Türk dünyasını islam dəyərləri ətrafında birləşdirən
mütəfəkkir
Xoca Əhməd Yasəviyə
həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi
Oktyabrın
31-də Milli Kitabxanada XII əsrin məşhur qazax mütəfəkkir
şairi Xoca Əhməd Yasəviyə (1093-1166) həsr
olunmuş beynəlxalq elmi konfrans keçirildi. Konfrans Mədəniyyət
və Turizm Nazirliyi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondu və Azərbaycan Milli Kitabxanasının
birgə təşkilatçılığı ilə
gerçəkləşdi.
Tədbir
iştirakçıları əvvəlcə Fəxri xiyabana
gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini
ehtiramla yad edib, məzarı önünə əklil qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın
da xatirəsi anıldı, məzarı üzərinə tər
güllər düzüldü.
Elmi
konfransı açan Milli Kitabxananın direktoru Kərim Tahirov
bildirdi ki, UNESCO tərəfindən 2016-cı il “Xoca Əhməd
Yasəvi ili” elan edilib. Bugünkü tədbir də türk
dünyasının görkəmli mütəfəkkir
şairinin vəfatının 850 illiyinə həsr olunub.
Konfransda Türkiyə, Qazaxıstan, Makedoniya və TÜRKSOY
təşkilatından nümayəndələr iştirak
edir.
TÜRKSOY-la
birgə həyata keçirilən tədbirlərdən
danışan K.Tahirov qeyd etdi ki, noyabrın 2-də Şəkidə
Yusif Balasaqunlunun 1000 illiyi ilə əlaqədar beynəlxalq
konfrans təşkil ediləcək. Noyabrın 14-də Xalq
şairi Səməd Vurğunun 110 illiyi münasibətilə
İstanbulda beynəlxalq kitab sərgisində tədbir
keçiriləcək, ayın 15-də Ankarada - TÜRKSOY-un
iqamətgahında konfrans və sərgi, 17-də isə
Türkiyə Milli Kitabxanasında tədbir olacaq.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək son dövrlər Azərbaycanda türk dünyasının böyük mütəfəkkirlərinin yubileylərinin keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, Xoca Əhməd Yasəvi türk dünyasını islam dəyərləri ətrafında birləşdirən mütəfəkkirdir. Onun əsərləri bu günümüz üçün də aktualdır və buna görə də çap edilir, irsi öyrənilir.
Vaqif Əliyev 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini, bununla əlaqədar bir çox tədbirlər keçirildiyini, müxtəlif araşdırmaların aparıldığını dedi: “Aparılan araşdırmalar, həyata keçirilən layihələrdə türk xalqlarının ortaq mədəniyyəti bölüşdüklərinin bir daha şahidi oluruq. Ədəbi nümunələrdə türk dünyası klassiklərinin insanları daim qardaşlığa, sülhə, dostluğa səslədiyini görürük”.
TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş tədbirə ev sahibliyi etdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Milli Kitabxanaya təşəkkürünü bildirdi. TÜRKSOY-la Azərbaycanın əməkdaşlığından, o cümlədən Azərbaycan Milli Kitabxanası ilə birgə həyata keçirilən layihələrdən söz açıldı. F.Purtaş Azərbaycanın multikulturalizmin mərkəzi kimi tanındığını vurğuladı.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar türk xalqlarının tarix boyu müxtəlif dinlərə sitayiş etdiyini söyləyərək hazırda onların əksəriyyətinin islam dininə tapındığını dedi. Qeyd etdi ki, Anadoluda islamın yayılmasında Ə.Yasəvi və onun dərvişlərinin böyük rolu olub.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirdi ki, Ə.Yasəvi o xoşbəxt mütəfəkkirlərdəndir ki, vəfatından 850 il ötsə də anılır, əsərləri öyrənilir. Alim-şairin “Divani-hikmət” əsərinin əlyazması UNESCO-nun “Dünya yaddaşı proqramı” tərəfindən qorunub saxlanılır. Vəfatından 223 il sonra Əmir Teymur tərəfindən ucaldılmış məqbərəsi UNESCO-nun Dünya irs siyahısına daxil edilib: “Əhməd Yasəvi böyük fikir adamı, din xadimi, Yasəviyyə nəzəriyyəsinin banisi, türkləri birləşdirən insandır. “İslam seçim, türkçülük taleyimizdir” kəlamı onun vahid türk ideyasına sadiq olduğunu göstərir. Bu gün türkdilli ölkələrdə onun xatirəsi əbədiləşdirilib, Qazaxıstanda Əhməd Yasəvi Universiteti fəaliyyət göstərir”.
G.Əfəndiyeva qeyd etdi ki, Azərbaycan türk dünyasına aid olan mədəni, mənəvi dəyərlərə hər zaman böyük hörmətlə yanaşır: “Yeni yaradılan Türk Mədəniyyəti və İrsi Fondu bu ənənələri davam etdirməyə və öz töhfəsini verməyə hər zaman hazırdır”.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, Əhməd Yasəvi Universiteti idarə heyətinin sədri Musa Yıldız, Milli Məclisin deputatı Qənirə Paşayeva böyük mütəfəkkir şairə həsr olunan elmi konfransı yüksək qiymətləndirdilər. Qeyd edildi ki, Ə.Yasəvi türk dilində yazmaqla yanaşı, milli kimliyin, dini inancın, ənənənin sintezini qura bilib.
Çıxışlardan sonra Əhməd Yasəvi Universiteti tərəfindən nəşr edilmiş kitablar Milli Kitabxanaya hədiyyə edildi. Tədbir iştirakçıları “Türk dünyasının görkəmli ədibi Xoca Əhməd Yasəvi” adlı kitab sərgisi ilə tanış oldular.
Konfransın ikinci hissəsində “Türk dünyasının görkəmli ədibi Xoca Əhməd Yasəvi”, “Xoca Əhməd Yasəvi hikmətlərində sosial məzmunlu ismarışlar”, “Məlumat istehsalı və ötürülməsi baxımından “Divani-hikmət”, “Türk-islam düşüncəsinin simvol ismi Əhməd Yasəvinin mistik fəlsəfəsi”, “Aristan Bap haqqındakı qazax hekayələri” mövzularında yerli və xarici mütəxəssislərin məruzələri dinlənildi.
Lalə Azəri
Mədəniyyət.- 2016.- 2
noyabr.- S.4.