Milli teatrlara kənar
təsirlər - mədəniyyətlərin mübadiləsi
IV Bakı Beynəlxalq Teatr Konfransının birinci iş günündə üçüncü plenar iclasa da Yunanıstandan tanınmış teatrşünas Savas Patsadilis və Azərbaycan təmsilçisi Məryəm Əlizadə moderatorluq edirdilər.
İlk çıxış edən Boris Daussa-Pastor (İspaniya) "Ümumi əlaqənin tapılması (teatr sənətçilərinin məşqləri üçün yeni paradiqma)" adlı məruzəsində aktyor hazırlığında çox vacib hesab etdiyi Karri Marqolis metodu barədə, bu metodun aktyor plastikası üçün əhəmiyyəti haqqında danışdı. Xatırladaq ki, ispaniyalı mütəxəssis bir gün öncə yunan əsilli Amerika aktrisası Karri Marqolisin təməlini qoyduğu bu metod barədə Rus Dram Teatrında gənc azərbaycanlı aktyorlara treninq keçmişdi.
"Multikulturalizm və müasir Marathi teatrı" mövzusunda çıxış edən Arun Naik (Hindistan) ölkəsinin teatr tarixinin multikultural ənənələr üzərində formalaşdığını söylədi. Çünki Hindistan əhalisi istər dini, istərsə də milli mənsubiyyətinə görə çox rəngarəngdir. Marathi teatrı əslində qədim eposların müasir təfsiri kimi yaradılsa da, ingilislərin formalaşdırdığı yerli Qərb yönlü teatrların təsiri altında təşəkkül tapıb. Əsrlər boyu moğolların, türklərin, farsların, ərəblərin, daha sonra ingilislərin müstəmləkəsi olmuş Hindistanda mədəniyyətə bu xalqların mədəni irsi təsirsiz ötüşməyib. Bu baxımdan Hindistan dünyada ən multikultural ölkələrdən biridir.
Yaponiyadan gəlmiş Yuko Nobenin araşdırma mövzusu "Müasir Vyetnam teatrının təyinatı - Şimali Vyetnam nümunəsi" idi. Fransız müstəmləkəçiliyinin gətirdiyi teatr, eləcə də yaxın qonşuların - Kamboca və Laos milli teatrlarının ənənələri əsasında formalaşan Vyetnam teatrı, əslində, milli simasını itirmişdi. 1975-ci ildə şimal və cənubu birləşən sosialist Vyetnamının teatr sənətinə keçmiş SSRİ-dən Stanislavski sistemi gətirildi. Bu gün isə Qərb teatrı əsasında formalaşmış müasir teatr böhran yaşayır. Bu böhrandan çıxış yollarını nəzəri cəhətdən araşdıran məruzəçi hazırda Yaponiyada vyetnamlı teatr təmsilçiləri üçün müxtəlif treninqlərin və kursların keçirildiyini diqqətə çatdırdı.
Onu da qeyd edək ki, plenar iclasın ümumi tematik başlığı olmasa da, təqdim edilən məruzələr sanki bir-birinin məntiqi davamı idi. Növbəti çıxışçı milli teatrın formalaşmasında fərqli teatr ənənələrinin təsiri olmuş Qazaxıstanın təmsilçisi idi. Professor Saniya Kabdiyeva "Qazaxıstan teatrı milli səhnə mədəniyyətlərinin qarşılıqlı əlaqə məkanı kimi" adlı məruzəsində ölkəsindəki bir çox milli teatrların çağdaş durumunu, rejissura meyllərini yerli alman teatrının təcrübəsindən çıxış edərək açıqladı.
Varuna Alahakun "Şri-Lankanın müasir teatrı çoxmədəniyyətlilik konsepsiyası fonunda" adlı məruzəsində yerli müasir teatrın ənənəvi hind teatrı və Pekin operası (Çin milli teatrı) ənənələrindən qidalandığını, həmçinin son illər ölkədə gedən vətəndaş müharibəsinin mədəni inkişafı geri saldığını dilə gətirdi.
Sonuncu çıxış edən Samia Habib "Misir teatrı inqilabdakı dövrdən sonra" məruzəsində son illər ölkədəki toqquşma və inqilabların milli teatrın inkişafına vurduğu zərərdən söz etdi, artıq bu dövrün arxada qaldığını, beş il aradan sonra Misir teatr festivalının bərpa edildiyini dedi və konfrans iştirakçılarını ölkəsinə dəvət etdi.
Gülcahan
Mədəniyyət.- 2016.- 9
noyabr.- S.7.