Aman təklik əlindən...”

 

 

Xanəndə Teyyub Aslanovun musiqi albomunun təqdimatı

 

Noyabrın 2-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində bu mədəniyyət ocağının Qədim musiqi alətləri ansamblının 20 illik yubileyi çərçivəsində ansamblın solisti, Əməkdar artist Teyyub AslanovunAman təklik əlindən” adlı audiodiskinin təqdimatı keçirildi.

 

Muzeyin direktoru Alla Bayramova çıxış edərək xanəndənin 15 ildən artıq müddətdə muzeylə birgə əməkdaşlığını yüksək qiymətləndirdi, onun dünyanın müxtəlif səhnələrində Azərbaycan musiqisini layiqli şəkildə təbliğ etməsindən danışdı. Bildirdi ki, albomda təqdim edilən musiqi nümunələri yeni aranjimanda, fərqli şəkildə sənətsevərlərin ixtiyarına verilir.

Muzeyin şöbə müdiri Təranə Zeynalova Teyyub Aslanovun həyat və yaradıcılığı barədə ətraflı məlumat verdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva çıxış edərək albomda yer alan musiqi nömrələri ilə bağlı fikirlərini bölüşdü və xanəndənin pedaqoji fəaliyyətindən söz açdı. Qeyd etdi ki, universitetdə baş müəllim kimi fəaliyyət göstərən ifaçı ustadlarından öyrəndiyi muğam sənətini zərrə-zərrə tələbələrinə öyrədir. Rektor bildirdi ki, audiodiskdə muğama müasir yanaşma və klassikanı qorumaqla mükəmməl nəticə əldə edilib. Bu da mədəni irsimizə bir daha vurğunluq yaradır.

Xalq artisti Səkinə İsmayılova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Mirnazim Əsədullayev, “Cəngi” estrada folklor ansamblının bədii rəhbəri, Əməkdar artist Mircavad Cəfərov, Qədim musiqi alətləri ansamblının bədii rəhbəri, Xalq artisti Munis Şərifov, Əməkdar artist, tarzən Əliağa Sədiyev çıxış edərək xanəndənin sənət fəaliyyəti və insani keyfiyyətlərindən söz açdılar. Özünəməxsus ifa tərzi ilə dinləyicilərin qəlbinə yol tapan xanəndənin albomunun muğam irsimizə layiqli töhfə olduğu vurğulandı.

Sonda Teyyub Aslanov tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Qeyd edək ki, “Aman təklik əlindən” albomunda eyniadlı xalq mahnısı ilə yanaşı, “Bayatı-kürd” muğamı, “Bayatı-şiraz” təsnifi, “Mahur” kompozisiyası, həmçinin bəstəsi Xalq artisti Polad Bülbüloğluna məxsus “Dilin can incidəndir” mahnısı yer alıb. Xanəndəni əməkdar artistlər Əliağa Sədiyev (tar), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov (nağara) və Elnur Mikayılov (kamança) müşayiət ediblər.

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.6.