«Xalam-bundu» - bütün subaylara nəsib olsun!

 

 

Bir ailəni təsəvvürünüzə gətirin: sovet dövründə hakim ideologiyaya səmimi qəlbdən inanıb, həyat tərzində həmin dövrün, sovet adamının əxlaq kodeksinin maddələrinə birər-birər əməl edib.

 

Kişi - Fyodor Timofeyeviç Kuropatov afrikaşünas alim, professor, onun arvadı Lidiya Nikolayevna isə Ticarət İnstitutunda elmi kommunizm fənnini tədris etmiş, qatı leninçi-marksist dosent, yeganə oğulları Kostya isə mikrobioloq-mikoloq (biologiyanın göbələkləri öyrənən sahəsi), elmlər namizədidir. Nəvələri Yelena isə nənəsinin XVIII-XIX əsr əxlaq normalarına uyğun tərbiyə edib böyütdüyü saf, sadə bir mühasibdir. Aha, bəs bu qızın anası hanı? Əlbəttə, anası da var. Amma həyat yoldaşı ilə boşanma vəziyyətində olan, İstanbuldan gətirdiyi mallarla bazarda alver edən Marina qayınata qayınanasının düşüncəsində sosialist əxlaqına zidd bir ünsürdür. Əgər bu ailə erkən kapitalizm dövründə yaşamağa məhkum olmasaydı, mənəvi dəyərlər siyahısı baş-ayaq olmasaydı, yəqin ki, «Xalam-bundu, yaxud məhəbbət girovları» yaranmayacaqdı. Əslində, rus yazıçı-dramaturqu Yuri Polyakov postsovet məkanı üçün tanış bir mövzuya toxunub. Amma necə?... Bəli, zəmanə elə gətirib ki, keçmiş dosent Lidiya Nikolayevna (Xalq artisti Aleksandra Nikuşina) boş şüşə yığmaqla, oğlu bioloq Konstantin (Xalq artisti Səfa Mirzəhəsənov) isə ayıq vaxtlarda göbələk yığmaqla çörək pulu qazanmağa çalışır. Marina (Əməkdar artist Mələk Abaszadə) isə "zamanın nəbzini" tutmağı bacaranlardandır. Sadəcə, onun tutduğu nəbz bir qədər zəifdir. Alverçilikdən uzağa gedə bilmir.

Bu durumu göz qarşısında canlandıranda adama elə gəlir ki, bu əsər komediya yox, faciə olmalıdır. Bəs nədən komediyadır? Ona görə ki, Kuropatovlar ailəsində - artıq qocalmış Fedya babadan, Lida nənədən savadlı gözəl nəvə Lenayadək - kimsə düşdükləri şəraiti düzgün qiymətləndirmir, öz biliklərini, intellektlərini loru dildə desək, sata bilmirlər. Digər tərəfdən, tərəfdaşına xəyanət etmiş, indi öz fərsiz cangüdəni Bolik (Yaroslav Trifonov) ilə birlikdə keçmiş mühasibinin evində gizlənən biznesmen Yuri Yuryeviç Vladimirsev (Oleq Əmirbəyov) hər şeydən pul çıxarmağı bacarsa da, kəmsavadlığından böyük pulları elmi yeniliyə yatırmaqla daha böyük sabit qazanc götürməyin mümkünlüyünü dərk eləmir.

İkihissəli tamaşa boyunca çox maraqlı postsovet məkanı üçün xarakterik olaylar baş verir. Müəllif bir ailənin timsalında dövrün mənzərəsini yaradır.

Fyodor Timofeyeviç düşünür ki, onun Afrika barədə bilikləri artıq kimsəyə gərək deyil. Halbuki Yuri Yuryeviçin üzv olduğu «Safari» klubunun üzvlərinin alimdən məsləhət almağa ehtiyacı var...

Kostya on beş il əziyyət çəkib ixtiralar etdiyi laboratoriyasının kazinoya satıldığını eşidən gündən içkiyə qurşanıb, halbuki öz ixtirasını bir fərasətli yerli, ya da əcnəbi adamına sata bilərdi

O ki qaldı Lenaya (Mariya Dubovitskaya)... Bu qəşəng ağıllı qız öz müdirinə aşiq olsa da, onun zövqünü necə oxşayacağını, sevgisini necə bəyan edəcəyini bildirmir. Əslində qızın işsizlik üzündən düşdüyü depressiyanın kökündə cavabsız məhəbbət qısqanclıq dayanır. Bütün bunlar pyesin mətnində, personajların dilində yoxdur. Sadəcə, onların davranışı tamaşaçıya bunu anladır.

Lakin müəllif öz qəhrəmanlarını iki gün ərzində bir mənzildən çıxmadan elə olaylardan keçirir ki, pul qazanmağı bacaranlar bu işi elmə arxalanaraq, elmi olanlar isə müasir şəraitə uyğun olaraq maddi imkan sahibinə müraciət etməklə istədiklərinə çata bildiklərini anlayırlar.

Diqqətli oxucu soruşa bilər: bəs pyesin adındakıXalam-bundunecə oldu? Yooxxx... Kimsənin burada xalası yoxdur. Bu, müəllifin təxəyyülündə yaranmış tunqay adlı Afrika tayfasının toy mahnısının sözləridir. Fedya babanın sitat gətirdiyi professor Kornuell bu mahnını belə tərcümə edir: «Şir ovlamaq qadını əzizləmək - əsl kişi üçün xoşbəxtlikdir». Kuropatovların evinə basqın edən tunqay tayfasının başçısının oğlu Batualla (Zaur İsgəndərov) onların totem kimi səcdə etdiyi şiri öldürmüş Yuri Yuryeviçi edam etməlidir ki, tayfanın zərər görmüş ruhu saflaşaraq onlara qayıtsın. Bu yerdə 38 il əvvəl Afrikaya ezamiyyət zamanı Böyük Başçı İatualla ilə görüşmüş, hətta onun rəğbətini qazandığı üçün mənəvi övladlığa götürülmüş Fyodor Kuropatov ruhun qayıdışı üçün daha bir yolun olduğunu xatırladır: tunqay tayfasından bir qız Yuri ilə evlənməlidir. Heç bir tunqay gözəli isə bu «yaramaz adama» ərə getmək istəməz! Amma Yelena Kuropatova da bir növ bu tayfadan sayılır, hər necə olsa, babası Böyük Başçının oğulluğudur axı...

Beləcə, hər şey xoş sonluqla bitir. Tunqaylar da sakitləşir, Yelena son günlər ona aşiq olan Yuriyə ərə gedir, Marina ilə Kostya barışır, göbələk biznesinin təməli qoyulur, iki gündən bəri proletar mənşəli Kuropatovları zorla zadəgan etməyə çalışan əsilzadə Sergey Artamanoviç (Əməkdar artist Fuad Osmanov) da niyyətinə çatır: yalandan zadəgan olmaq istəməyən professor Kuropatov tunqay tayfa başçısının oğulluğu sayıldığından zadəganlığı ilə barışır.

Həmişə olduğu kimi, S.Vurğun adına Rus Dram Teatrının bu tamaşasında da iştirakçıları bir-birindən ayırmaq, kimin öz rolunun öhdəsindən daha yaxşı gəldiyini demək çətindir. Çünki Xalq artisti Aleksandr Şarovskinin bu quruluşunda da düzgün rol bölgüsü, aktyorların mükəmməl, inamlı oyunu, gərgin məşqlər, personajların görkəmindəki ən xırda detallar, dekorasiyadakı məntiqi lakoniklik (geyim dekorasiya üzrə rəssamlar - Əməkdar mədəniyyət işçiləri Olqa Abbasova Aleksandr Fyodorov) bitkin tamaşa ovqatı yaradır. Amma qədər olsa, Xalq artisti Məbud Məhərrəmov ilə Əməkdar artist Fuad Osmanovun «Xalam-bundu»ya xüsusi rəng qatdıqlarını deməmək olmaz. Düzdür, Fuad Osmanov dama-dama pencəyi, şişman qarnı uzunburunlu qrimi ilə ötən illərin personajını - mərhum Əliağa Ağayevin oynadığı dramaturq Səftər Əmioğlu tipajını xatırlatsa da, bu uyğunluq keçərlidir. Səftər Əmioğlu qədər dramaturq idisə, monarxist Sergey Artamonov da elə o qədər əsilzadədir.

«Xalam-bundu» tamaşasının seyrçini həm güldürüb, həm düşündürən əsl ailə məzhəkəsi kimi teatrın repertuarında möhkəmlənəcəyinə əminik. O ki qaldı tunqayların toy zamanı oxuduğu mətni anlaşılmaz mahnıya, bircə əlavəmiz var: şirlərə qıymasın, amma «Xalam-bundu» bütün subaylara nəsib olsun!

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 2 noyabr.- S.6.