Müasir İncəsənət Məkanında
"Nə var, odur"
Noyabrın 11-də YARAT Müasir İncəsənət Məkanında rəssam Faiq Əhmədin "Nə var, odur" adlı fərdi sərgisinin açılışı olacaq. Sərgidə gender münasibətlərini araşdıran 6 yeni monumental əsər nümayiş etdiriləcək.
Rəssam F.Əhməd Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə söykənən və köklü transformasiyalar edən toxunma əsərləri ilə tanınır. O, bölgələrdə yaşayan soydaşlarımızın sosial mühitinin araşdırılmasından qaynaqlanan yeni silsilə əsərlər yaradır.
Əsərləri mədəniyyət normalarının dərk edilməsi yönündə bir çağırışdır. Həmin əsərlər Asiya və Avropanın, Şərq və Qərbin kəsişmələrində yer alan adət-ənənələri "Şərq təcrübələri" kimi tamaşaçıya tanıdır.
Bildirək ki, F.Əhməd 1982-ci ildə Sumqayıtda anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsini bitirib. 2013-cü ildə rəssam Londonun tanınmış Viktoriya və Albert Muzeyinin "Jameel Prize 3" mükafatına layiq görülüb. Əsərləri Los-Anceles, Sietl, Palm Springs incəsənət muzeylərinin ictimai kolleksiyalarında, eləcə də Filadelfiya, Nyu-York, Brüssel, Romada kolleksiyalarda, Birləşmiş Ərəb Əmirliklərində Şeyx Zayed bin Sultan Xəlifə Əl-Nahayanın şəxsi kolleksiyalarında saxlanılır.
Təkcə bu il F.Əhmədin əsərləri Boston, Klivlend (ABŞ), Sidney, Hobart (Avstraliya) və s. şəhərlərdə incəsənət muzeylərində nümayiş etdirilib.
S.Qaliboğlu
Mədəniyyət.-
2016.- 11 noyabr.- S.13.