“Gələcəyə öz
keçmişinin çiynində gedən
rəssam”
Rais Rəsulzadənin yubiley sərgisi açılıb
Noyabrın 4-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində tanınmış rəngkar və qrafik, Əməkdar rəssam, Prezident təqaüdçüsü Rais Rəsulzadənin 70 illiyi münasibətilə “Gələcəyə öz keçmişinin çiynində gedən rəssam” adlı fərdi sərgisi açıldı.
Rəssamın sayca üçüncü sərgisinə onu sevən, sənətinə, yaradıcılığına hörmət bəsləyən insanlar toplaşmışdılar.
Tədbiri giriş sözüylə “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədov açaraq R.Rəsulzadəni yubileyi münasibətilə təbrik etdi, ona yeni yaradıcılıq uğurları dilədi. Çıxışçı yubilyarın babası, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni böyük sayğıyla andı, rəssamın həmişə öz böyük soyunun adına uyğun yaşadığını bildirdi.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev sərginin hər kəsdə qürur yaratdığını söylədi. O, sərgilənən sulu boya işlərini qrafikanın çətin sahəsi adlandırdı və R.Rəsulzadənin əsərlərinin özünəməxsusluğundan söz açdı.
Azərbaycan Rəssamlar İttifaqının (ARİ) katibi, Xalq rəssamı Ağəli İbrahimov yubilyarla bir yerdə təhsil aldığını, onun yaradıcılığına hörmət bəslədiyini bildirdi, yaxın çağlarda ARİ-də R.Rəsulzadənin böyük sərgisinin açılacağını söylədi.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva, şairə Nigar Həsənzadə yubilyar haqqında ürək sözlərini bildirdilər.
Sonda söz alan R.Rəsulzadə sevincini insanlarla bölüşdü, tədbirə gələn hər kəsə sayğısını ifadə etdi. O, yaxınlarda keçiriləcək böyük sərgisində yaradıcılığından daha yaxşı nümunələr təqdim edəcəyini vurğuladı.
Sonra iştirakçılar sərgi ilə tanış oldular. Rəssamın “Buludlar”, “Naxçıvanda dağlar”, “Dəniz gün batanda”, “Qız qalası”, “Yevlax. Axşam mənzərəsi”, “İçərişəhər” və başqa əsərləri tamaşaçıların zövqünü oxşayır.
Sərgi noyabrın 14-nə qədər davam edəcək.
S.Qaliboğlu
Mədəniyyət.-
2016.- 9 noyabr.- S.11.