilə tanış ola bildinizmi?
- İnanılmazdır, mən Bakıdayam və 2500 km yol qət etmişəm. Sübh çağından
Bakını velosipedlə
gəzirəm və şəhər məni heyran edir. Səfərimdən çox məmnunam.
Mənim
dostlarım və tələbələrim burada
olmuşdular və Azərbaycan, Bakı haqqında ağızdolusu
danışırdılar. Bir gün buraya gəlmək istəyimlə,
özümə ustad saydığım Müslüm
Maqomayevə həsr etdiyim ideya üst-üstə
düşüncə necə
şad olmayasan. İnsanların xoş rəftarı,
isti münasibət - özümü doğma evimdəki kimi hiss edirəm. Azərbaycan və Özbəkistan
həmişə yaxın,
qardaş ölkə olublar. Qoy, bu dostluq, qardaşlıq əbədi
olsun. Burada çoxlu dostlarım
var. Bizi mədəniyyətimiz,
ortaq dəyərlərimiz
daha da yaxınlaşdırır.
- Azərbaycanın mədəniyyəti
haqqında əvvəldən
məlumatınız vardımı?
- Mən Azərbaycan
mədəniyyəti, incəsənəti
haqqında çoxdan
məlumatlıyam. Teatr İnstitutunu bitirmişəm
və Üzeyir Hacıbəylinin “Arşın
mal alan”ında Əsgər bəyi oynamışam. Azərbaycanın muğam sənətini,
musiqiçilərini, rəssamlarını
yüksək dəyərləndiririk.
Özbəkistanda ölkənizin tarixini
çox yaxşı bilirlər. Nizami, Füzuli, Nəsimi,
Səməd Vurğun,
Nəbi Xəzri və başqa şairləriniz bizdə yaxşı tanınır.
- Bölgələrimizi gəzmək
imkanınız olubmu?
- Sovet dövründə hərbi xidmət zamanı azərbaycanlı
dostlarım var idi. Onların sayəsində Lənkəran,
Naxçıvan, Zaqatala,
Gəncə haqqında
müəyyən təsəvvürlərim
yaranmışdı. Sonralar çalışdığım
teatrla Azərbaycana qastrol səfərlərinə
də gəlmişdim.
Amma bu gün Bakı
tamam başqa bir şəhərdir.
Dənizkənarı bulvar, küçələr,
istirahət parkları
göz oxşayır.
İnsanlar Səmərqənddən olduğumu biləndə şəhərimiz haqqında
yüksək fikirlər
söyləyirlər. Mən də bu xoş
sözlərin qat-qat artığını Bakıya
həsr edirəm.
- Hazırda Özbəkistanda
hansı işlə məşğul olursunuz?
- Ali təhsilimi Daşkənddə
almışam. Özbəkistan Dövlət Televiziyasında
və teatrda çalışmışam. Hazırda “Registan” folklor kollektivinin rəhbəriyəm.
- Bugünkü sərgi haqqında düşüncələriniz
də maraqlı olardı.
- Nümayiş olunan rəsm əsərləri
ilə tanışlıqdan
bu nəticəyə gəlirəm ki, həqiqətən də,
incəsənətimiz çox
yaxındır. Onu da qeyd edim ki,
bizdə bu gün də toylarda, el şənliklərində
Azərbaycan mahnıları
daha çox ifa edilir. Dilimizdə əzbər olan belə nəğmələrdən biri
də musiqisi Emin Sabitoğluna aid olan “Şirin dil” mahnısıdır.
- Yenidən Azərbaycana
gəlmək arzunuz varmı?
- Özümlə Azərbaycan
və Bakıdan çoxlu foto-video materiallardan əlavə, bir də qucaq
dolusu sevgi aparacağam. O sevgi ki, bizim dostluğumuzu,
qardaşlığımızı daha da möhkəmləndirir.
Təbii
ki, yenə buraya gəlmək istərdim. Fikirlərimi
ustadım Müslüm
Maqomayevin ifa etdiyi ən populyar mahnının bu sözləri ilə bitirmək istərdim: Ey əziz anam, Azərbaycan! Sənə bağlıyam, Azərbaycan!
Bakı, mən səni sevirəm!
Qeyd edək ki, Xursənd
Şerov Azərbaycan mədəniyyətinin və
musiqisinin təbliği
sahəsindəki xidmətlərinə
görə Daşkənddəki
Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin
fəxri fərmanına
və xüsusi mükafatına layiq görülüb.
Lalə Azəri
Mədəniyyət.- 2016.- 2
noyabr.- S.10.