İspaniyalı mütəxəssis gənc
teatr aktyorları üçün
treninq keçdi
Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransının proqramına müxtəlif mövzular üzrə seminar-treninqlər də daxildir.
Noyabrın 6-da konfrans çərçivəsində tanınmış ispan aktyoru, Beynəlxalq Teatr Tədqiqatçıları Federasiyası İdarə heyətinin üzvü Boris Daussa-Pastor gənc teatr aktyorları üçün seminar-treninq keçdi. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında toplaşan gənc aktyorlar Daussa-Pastorun təqdimatında "Karri Marqolis metodu" ilə tanış olmaq imkanı qazanmışdılar.
Əvvəlcə Teatr-treninq mərkəzinin direktoru, konfransın icraçı katibi Şaiq Səfərov qonağı təqdim etdi və onun keçəcəyi treninq barədə məlumat verdi. Qeyd etdi ki, hər il dünya teatr prosesində yeni meyllər, yeni ideyalar meydana çıxır. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan teatrının inkişafı üçün bu yenilikləri ölkəmizə gətirmək, o cümlədən gənc aktyorları bu barədə məlumatlandırmaq üçün bütün imkanlardan istifadə etməyə çalışır. "Multikulturalizm və teatr" mövzulu beynəlxalq konfrans çərçivəsində təşkil olunan seminar da bu qəbildəndir.
Sonra qonaq sözə başladı. Boris Daussa-Pastor öncə seminarın adı və məqsədi barədə məlumat verdi. Yunan əsilli Amerika aktrisası Karri Marqolisin təməlini qoyduğu təlim aktyorun səhnədə çıxışa hazırlaşarkən kənardan enerji almaqla və yaxud öz içində toplanmış enerjini azad etməklə səhnədə daha rahat davranmağı öyrənməsi üçündür. Təlimçinin sözlərinə görə, aktyorun obraza rahat daxil olması üçün ifasındakı bir sıra hərəkətləri hətta avtomatikləşdirməsi lazımdır. Rəqqas ən adi hərəkətləri gündəlik məşq etdiyi kimi, pianoçu məşqə qammaları çalmaqla başladığı kimi aktyor da müəyyən təmrinləri yerinə yetirməlidir ki, səhnədə çıxış etmək ona çətin olmasın, fikirlərini toplamağa vaxt itirməsin. Bu, daha çox kontemporari (incəsənətdə müasir üslublar) üslubunda çıxış edən sənətçilər üçün daha vacibdir. Daussa-Pastor bir qədər də Karri Marqolisin həyat və yaradıcılığı, bu metodu necə formalaşdırması barədə danışdıqdan sonra birbaşa məşğələyə keçdi.
Təkcə iştirakçı aktyorların yox, həm də jurnalistlərin və teatrlarda çalışan digər ixtisas sahiblərinin maraqla izlədiyi seminarda ispan mütəxəssis öz biliklərini auditoriya ilə səxavətlə bölüşdü. Müxtəlif teatrlarda, o cümlədən bölgə teatrlarında çalışan cavan aktyorların qatıldığı seminarda Dövlət Rus Dram Teatrı və Gənc Tamaşaçılar Teatrı aktyorlarının daha fəal iştirak etməsi də nəzərimizdən qaçmadı.
Təbii ki, ikisaatlıq məşğələ aktyor ifaçılığında çevriliş edə bilməz. Amma öz üzərində işləmək istəyən, öyrənməyə meylli, çalışqan sənətçi üçün kiçik bir istiqamət kifayətdir ki, tutduğu yolla irəliləsin. Bizə isə gənclərə uğurlar diləmək qalır.
G.Mirməmməd
Mədəniyyət.- 2016.- 9
noyabr.- S.10.