Dünyanın teatr
mütəxəssisləri Bakıda bir araya gələcək
Paytaxtımız dördüncü
dəfə beynəlxalq teatr konfransına
ev sahibliyi edir
7-8 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.
Dövlət Musiqili Teatrında gerçəkləşəcək konfransda Azərbaycanın və dünyanın 37 ölkəsinin teatr mütəxəssisləri, eləcə də beynəlxalq teatr təşkilatlarının rəhbər və məsul şəxsləri iştirak edəcək.
Bakıda beynəlxalq teatr forumunun əsası altı il əvvəl “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində qoyulub və o, iki ildən bir təşkil olunur. İlk iki konfrans (2010, 2012) “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusuna həsr olunmuşdu. 2014-cü ilin noyabrında “Teatr sənətinin multikulturalizm - universal dəyərlər sistemində yeri” mövzusunda üçüncü konfrans keçirildi. “Multikulturalizm ilində keçirilən dördüncü forumun da bu mövzuya həsr olunması ölkəmizdə mədəni inteqrasiya, mədəni müxtəliflik və tolerantlıq kimi dəyərlərə necə həssas münasibət göstərildiyini təsdiqləyir. Multikulturalizm eyni zamanda ümumbəşəri və milli dəyərlərin yanaşı mövcud olması deməkdir. Teatr bunun üçün ən bariz müstəvidir.
Beynəlxalq konfrans çərçivəsində bir sıra tədbirlər, seminar və treninqlər nəzərdə tutulub.
Noyabrın 6-da Dövlət Rus Dram Teatrında ispaniyalı mütəxəssis Boris Daussa-Pastorun “Karri Marqolis metodu” mövzusunda, Dövlət Musiqili Teatrında isə Pavel Rudnevin “Teatr teatrşünaslardan nə gözləyir” mövzusunda seminarları olacaq. Həmin gün Azərbaycan Milli Kitabxanasında AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun “İrəvan xanlığı” kitabının misirli alim Abdel Rahman Al Xamissinin tərcüməsində ərəbcə nəşrinin təqdimatı olacaq. Axşam isə konfrans iştirakçıları və qonaqlar Milli Dram Teatrında C.Məmmədquluzadənin “Ölülər” əsərinin tamaşasına baxacaqlar.
Noyabrın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Aktyor sənətində improvizə” mövzusunda treninq (aparıcı Andrey Sidelnikov), Dövlət Musiqili Teatrında isə “Yaradıcılıq və biznes: teatr üçün yeni imkanlar” (Devid Pərriş) mövzulu seminar keçiriləcək.
Konfrans çərçivəsində beynəlxalq teatr qurumlarına üzv olan Azərbaycan teatrlarının nümayəndələrinin həmin qurumların rəhbərləri ilə görüşləri də təşkil olunacaq.
Mədəniyyət.- 2016.- 4
noyabr.- S.2.