“Klassik
teatr ömrünü
başa vurub”
Teatrla yaşıd bədii rəhbərin etirafı
“Azərbaycan və Gürcüstan teatrları dostlaşsa, bizim dünyaya səs salan layihələrimiz ola bilər”
İrakli Qogiya. Zəngin teatr ənənələrinə
malik Gürcüstanın
cavan və tanınmış teatr xadimlərindən biri.
Sakit təbiətli, daim fikirli adam təsiri bağışlayan, alçaq
səslə danışan,
yaşına görə
bir azca şişman, müstəqil
Gürcüstanda böyüyən
əksər cavanlardan
fərqli olaraq fikrini rus dilində
dəqiq çatdıra
bilən geniş təxəyyüllü, cəsarətli
quruluşları ilə
seçilən rejissor.
İrakli
artıq üç ildir ki, S.Axmeteli
adına Tbilisi Dram Teatrının bədii rəhbəridir. Qəribədir ki, rəhbərlik
teatrla yaşıddır.
İkisi
də 35 yaşındadır.
Əslində, nə teatr
rejissoru, nə də teatr üçün
o qədər də çox yaş deyil. Görək, həmsöhbətim bu barədə nə düşünür?
- 35 yaş o qədər də az
deyil. Üç ildir ki, bədii rəhbər təyin olunmuşam.
Kollektivdə məşhur
aktyorlar çox idi, amma yaşlaşmışdılar...
Mədəniyyət Nazirliyinə müraciət
etdim. Bir dəfəyə 25 gənc aktyoru teatra cəlb etdik. Üç ildə yenilənmiş
kollektivlə 25 yeni tamaşa qurmuşuq.
Braziliya,
Fransa, Belarus, Ukrayna və başqa ölkələrdə festivallarda
iştirak etmişik.
- Səhv etmirəmsə, Şəki festivalı S.Axmeteli teatrının Azərbaycana ilk gəlişi
idi...
- Bəli, bu teatr
ilk dəfə Azərbaycanda
bu festivalda çıxış etdi.
Vaja Pşavelanın «Ev yiyəsi və qonaq» əsərinin tamaşasını nümayiş
etdirdik.
- Dağ adamının qonaqpərvərliyi, şərəf
və ləyaqəti məsələsinin qaldırıldığı
bu tamaşa aktyor oyunundan daha çox səhnə həlli ilə diqqətimi xüsusilə çəkdi.
Səhnədə quraşdırılmış
güzgülər, işığı
salona tuşlanan sofitlər qəribə bir ovqat yaradır,
adamı antik dövrlərə aparırdı...
- Mən klassik teatrı sevmirəm. O, ömrünü başa vurub. Müasir teatr tamaşası
isə göstəri yox, bir növ
mərasimdir. Sizin dediyiniz
kimi, belə tamaşada aktyorla tamaşaçının canlı
ünsiyyəti alınır.
Vaja Pşavela bu pyesi qədim gürcülərə, onların,
yəni həm də bütün qafqazlıların oxşar
adətlərinə həsr
edib. Qafqazlılar bir-birini sevirlər,
onların arasındakı
münasibətlər korlanarsa
da, düzəltmək
lazımdır. Mədəniyyət, teatr irəli çıxıb sənətin
gücü ilə dostluğu möhkəmləndirməlidir.
- Əslində, köklü
qafqazlılar həmişə
dost olublar, aranı vuran sonradan gələnlərdir...
- Gələnlərə də
özümüz qucaq
açmışıq. Düşünmüşük ki, Qafqaz dağları bitmir, tükənmir. Onun qoynunda
hamıya yer çatar. Mən isə bir gürcü, bir qafqazlı rejissor olaraq hesab edirəm
ki, ən sadiq dostumuz lap yaxınımızdadır. Gürcü teatrının özünə
ən yaxşı tərəfdaşı Azərbaycandan
tapması məsləhətdir.
Bilirsiniz,
tarix boyu dünyaya ən yaxşı mədəniyyət
Asiyadan yayılıb.
Avropa dəyərlərini üstün
tutsaq da, Azərbaycan da, Gürcüstan da Asiya ölkəsidir.
Əgər Azərbaycan
və Gürcüstan
teatrları dostlaşsa,
bizim çox yaxşı, dünyaya səs salan layihələrimiz ola bilər. Əslində məişətimizdə də, xarakterimizdə də ümumi cəhətlər çoxdur.
- Anladığım qədər,
Azərbaycanı pis tanımırsınız?
- Bakıda çox olmuşam. Dostlarım çoxdur. Bir də gördün, könlüm istədi, qatara minib Bakıya
gəlirəm. İçərişəhərdə bir neçə
saat dolaşmaq bəs edir ki,
fikirlərim durulsun.
Akademik Milli Dram Teatrının, «Yuğ» teatrının tamaşalarını
maraqla izləyirəm.
- İndi sizi Bakıda nə vaxt gözləyək?
- Tezliklə orada olacağam. IV Bakı
Beynəlxalq Teatr Konfransına Gürcüstandan
gələcək böyük
nümayəndə heyətinin
tərkibində mən
də varam.
- Nə yaxşı. Bəs birgə əməkdaşlıq
layihələri barədə
nə düşünürsünüz?
Hətta mənə bir qədər qəribə də gəldi ki, niyə sizə Bakıda tamaşa qurmaq təklif edilməyib...
- Əslində belə
bir fikir var. Qarşılıqlı əməkdaşlıq
məsələsi aktuallaşanda
çalışıram ki,
ilk addımı özüm
atım. Mikayıl Mikayılova bizdə
tamaşa hazırlamağı
təklif etmişəm.
Həm də onun «Yuğ»da hazırladığı «Medeya»nın Gürcüstanda
qastrolunu təşkil
etmək fikrim var. Teatrlarınızla əməkdaşlığa
dostluqdan başlamaq istəyirəm ki, münasibətimizin təməli
möhkəm olsun.
Gülcahan Mirməmməd
Mədəniyyət.-
2016.- 4 noyabr.- S.13.
Mədəniyyət.-
2016.- 4 noyabr.- S.13.