Tullantılardan yaradılan əsərlər

 

 

Noyabrın 2-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V.Səmədova adına sərgi salonunda Bakıda fəaliyyət göstərən ingilisdilli Azərbaycan Beynəlxalq Məktəbi (TİSA) şagirdlərinin əl işlərindən ibarət sərginin açılışı oldu.

Tədbirdə məktəbin müəllim və şagirdləri, Amerikanın ölkəmizdəki səfirliyinin əməkdaşları və sənətsevərlər iştirak edirdilər.

Mərasimdə çıxış edən Amerikanın ölkəmizdəki səfiri Robert Sekuta məktəbli uşaqların təsviri sənət bacarığını yüksək dəyərləndirdi, onların istedadlarına heyranlığını vurğuladı. Başqa çıxış edənlər də TİSA şagirdlərinin əl işlərindən bəhs etdilər.

Açılışdan sonra səfir R.SekutaARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov sərgi ilə tanış oldular.

Qeyd edək ki, bu sərginin başqalarından başlıca fərqi nümayiş olunan əsərlərin tullantılardan düzəldilməsidir. Bura hər cür - dəmir, plastik, şüşə, karton və digər tullantılar daxildir. Şagirdlərin bu sərgisini əsl modern, avanqard sərgi saymaq olar. Sərgi tamaşaçının gerçəklik haqqında düşüncələrini dəyişməyə, insanı heyran etməyə qadirdir.

Əsərlər bir həftə sərgilənəcək.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.5.