Şahlar Quliyevin sonuncu «Şah İsmayıl»ı

 

 

Noyabrın 2-də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında görkəmli bəstəkar Müslüm Maqomayevin «Şah İsmayıl» operası növbəti dəfə nümayiş etdirildi. Xalq artisti Şahlar Quliyevin 70 illik yubileyinə həsr olunmuş tamaşa həm də tanınmış vokalçının teatr səhnəsində opera artisti kimi son çıxışı idi.

Azərbaycan opera sənətinin tam Avropa üslublu ilk nümunəsi sayılan «Şah İsmayıl» yüz ilə yaxındır ki, milli opera səhnəsini bəzəyir. Bu səhnədə çox çıxışlar etmiş Xalq artisti Şahlar Quliyev də illərdir ki, tamaşada Aslan şah partiyasını ifa edir. Şahlar müəllimin ifasında Aslan şah öz taxt-tacını qorumaqdan başqa heç bir qayğısı, dərdi olmayan, öz məqsədindən ötrü kimsəyə, hətta yeganə övladı İsmayıla rəhm etməyən hökmdardır. Bu obraza qəddarlıq çalarlarını aktyor məharəti ilə qatan vokalçı son tamaşasında da öz partiyasını sənət karyerası boyunca ən yaxşı ifalarından biri kimi təqdim etdi.

Tamaşada digər əsas partiyaları əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), Fəridə Məmmədova (Gülzar), solistlərdən Afaq Ağayeva (Ərəbzəngi), Tale Yəhyayev (ibn Yəhya), Əliəhməd İbrahimov (Əbu Həmzə), Fəhmin Əhmədli (Vəzir) ifa edirdilər. Tamaşanı dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edirdi, muğam parçalarını tarda Əməkdar artist Elxan Mansurov (solo) səsləndirirdi.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.5.