Ankarada müstəqilliyimizin 25 illiyi münasibətilə tədbirlər

 

 

Bir millət, iki dövlət” düşüncəsi ilə

 

Oktyabrın 28-də Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) təşkilatçılığı ilə Ankarada Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuşİyirmi beş ildə “Bir millət, iki dövlət” düşüncəsinin təsirləri” mövzusunda konfrans keçirildi.

Tədbirdə Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları, ziyalılar, elm xadimləri, diaspor təmsilçiləri, QHT və media nümayəndələri iştirak edirdi.

Əvvəlcə Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. İki ölkənin dövlət himnləri səsləndirildi.

TADDEF-in fəxri sədri Yücel Artantaş, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ramil Qurbanov, Türkiyənin sabiq xarici işlər naziri Murat Karayalçın, professor Aygün Attar və başqaları məruzələrlə çıxış etdilər.

Çıxışlarda dövlətçilik tariximiz, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, fəaliyyəti və süqutu, XX əsrin sonlarında dövlət müstəqilliyimizin bərpası, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, onun müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsindən bəhs olundu.

 

70 il gözlənilən “25 ilin sevinci

 

Oktyabrın 29-da Azərbaycan müstəqilliyinin 25 illiyi Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü ilə birlikdə daha bir tədbirlə qeyd olundu. Azərbaycanın Türkiyədəki səfirliyinin və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) təşkilatçılığı ilə keçirilən mərasimdə əvvəlcə Azərbaycan haqqında sənədli film nümayiş olundu.

TADF-in rəhbəri Bilal Dündar iki anlamlı tarixin bir arada qeyd edilməsini yüksək qiymətləndirdi və bildirdi ki, Türkiyə və Azərbaycan dünyada bənzəri olmayan qardaş dövlətlərdir. O, iki ölkənin tarixin çətin anlarında bir-birilərinə yardım etdiklərini dilə gətirdi.

Ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov Azərbaycanın azadlıq və müstəqillik yolu, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik xəttinin bu gün layiqincə davam etdirilməsi, Azərbaycanın müasir inkişafı barədə geniş məlumat verdi.

Ankara Azərbaycan Evi Dərnəyinin sədri Erdoğan Çeçen Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasını tarixi nemət kimi dəyərləndirdi və Atatürk dövründən bu yana Azərbaycan-Türkiyə əlaqələrində təmənnasız münasibətlərdən faktlarla danışdı.

Professor Aygün Attar çıxışında Azərbaycan-Türkiyə dostluğundan bəhs etdi. “25 ildə Azərbaycanda çox hadisələr yaşandı” deyərək bu illər ərzində ölkəmizin keçdiyi tarixi proseslərə qısa nəzər saldı: “Torpaqlarımızın 20 faizi işğal olundu. Amma buna baxmayaraq Azərbaycan beynəlxalq aləmdə ən mötəbər tədbirlərə ev sahibliyi edir, dünyanın önəmli tribunalarından Azərbaycan həqiqətləri də səslənir”.

Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Qurumunun (YTB) başqanı Kudret Bülbül hər zaman dostqardaş ölkənin yanında olmaqdan qürur hissi keçirdiklərini dilə gətirdi. Bildirdi ki, YTB olaraq ən çox təqaüd Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə verilir. O, qurumun xətti ilə Azərbaycan şairlərinin əsərlərinin türk dilinə çevrilməsindən də söz açdı. Çıxışının sonunda dediyiBu 25 ili biz 70 il gözlədik” sözləri zalda böyük coşqu ilə qarşılandı.

Qeyd edək ki, hər iki tədbirin sonunda iştirakçılara “Heydər Əliyev” və “İlham Əliyev” bioqrafik nəşrləri, “İrs-Miras” beynəlxalq jurnalının nüsxələri, ölkəmizlə bağlı digər nəşrlər təqdim edildi.

 

M.Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.10.