Azərbaycan teatrı həmişə
ümumbəşəri, yüksək mədəni dəyərləri
təbliğ edib
Mədəniyyət və turizm
naziri beynəlxalq konfransın
iştirakçıları ilə görüşdü
Noyabrın 8-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev IV Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən bir qrup nümayəndə ilə görüşdü.
Görüşdə Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının prezidenti Cin Qrehem-Cons, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının vitse-prezidenti Savas Patsalidis, Britaniya Şurasının nümayəndəsi Devid Pərriş, Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə əlaqələndiricisi İbrahim Assiri, Batumi Dövlət İncəsənət Universitetinin rektoru Ermile Mesxiya və İsrail Milli Mərkəzinin sədri Razi Amitai iştirak edirdi.
Qonaqları salamlayan Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələrdən danışdı. Artıq ənənə halını almış Bakı Beynəlxalq Teatr Konfransının teatr sahəsində fəaliyyət göstərən insanlar və qurumlar arasında qarşılıqlı əlaqələrin inkişafında əhəmiyyətini diqqətə çatdırdı: “1873-cü ildə əsası qoyulan Azərbaycan peşəkar teatrı eyni zamanda müsəlman Şərqində ilk peşəkar teatr idi. Azərbaycan teatrı bu dövr ərzində böyük inkişaf yolu keçərək ümumbəşəri ideyaları, yüksək mədəni dəyərləri təbliğ edib”.
Əbülfəs Qarayev Azərbaycanda mədəniyyətin digər sahələri kimi, teatr sahəsinə də dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğuladı. Qeyd etdi ki, ölkəmizdə Bakı Beynəlxalq Teatr Konfransı ilə yanaşı, Şəkidə ənənəvi beynəlxalq teatr festivalı da keçirilir.
Teatr konfransının builki mövzusuna toxunan nazir bildirdi ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzinin bir parçası kimi tariximizin bütün dövrlərində mövcud olub. Mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq kimi dəyərlər ölkəmizdə dövlət siyasətinin tərkib hissəsi olaraq bu gün də inkişaf edir.
Qeyd olundu ki, Azərbaycan mədəniyyət sahəsində dünyanın müxtəlif ölkələri və nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq edir. Ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, İSESCO və digər təşkilatların tədbirləri keçirilir.
Əbülfəs Qarayev sonda IV Bakı Beynəlxalq Teatr Konfransının da uğurlu nəticələrlə yadda qalacağına, bütün iştirakçı tərəflər üçün səmərəli olacağına əminliyini ifadə etdi.
Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə əlaqələndiricisi İbrahim Assiri, İsrail Milli Mərkəzinin sədri Razi Amitai və başqaları ölkəmizə səfər etməkdən məmnun olduqlarını bildirdilər. Beynəlxalq konfransın əhəmiyyətinə toxunan qonaqlar dünyanın müxtəlif ölkələrindən olan teatr nümayəndələri, o cümlədən teatrşünaslar, teatr tənqidçiləri üçün qarşılıqlı fikir mübadiləsinin aparılmasına yaxşı imkanlar yarandığını diqqətə çatdırdılar. Konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən qonaqlar göstərilən qonaqpərvərliyə görə öz minnətdarlıqlarını bildirdilər.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 9
noyabr.- S.2.