Tanınmış kino xadimi Rasim İsmayılovun yubiley gecəsi

 

 

Oktyabrın 28-də Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə tanınmış kinooperatorkinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Rasim İsmayılovun 80 illiyinə həsr edilmiş xatirə gecəsi keçirildi.

 

Dövlət Film Fondunun foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotoşəkillər sərgilənmişdi. Xatirə gecəsi sənətkarın həyat və yaradıcılığından bəhs edən video-slaydın nümayişi ilə başladı.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək sənətkarın həyat yolundan və fəaliyyətindən danışdı.

Qeyd etdi ki, R.İsmayılov 13 iyul 1936-cı ildə Bakıda dünyaya göz açıb. 1963-cü ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi əmək fəaliyyətinə başlayıb. 1977-ci ildən etibarən bir neçə bədii filmin quruluşçu rejissoru olub: “Rasim İsmayılov həqiqətən novator bir sənətkar idi. O, başında olarkən sadəcə kino çəkmirdi, bir rəssam kimi sənət əsəri yaradırdı...”

Əməkdar artist Elxan Qasımov kino xadiminin yaradıcılığından bəhs edərək bildirdi ki, R.İsmayılovun fəaliyyəti Azərbaycan kinosunun “qızıl dövrü”nə təsadüf edib. O, “Axırıncı aşırım”, “Dədə Qorqud”, “Gün keçdi”, “Xoşbəxtlik qayğıları”, “Möcüzələr adası”, “Yeddi oğul istərəm”, “Yenilməz batalyon” və digər ekran əsərlərinin ərsəyə gəlməsində layiqli xidmətlər göstərib: “Çox şadam ki, belə bir sənətkarla yaxın dost olmuşam. Onun operator kimi lentə aldığı “Axırıncı aşırım” filmində çəkilmişəm”.

Tədbirdə daha sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Xalq rəssamı Rafiz İsmayılov, bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova, əməkdar incəsənət xadimləri Kənan Məmmədov, Rafiq Quliyev, Aydın Kazımzadə çıxış edərək Rasim İsmayılovla bağlı xatirələrini bölüşdülər.

Sonda sənətkarın həyat yoldaşı Nadejda İsmayılova çıxış edərək tədbirin təşkilatçılarına və qonaqlara dərin təşəkkürünü bildirdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.7.