“Azərbaycan
teatrında hər zaman multikulturalizm dəyərləri bərqərar
olub”
“Heç bir Avropa ölkəsində Azərbaycandakı qədər
çoxsaylı tərcümə
əsərləri repertuarda
yer almayıb”
IV Bakı Beynəlxalq
Teatr Konfransı noyabrın 7-də günün
ikinci yarısında daha bir plenar
iclasla işini davam etdirdi.
Beynəlxalq Teatr Tənqidçiləri
Assosiasiyası Azərbaycan
bölməsinin sədri,
professor Məryəm Əlizadə
və Yunanıstandan tanınmış teatrşünas
Savas Patsalidisin moderatorluğu ilə baş tutan iclasda maraqlı mövzularda məruzələr
dinlənildi, müzakirələr
aparıldı.
Professor İlham Rəhimlinin
“Tərcümə pyesləri
Azərbaycan səhnəsində”
başlıqlı məruzəsi
xüsusi maraqla qarşılandı. Sənətşünas diqqətə çatdırdı
ki, multikulturalizm dəyərləri Azərbaycanda
hələ qədim zamanlardan mövcud olub. Teatr aləmində isə
bu dəyərlər Azərbaycan teatrının
yarandığı ilk illərdən
bərqərar olub.
Başqa
millətlərə məxsus
dramaturqların səhnə
əsərlərinin müxtəlif
dillərə çevrilərək
səhnədə oynanılması
mədəniyyətdə multikulturalizmin
dəyərli göstəricisidir.
Azərbaycan teatrı XIX əsrin
sonlarında tərcümə
pyeslərini tamaşaya
qoymağa səy göstərib. O zaman
U.Şekspirin “Otello” əsəri Haşım bəy Vəzirov tərəfindən Azərbaycan
dilinə tərcümə
edilib.
Qeyd edildi ki, 144 yaşlı Azərbaycan peşəkar teatrının
səhnəsində İsveç,
Amerika, italyan, rus, gürcü, ispan, irland, alman, bolqar, hind, yunan, yəhudi və başqa xalqların tanınmış
yazarlarının əsərləri
səhnələşdirilib. Bu tamaşalar Azərbaycanda multikulturalizmin inkişafına
yeni təkan verməklə yanaşı,
ümumilikdə teatrların
forma və üslub axtarışlarına da müsbət təsir göstərib: “Cəsarətlə
deyə bilərik ki, özünü multikulturalizmin alovlu təbliğatçıları sayan heç bir Avropa ölkəsində
Azərbaycandakı qədər
çoxsaylı tərcümə
əsərləri repertuarda
yer almayıb. Bu gün Azərbaycan
dramaturgiyasında dünya
səhnəsinə çıxa
biləcək klassik və çağdaş əsərlər yetərincədir.
İnanıram ki, konfransın
müxtəlif millətləri
təmsil edən iştirakçılarını bizim əsərlər də maraqlandıracaq və onlar Azərbaycan
dramaturgiyası ilə
tanış olmaq arzusunda olacaqlar”.
Məruzəçi onu da diqqətə
çatdırdı ki,
XIX əsrin sonlarında
Azərbaycanda yaranan “Artistlər ittifaqı” üzvlərinin sayı
280 nəfərdən çox
idi. Bu truppada 11 millətin nümayəndəsi
fəaliyyət göstərirdi.
Plenar iclasda Əhməd Əl-Məcid (İraq) “Mən sadəcə başqasıyam!”, Pilar Almansa (İspaniya) “Multikulturalizm və qarışıq reallıq”
(texnologiyalar sayəsində
tamaşanın təsir
gücünü artırmaq
imkanları), Murad Hacıyev (Rusiya) “Milli teatrlar çoxmədəniyyətli regionlarda”,
Violeta Podolskayte (Litva) “Uşaq və gənclər teatrlarının əhəmiyyəti”
və Erlan Bilalovun (Qazaxıstan) “Müasir teatrda aktyorun imici” mövzularında məruzələri
dinlənildi.
Çıxışlarda multikulturalizmin reallıq olduğu, teatrda təcəssümü, bu
yolda problemlərin həlli yollarına toxunuldu. Bildirildi ki, bəzən
multikulturalizmi səhnəyə
çıxarmağa müxtəlif
problemlər mane olur, texnoloji yeniliklər bu baryeri aşmağa
imkan yaradır. Uşaq və gənclərin teatra cəlb edilməsi, onlara birgəyaşayış qaydalarının
aşılanması yolları
da məruzələrdə
diqqətçəkən məqamlardan
oldu.
Məruzələrdə vurğulandı ki, səhnənin mənəvi
gücünü heç
bir digər vasitə əvəz edə bilməz və bütün teatr adamları bu təsiri ötürərək gələcək
nəsilləri dostluğa
və qardaşlığa
səsləməyi bacarmalıdır.
Lalə
Mədəniyyət.- 2016.- 9
noyabr.- S.7.