Çıx yaşıl düzə, qonaq gəl bizə...
Azərbaycanda kənd yaşıl turizmi böyük potensiala malikdir
Turizm dünyanın
əksər ölkələrinin
iqtisadiyyatında getdikcə
daha böyük əhəmiyyət kəsb
edir. Müxtəlif ölkələr bu sahədə mövcud imkanlardan maksimum yararlanmağa çalışırlar. Kənd yaşıl turizmi də səyahət həvəskarları arasında
populyarlıq qazanmaqdadır.
Təbii-coğrafi potensial və
tarixi-mədəni obyektlərlə
yanaşı, kənd
yaşayış məntəqələrinin
imkanlarından istifadə
edilməsi əsasında
bu turizm növü geniş yayılır. Bu sahə kəndlərin və kənd təsərrüfatının inkişafına,
sosial-mədəni xidmət
sahələrinin yaradılmasına,
əhalinin məşğulluğunun
təmin edilməsinə
və gəlirlərinin
artmasına da müsbət təsir göstərir.
“Şəhərdə yaşayan
insana kənd həyatı maraqlı gəlir”
Bu turizm növünün
ölkəmizdə mövcud
potensialı və sahənin inkişaf yolları haqqında suallarımızı “Kənd
Yaşıl Turizminin İnkişafına Dəstək”
İctimai Birliyinin sədri Qəhrəman Yusupov cavablandırdı.
Həmsöhbətim bildirir ki, 2014-cü ildə Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə yaradılan qurum ölkəmizdə bu turizm növünün inkişaf etdirilməsi üçün müxtəlif
maarifləndirici tədbirlər
həyata keçirir:
“Böyük şəhərlərdən
gələn insanlarda adi kənd evində
yaşayıb istirahət
etmək arzusu olur. Buna “kənd
turizmi”, “aqro turizm” də deyilir. Adından da bəlli olduğu kimi, yerləşmə obyekti -
kənd evidir. Kənd evi qısa müddət
ərzində buraya qonaq gəlmiş turistə qidalanma, yerləşmə, lazım
gəldikdə ekskursiya
və digər xidmətlər təqdim edən kiçik mehmanxana müəssisəsinə
çevrilir”.
Müsahibim deyir ki, kənd yaşıl turizmi XX əsrin 70-ci illərindən başlayaraq
dünyanın müxtəlif
ölkələrində, xüsusi
ilə də Avropa ölkələrində
inkişaf edib: “Azərbaycanda da bu turizm növünün
çox böyük potensialı mövcuddur. Əsrarəngiz təbiətə, zəngin tarixi abidələrə, adət-ənənələrə,
mədəniyyətə və
mətbəxə malik
kəndlərimiz var. Hacıkənd
və Lahıc qəsəbələri, Kiş,
İlisu, Xınalıq
ölkəmizdə kənd
yaşıl turizminin daha da inkişaf
etdirilməsi üçün
böyük imkanlara malik yaşayış məntəqələridir. Demək olar ki, ölkəmizin
bütün kəndlərində
bu turizm növünü inkişaf
etdirmək olar. Hazırda Quba, Qusar, Şəki, Qax, Zaqatala, Xaçmaz, Lənkəran,
Astara, Masallı, Lerik, Göygöl və digər rayonlarımızın kəndlərində
kənd yaşıl turizmi müəyyən dərəcədə fəaliyyət
göstərir”.
Uzun müddət
şəhərlərdə yaşayan insanlara kənd həyatı maraqlı gəlir. Belə
insanların bir qismi hotellərdə qapalı şəkildə
qalmaq istəmirlər,
onlar kənd evlərini seçib sakinlərlə münasibət
qurmaq, yerli məişət və adət-ənənələrlə tanış olmaq istəyirlər.
Həmsöhbətim bildirir ki, kənd
turizmi inkişaf etmiş ölkələrdə
turistlər kənd təsərrüfatı işlərində
də yaxından iştirak edir. Onlar əkin-biçin, meyvələrin
yığılması, ev heyvanlarının yemlənməsinə də
maraq göstərirlər.
Turistlər müvəqqəti də olsa, kənd həyatında yaşamaqla
yanaşı, müvafiq
səviyyədə xidmət
də görmək istəyirlər. Ancaq müşahidələr göstərir ki, bizim kənd evlərində əksər
hallarda bu cür şərait olmur. Doğrudur, turistlərin istəyinə
uyğun şəraitin
yaradılması, onlara
müvafiq xidmətin göstərilməsi müəyyən
maddi xərclər tələb edir. Lakin bu xərclər
artıqlaması ilə
ev sahibinə
qayıda bilər. Kənd evinin sahibi turistlərə hər cür rahatlığı olan ev və
yemək təqdim etməklə bərabər,
onlara bələdçilik,
tərcüməçilik, nəqliyyat xidməti göstərmək, ev heyvanları və quşları bəsləmək
üçün qısamüddətli
imkan yaratmaqla əlavə xidmət haqqı əldə edə bilər.
Maarifləndirmə işləri və
təlimlərin keçirilməsi
vacibdir
Kənd
məskunlaşmasının üstün olduğu regionlarda ətraf mühit insanlar tərəfindən nisbətən
az dəyişdirilmiş
olur. Ona görə bu
ərazilərin təbii,
iqtisadi, sosial-mədəni
potensialından turistlərin
istirahətinin təşkili
üçün istifadə
edilməsi imkanları
böyükdür.
Q.Yusupov
bu ərazilərdən
turizm sənayesinin inkişafında istifadə
olunması imkanlarının
genişləndirilməsinin vacibliyini vurğulayır:
“Hazırda bir çox ölkələrdə
yaradılmış xidmət
sahələri və əlverişli təbii şərait kənd yerlərinə getdikcə
daha çox turist cəlb edir. Kənd turizminin inkişafı kəndlərin sosial-iqtisadi
inkişafında, əhalinin
iş yerləri ilə təminatında, ərazilərin təbii-iqtisadi
potensialından səmərəli
istifadə edilməsində
əhəmiyyətli rol
oynaya bilər. Kənd turizminin inkişaf etdirilməsi regionların
təbii-coğrafi, sosial-iqtisadi
potensialından, mədəni-tarixi
abidələrindən istifadə
edilməsi ilə yanaşı, turizm sənayesində kəndlərin
rolunun yüksəldilməsinə
xidmət edər.
Yerli və xarici turistlərin regionlara cəlb edilməsi, təbii ki, bu sahədən əldə edilən gəlirlərin artmasına
səbəb olar”.
Ekspertin fikrincə, kənd turizminin inkişafında istənilən nəticəni
əldə etmək üçün yerli sakinlərin maarifləndirilməsi
önəmlidir. Bu baxımdan Avropa təcrübəsindən
yararlanmaq olar: “Kənd turizminin inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi, xidmət müxtəlifliyinin
təmin edilməsi, təcrübə mübadiləsi
məqsədilə inkişaf
etmiş ölkələrdə
konfranslar, seminarlar keçirilir. Bu təcrübədən
yararlanaraq ev sahiblərinə turistlərin
qəbulu, onlara düzgün xidmət göstərilməsi, əlavə
xidmətlərin təklif
edilməsi, turistlərin
rahatlığının təmin
olunması yollarını
göstərmək məqsədilə
maarifləndirmə işləri
və təlimlərin
keçirilməsi vacibdir”.
Sonda məlumat
üçün bildirək
ki, “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək”
İctimai Birliyinin
internet saytından (www.ruraltourism.az) ölkəmizdə mövcud
qonaq qəbul edən kənd evləri, qiymətlər və xidmətlər haqqında məlumat əldə etmək mümkündür.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 4
noyabr.- S.9.