Azərbaycan Radiosu və
Televiziyasının yubileyləri qeyd edilib
Noyabrın 3-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan təntənəli yubiley mərasimi keçirilib. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Tədbirdə əvvəlcə “Radio marşı” səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin Azərbaycan Radiosu və Televiziyasının yubileyində iştirakı zamanı çıxışından bir hissə nümayiş etdirilib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mərasimdə çıxış edib. Radio və televiziyanın Azərbaycan xalqının tarixi inkişafında rolu haqqında danışan Prezidentin köməkçisi deyib ki, bu informasiya vasitələri mətbuatın fərqli forması kimi bir əsrə yaxındır həyatımıza daxil olub.
Azərbaycanda teleradionun
yaranması və inkişafı tarixinə qısa ekskurs edən Ə.Həsənov diqqətə
çatdırıb ki, keçmiş
SSRİ-də ilk radio
verilişi 1924-cü il
noyabrın 23-də efirə buraxılıb. Azərbaycan radiosu isə 2 il
sonra - 1926-cı il noyabrın 6-da yaradılıb.
Qardaş Türkiyədə
radio 1927-ci ildə fəaliyyətə
başlayıb. Azərbaycan bu
sahədə də müsəlman Şərqində
birinci mövqedə dayanır.
Azərbaycanda teleradionun inkişafının
sovet dövrünün,
xüsusilə də ötən əsrin
70-80-ci illərinin çox
əhəmiyyətli olduğunu
vurğulayan Əli Həsənov deyib ki, məhz həmin
illərdə biz Azərbaycan
dilini, ədəbiyyatını,
tarixini, zəngin və çoxcəhətli
milli mədəniyyətimizi
yenidən dərk etmək və qiymətləndirmək imkanı
əldə etdik. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü əhatə
edən bu illər milli özünüdərkin oyanmasında
yeni mərhələ
olub.
Prezidentin köməkçisi Əli
Həsənov Azərbaycan
teleradiosunun müstəqillik
dövründə keçdiyi
inkişaf yolundan da söz açıb. Bildirib ki, hazırda Azərbaycanda 10 ümumrespublika,
13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3
regional radio fəaliyyət göstərir, ölkə
ərazisində rəqəmsal
yayımın tətbiqinə
başlanılıb.
Milli Televiziya
və Radio Şurasının
sədri Nuşirəvan
Məhərrəmov ötən
illər ərzində
teleradio sahəsində
görülən işlərdən
bəhs edib. Ölkəmizdə fəaliyyət göstərən
televiziya kanallarının
nümayəndələrinin təbrikləri çatdırılıb.
Yubiley gecəsi
musiqi proqramı ilə davam edib.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 4
noyabr.- S.2.