qədər ki teatra lazımam...”

 

 

Hərdən deyirəm ki, mənə dublyor verin, yorulmuşam. Deyirlər ki, yox, hələ ki səhnədə atılıb-düşə bilirsən, özün oyna

 

İri mavigözlü, sarışın saçlı, qamətli bir xanım. Əsl slavyan gözəli. Əgər cənub şəhərinin küçələrində belə bir xanımla rastlaşsanız, diqqətinizi çəkməzmi? Bəlkə «mən bu xanımı hardasa görmüşəm» deyib yaddaşınızı silkələdiniz ... Bəli, siz onu Azərbaycan Musiqili Teatrının səhnəsi, bir «Bakılı oğlanlar» ŞHK teatrının tamaşalarında görmüsünüz. Ömrünü doğma teatrına həsr etmiş, özünü öyməyən bir sənət fədaisidir aktrisa Marina Litvinenko.

Bu yaxınlarda 60 yaşını qeyd etmiş Marina Nikolayevna ilə görüşümüz «Bir dayan, canavar uşaq tamaşasından sonra baş tutdu. Qrim otağında əyləşib söhbət edirik. Əgər bayaq tamaşaya baxmasaydım, aktrisanın üzündəki Dovşan qrimi məni inandıra bilməzdi ki, dəcəl, fərasətli ağıllı nağıl qəhrəmanının obrazını canlandıran aktrisa bu xanımdır. Söhbətimizə bir qədər uzaqdan başlayırıq.

 

- Estoniyada doğulmuşam. Beş yaşım var idi, hərbi dənizçi olan atam vəfat etdi. Anam iki uşaqla tək qaldı. Bakıda yaşayan xalam bizi öz yanına gətirdi. Beləcə, oldum Əmircan qızı. Uzun illər bu qəsəbədə yaşamışam, sonralar Qaraçuxura köçdüm. Hərdən zarafatla özümü Marina Qaraçuxurlu deyə təqdim edirəm. Bakı mənim doğma şəhərimdir. Özümü bu şəhərdən, bu teatrdan ayrı təsəvvür edə bilmirəm.

- Amma bir zaman oldu ki, Bakıda yaşayan qeyri-azərbaycanlı sənət adamları buradan getdi...

- Yox, belə bir fikir heç ağlıma da gəlmədi! Həmin o ağır 90-cı illərin əvvəlində, teatrların aylarla tamaşa oynamadığı illərdə Azərbaycan teatrında dözüb qalanlar nəyə qatlaşıbsa, mən ona dözmüşəm. Şükür, indi hər şey qaydasındadır. Yubileyimlə əlaqədar mədəniyyət turizm naziri cənab Əbülfəs Qarayev məni təbrik etdi, teatrın rəhbərliyi məni mükafatlandırdı. Kollektiv ki doğmalarımdır. Tanrıma, valideynlərimə minnətdaram ki, aktrisa oldum.

- Deməli, bu qabiliyyət sizdə irsidir?

- Anamın gözəl səsi var idi, uşaqlıqda baletlə məşğul olubmuş. Atam da gitarada çalıb-oxuyarmış. Amma ailəmizdən təkcə mən sənətə gəldim. Qızımın da vokal səsi, musiqi təhsili var. İstəyirdim ki, onu teatrda xora düzəldim. O isə səhnədən qorxduğu üçün imtina etdi.

- Cəsarətdə sizə çəkməyib...

- Mən Asəf Zeynallı adına Musiqi Məktəbinin vokal sinfində oxuyurdum. Bir konsertmeysterimiz var idi, mənə dedi ki, sən istedadlı qızsan, gəl, səni teatra aparım. İkinci kursda oxuyurdum. Özü musiqi məktəbində aktyorluq, səhnə ilə bağlı heç bir dərs keçilmir. Sadəcə, düzgün ifaçılığın yolları öyrədilir. Yalan olmasın, Bədii şuraya bəlkə iyirmi adam yığışmışdı. Hamısı görkəmli sənətkarlar idi. Səhnəyə çıxdım, bildiklərimi oxudum. Məni birbaşa aktyor-vokalçı götürdülər. O vaxtdan teatrdayam. Həm yaxşı ki, teatrdayam. Şəxsi həyatım o qədər ürəkaçan deyil: əlil bacıma qulluq edirəm, qızımın ailə həyatı uğurlu alınmadı, yanımdadır. Həyatımın mənası bir teatrdır, bir balaca nəvəm! Hər kəs öz taleyini yaşayır...

- Tale demişkən, aktrisa kimi qismətinizə düşən rollardan razısınız? Axı, aktyor asılı sənət sahibidir... Üstəlik, Musiqili Teatrın profili elədir ki, adamı bir qədər çərçivəyə salır.

- Cavanlığımda operettalarda əsas qəhrəmanları çox oynamışam. Yaş artdıqca xarakterik qadın rollarına keçmişəm. Məsələn, İ.Kalmanın «Silva» operettasının əvvəlki quruluşunda Stassini oynamışam. Təzə quruluşda isə Boris Lukinski mənə qrafinya Volyapyuku, Edvinin anasını tapşırıb. «Qafqazlı qardaşqızı»nda da Bibixanım rolunda səhnəyə çıxıram. Necə olsa, yaş öz sözünü deyir. Həm musiqili tamaşalarda baş rollar bir qayda olaraq cavanlar üçün yazılır.

- Marina Nikolayevna, yaşdan çox da danışmayın, onsuz da inanmayacaqlar. Sizin Dovşanınızın çevikliyini indicə görmüşəm. Hələ qrimi silməmisiniz...

- 11 ildir ki, «Bir dayan, canavar tamaşası teatrın repertuarındadır. Premyeradan onu mən oynayıram. Hərdən deyirəm ki, mənə dublyor verin, daha bəsdi, yorulmuşam. Deyirlər ki, yox, hələ ki səhnədə atılıb-düşə bilirsən, özün oyna. İnanırsınız, mən teatra gələndən dublyorsuz çıxış edirəm. «Düyməcik» tamaşasına baxmısınız? Orada əvvəlcə Düyməciyin anasını, sonrakı səhnələrdə Siçanı oynayıram. Mənim üçün fərqi yoxdur ki, tamaşa böyüklər üçündür, yoxsa uşaqlar. Əksinə, uşaq tamaşasında daha çox can qoyuram. Uşaqlar çox həssasdırlar, onları aldatmaq olmur. O ki qaldı sevimli rola, hər dövrdə ən çox xoşladığım rollarım olub. Hazırkı repertuarda Əsgər Əsgərovun quruluş verdiyi Mark Kamolettinin «Fransızsayağı qarnir» tamaşasındakı Jaklini çox sevirəm. Həm bu əsər dramatik tamaşadır, indiyədək belə rolum olmayıb.

- Sizi həm «Bakılı oğlanlar» ŞHK teatrının tamaşalarına görə tanıyırlar...

- Tahir , Cabir xətrimi çox istəyirlər. Məni onlarla rəhmətlik Elçin Həmidov tanış etmişdi. Hazırladıqları tamaşalarda məxsusi mənim üçün rol yazırlar. Kinoda da çəkilmişəm. «Güllələnmə təxirə salınır», «Biz qayıdacağıq» digər filmlərdə rol almışam. Arada toylarda, ad günlərində, qadın məclislərində aparıcılıq edirəm, oxuyuram. Amma «Bakılı oğlanlar»la çıxış etməyə başlayandan məni daha çox tanıyırlar.

- Fonoqramla oxuyan, musiqi savadı, elə bir yaraşığı olmayan bir qızcığaz televiziyaya çıxır, iki gündən sonra hamı onu tanıyır. Amma sizin kimi teatra ömür həsr edənlər, arxa planda qalır. Adamın xətrinə dəyir...

- Hərdən mən heyfsilənirəm. Amma teatr doğma ocağımdır. Kütlə məni tanısa da, tanımasa da, mən teatrdayam. qədər ki teatra lazımam, burada çalışacağam. Mən həyatda özü üçün yaşamayan adamam. Teatra hər gəlişim mənim üçün bayramdır.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 4 noyabr.- S.10.