Bəstəkarla üz-üzə

 

 

Xəzər Universitetində Sərdar Fərəcovun yaradıcılıq gecəsi keçirildi

 

Noyabrın 5-də Xəzər UniversitetininDünyakonsert salonunda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun yaradıcılıq gecəsi keçirildi. “Sərdar Fərəcovla üz-üzə” adlı tədbir Xəzər Universiteti rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə təşkil edilmişdi.

 

Tədbir Sərdar Fərəcovun Hüseyn Cavidin “Mənim Tanrım gözəllikdir, sevgidir” şeirinə bəstələdiyi mahnının müşayiəti ilə bəstəkarın həyat və yaradıcılığından bəhs edən video-slaydın nümayişi ilə başladı.

Musiqişünas Nərgiz Kərimova çıxış edərək Sərdar Fərəcovun zəngin yaradıcılığından söz açdı, istedadlı bəstəkar və publisist kimi fəaliyyətindən bəhs etdi: “Onun sənət yoluna diqqət yetirdikcə könülləri riqqətə gətirən musiqi dünyası ilə tanış olacaqsınız”.

Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova qeyd etdi ki, Sərdar Fərəcov bəstəkar kimi respublikamızın hüdudlarından kənarda da tanınıb. O, musiqinin bir çox janrlarına müraciət edərək bir-birindən gözəl əsərlər yaradıb.

Xalq artisti, görkəmli tarzən Ramiz Quliyev bildirdi ki, Sərdar Fərəcov milli musiqimizə hörmətlə yanaşan, onu sevən və dəyərləndirən sənətkardır. O, yaradıcılığında Üzeyir Hacıbəyli ənənələrinə geniş yer verib. Bu səbəbdən də əsərləri hər zaman musiqisevərlər tərəfindən rəğbətlə qarşılanır.

Əməkdar incəsənət xadimi, professor Əflatun Nemətzadə, teatrkino rejissoru Rövşən Almuradlı bəstəkarın kino musiqisindən danışdılar. OnunCavad xan” filminə bəstələdiyi musiqi yüksək dəyərləndirildi.

Xəzər Universitetinin rəhbəri Hamlet İsaxanlı da bəstəkarın yaradıcılığından söz açdı. Qeyd etdi ki, bir çox janrlarda əsərlər yaradan Sərdar Fərəcov teatrlarla da əməkdaşlıq edir. Onun “Şəhərdə manyak var”, “Səhnədə məhəbbət” kimi komediyaları Bakı, eləcə də Gəncə, Lənkəran və digər bölgə teatrlarında nümayiş olunub. S. Fərəcov 50-dən çox tamaşaya musiqi yazıb. Dahi bəstəkarımız Ü.Hacıbəylinin uzun illər səhnədə oynanılmayan “Ər və arvad” operettasını bərpa edib, əsərin musiqisini orkestrləşdirərək ona səhnə həyatı verib.

Bəstəkara Xəzər Universitetinin diplomuuniversitet əməkdaşının çəkdiyi portreti hədiyyə olundu.

Sonra söz musiqiyə verildi. Sərdar Fərəcovun simli orkestr üçün yazdığı “Oda alqış”, “Sübh duası”, kamera orkestri üçün bəstələdiyi “Türk rəqsi”, “Qazinin gəlişi” (“Yumoreska”) əsərləri universitetin kamera orkestrinin ifasında təqdim olundu. Pianoçu Zülfiyyə Sadıxzadənin ifasında “Zərif vals”, “Rəqs”, Əməkdar artist Fəridə Məmmədovanın ifasında Hamlet İsaxanlının sözlərinə yazılmış “Uzaqlarda qalan bulud”, “İstanbul, Boğaziçivokal lövhəsi, Ramiz Quliyevin ifasında “Qarabağ”, “Rondoletto”, skripkaçı Nərgiz Hüseynovapianoçu Sevinc Kərimovanın ifasında “Ulduzlu gecə”, skripkaçı Zərin Əliyeva və Sevinc Kərimovanın müşayiəti ilə “Sentimental vals”, kamança ifaçısı Mədinə Şahgəldiyevanın ifasında “Unutma”, Ümid Mustafayevin (tar) ifasında “Skertso” əsərləri səsləndi.

Tədbirdə görkəmli bəstəkar, akademik Arif Məlikov, Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova, Bəstəkarlar İttifaqının üzvləri, tanınmış musiqiçilər, ifaçılar, ədəbiyyat, elm xadimləri iştirak edirdi.

Sonda çıxış edən Sərdar Fərəcov tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 9 noyabr.- S.15.