Makedoniya Azərbaycanla
mədəni əməkdaşlıqda maraqlıdır
Ölkənizin təbii zənginliyi, mədəni irsi haqqında məlumatım var. Ümid edirəm ki,
tezliklə Azərbaycana səfər edib bütün bunları öz gözlərimlə görəcəyəm
Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini 1995-ci ildə tanıyıb və elə həmin ildə də ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. Makedoniya Respublikasının Türkiyə böyükelçisi Zvonko Mucunski, eyni zamanda iqamətgahı Ankarada olmaqla, ölkəsinin Azərbaycan üzrə də səfiridir.
Son illər isə iki ölkə arasında əlaqələr genişlənməkdədir. Səfirlə müsahibəmizdə bu və digər mövzulara toxunduq.
- Cənab Mucunski, Makedoniya və Azərbaycan arasında ümumi əlaqələri necə qiymətləndirirsiniz?
- Ölkələrimiz arasında diplomatik əlaqələrin 20 ildən çox tarixi var. Bu münasibətlər ilk gündən qarşılıqlı anlayış, dostluq və ümumi maraqlara əsaslanıb. Əlbəttə ki, yaxşı siyasi əlaqələr iqtisadi əməkdaşlıq, iki ölkə arasında ticarətin artması, eləcə də qarşılıqlı investisiya təşəbbüsləri üçün mühüm addımdır. Ona görə ki, qarşılıqlı maraqlarda əsas məqsəd proseslərə doğru daha çox enerji və konkret addımlar sərf etməkdir. Makedoniya Prezidenti Georgi İvanov Bakıya ilk dəfə Krans Montana Forumu çərçivəsində səfər edib və orada prezidentlərimiz bir araya gəliblər. Dövlət başçıları növbəti dəfə 2015 və 2016-cı illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumunda görüşüblər. Ümid edirəm ki, bütün sahələrdə əlaqələrimizi gələcəkdə daha da inkişaf etdirəcəyik. Hələlik Azərbaycanda Makedoniya səfirliyinin iqamətgahı yoxdur. Ona görə də Makedoniyanın Ankaradakı səfirliyi Azərbaycanla da əlaqələri gücləndirməyə məsuliyyət daşıyır. İnanıram ki, Makedoniya Respublikası yaxın gələcəkdə bu dost ölkədə öz səfirliyini açacaq.
- Bu günə qədər Azərbaycana səfər etdinizmi?
- Hələ Azərbaycana getməmişəm. Lakin ümid edirəm ki, mənim belə bir səfər etmək imkanım olacaq və sizin xalq haqqında biliklərimi daha dərinləşdirəcəyəm. Bu həm də mənin üçün ölkəniz haqqında eşitdiyim tarixi və mədəni zənginliyi görmək fürsəti olacaq. Onu da deyim ki, digər ölkələrdə diplomatik fəaliyyətim zamanı Azərbaycan diplomatları ilə gözəl əlaqələrim olub. Onlardan həmişə Azərbaycanın siyasəti, iqtisadiyyatı və eləcə də ölkənizin mədəniyyət və turizmi haqqında məlumatlar almışam.
- Mədəniyyət əlaqələri insanlara bir-birilərini yaxından tanımağa, ünsiyyət qurmağa daha çox imkan verir. Bu baxımdan iki ölkə arasında mədəni əlaqələr haqqında nə deyərdiniz?
- Makedoniya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığı tənzimləyən sənəd olmasa da, bizim bu sahədə bir sıra birgə fəaliyyətlərimiz mövcuddur. Məsələn, 2013-cü ildə Makedoniyada mədəni irsin qorunması üzrə beynəlxalq konfrans keçirildi. Konfrans çərçivəsində Makedoniya Mədəniyyət Nazirliyinin də dəstəyi ilə Azərbaycanın mədəniyyət və incəsənətini əks etdirən sərgi nümayiş olundu. Sərginin açılışı Azərbaycan musiqiçilərinin ifaları ilə müşayiət olundu. 2014-cü ildə isə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda və Ağsuda Azərbaycan və Makedoniya mədəni irsini tanıdan silsilə tədbirlər keçirildi. Tədbirdə Makedoniyadan gələn Drimkol folklor qrupunun ifasında rəqslər də maraqla qarşılandı. 2015-ci ildə Bakıda qonaq olan Makedoniya Milli Teatrı "Virciniya canavarından kim qorxur? adlı tamaşa göstərdi. Elə həmin ildə Mədəniyyət və İncəsənət Universiteti Bakıda Ortaq nöqtələrin axtarışı sərgisini nümayiş etdirdi. Ümumiyyətlə, Makedoniyanın Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası ilə mədəni əməkdaşlıq təşəbbüslərində maraqlıdır. Ümid edirəm ki, gələcəkdə mədəni əlaqələri tənzimləyən hökumətlərarası sənədin imzalanması ilə bu əməkdaşlıq daha da genişlənəcək.
- Makedoniya türkdilli ölkələrin beynəlxalq mədəniyyət təşkilatı olan TÜRKSOY-la da yaxından əməkdaşlıq edir, müxtəlif layihələrə qatılır. Yəqin ki, bununla həm də türk dünyası ilə yaxından tanış ola bilirsiniz?
- Makedoniya TÜRKSOY-a üzv olmasa da, qurumla əməkdaşlıq imkanları mövcuddur. 2008-ci ildən etibarən TÜRKSOY-un ənənəvi layihələrindən olan rəssamlar və fotoqrafların görüşləri, eləcə də Novruz bayramı tədbirlərinə Makedoniyanın müxtəlif bölgələrindən 50-dən çox sənətçi qatılıb. 2013-2014-cü illərdə Türkiyə Gənclər və İdman Nazirliyi və TÜRKSOY-un birgə əməkdaşlığı ilə 19 May Gənclik Həftəsi tədbirində Makedoniyadan xalq rəqsləri qrupları iştirak etdi. TÜRKSOY-un 32-ci Daimi Şurasının konfransına Makedoniyanın dövlət naziri Furqan Çako qonaq kimi qatılaraq türkdilli ölkələrin nazirləri ilə yaxından tanış olmaq fürsəti qazandı. Bundan başqa, ölkəmiz TÜRKSOY-un Qazaxıstanda və Türkmənistanda təşkil etdiyi beynəlxalq elmi konfranslarda təmsil olunub. Türkvizion mahnı yarışmasında da Makedoniya təmsil olunma imkanı qazanıb. Ötən ilin dekabrında TÜRKSOY-un koordinasiyası, Makedoniyanın Ankaradakı səfirliyi və Keçiören Bələdiyyəsinin əməkdaşlığı ilə Makedoniya türklərinin Türk dilində təhsil bayramı Ankarada qeyd olundu. Makedoniyanın Qostivar şəhərində TÜRKSOY tərəfindən elan edilən Yusif Has Hacip ili çərçivəsində elmi konfrans keçirildi. Həmin tədbirə Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstandan elm adamları qatıldı. Bugünlərdə isə Bakıda və Şəkidə TÜRKSOY-un iştirakı ilə düzənlənən elmi toplantılarda Makedoniya Elmlər Akademiyasının əməkdaşı, professor Numan Aruc iştirak etdi. Beləliklə, TÜRKSOY-la işbirliyində olmaq, türk dünyası ilə yaxın olmaq bizi məmnun edir.
- Makedoniya turizm ölkəsi kimi də tanınır. Ölkələrimiz arasında turizm sahəsində əlaqələrin perspektivini necə görürsünüz?
- Ölkəmiz dünyada tanınan məşhur turizm məkanına çevrilməkdədir. Təəssüf ki, hələlik Makedoniya Azərbaycanda maraqlı turizm ölkəsi kimi tanınmır. Azərbaycandan ölkəmizə gələn turist sayı cüzidir. Eyni fikirləri Azərbaycana gedən makedoniyalı turistlər barədə də deyə bilərəm. Bizim vəzifəmiz bu istiqamətdə çox işlər görməkdir. Bu kontekstdə iki ölkə arasında birbaşa uçuşların açılmasının mümkünlüyü nəzərdən keçirilə bilər. Hazırda Azərbaycandan Makedoniyaya hava uçuşu İstanbul aeroportu vasitəsilə həyata keçirilir.
- Makedoniyada turizmin hansı növləri inkişaf edib və onlardan hansılar Azərbaycan turistləri üçün daha maraqlı ola bilər?
- Turizm Makedoniya Respublikası iqtisadiyyatının mühüm hissəsidir və son illərdə turist sayında artım müşahidə olunur. Ölkəmiz özünün qədim monastırları, digər tarixi tikililəri, müalicəvi mineral bulaqları, möhtəşəm gölləri, yüksək dağları və yay turizmi ilə tanınır. Ölkənin paytaxtı Skopyenin qədim və zəngin keçmişi var. Skopye su kanalları, çoxlu sayda Osmanlı abidələri, xüsusilə, Qədim bazar, Mustafa Paşa məscidi turistlərin diqqətini çəkir. Bu gün Skopye 500 min əhalisi, müasir muzeyləri, çoxlu mədəni və idman tədbirləri ilə müasir şəhərə çevrilib.
Ölkənin cənub-qərbində yerləşən Ohrid şəhəri isə UNESCO-nun Dünya irsi siyahısına daxil edilib. Şəhər həm də məşhur turizm məkanıdır. Düşünürəm ki, Makedoniya turizmi zənginliyi ilə azərbaycanlılar üçün də maraqlı ola bilər.
- Cənab səfir, son olaraq Azərbaycan xalqı, mədəniyyəti və musiqisi haqqında fikirlərinizi eşitmək istərdik...
- Azərbaycanın böyük tarixi keçmişi olan, həmçinin tolerant, çoxmədəniyyətli bir ölkə olduğunu bilirəm. Eyni zamanda ölkənizin müasir inkişafı, dünya dövlətləri ilə geniş əlaqələri barədə məlumatlıyam. Ölkələrimizin xarici siyasətində də əsasən bənzər prioritetlər var: Avropa strukturları ilə sıx əməkdaşlıq, beynəlxalq təhlükəsizliyə yardım, etnik və dini tolerantlığı qorumaq, demokratiya və insan hüquqlarını gücləndirmək, güclü iqtisadi və sosial inkişaf. Azərbaycanın Böyük İpək Yolu və Cənub-Şimal dəhlizinin əsas beynəlxalq trafiklərin kəsişmə nöqtəsində yerləşməsi onun strateji əhəmiyyətini artırır. Bu, eyni zamanda Azərbaycanın geniş turizm imkanlarının təbliği üçün zəmin yaradır. Ölkənizin təbiəti, çoxçeşidli landşaftları, tarixi memarlığı bu baxımdan böyük imkanlar açır.
Bir sözlə, ölkəniz haqqında çoxlu məlumatım var, dadlı ənənəvi mətbəxinizin olmasından da xəbərdaram. Ümid edirəm ki, tezliklə Azərbaycana səfər edib bütün bunları öz gözlərimlə görəcəyəm.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 11
noyabr.- S.10.