“Abşeron
ulduzları” Moskvanın məşhur muzeyində
Tretyakov Qalereyasında 1960-1980-ci illərin Azərbaycan rəssamlarının sərgisi açılıb
Noyabrın 15-də Moskvada, Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərginin açılışı olub.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və “Mərcani” Fondunun dəstəyi ilə keçirilən sərginin ekspozisiyasına Tretyakov Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində və “Mərcani” Fondunda saxlanılan əsərlər daxildir.
Sərgidə 12 Azərbaycan rəssamının - Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Tofiq Cavadov, Cavad Mircavadov, Mir Nadir Zeynalov, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Tahir Salahov, Fərhad Xəlilov və Qəyyur Yunusun 50-dən çox əsəri, Fazil Nəcəfovun 11 heykəltəraşlıq işi nümayiş etdirilir.
Açılış mərasimində çıxış edən Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova sərginin təşkili ideyasından danışaraq bildirib ki, bu, Moskvanın mədəni həyatında çox əlamətdar hadisədir. Bildirilib ki, nümayiş olunan əsərlərin hər biri Abşeronun gözəlliyini, Odlar Yurdunun füsunkarlığını nümayiş etdirir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib. O, 160 illiyini qeyd edən Dövlət Tretyakov Qalereyasının əməkdaşlarını yubiley münasibətilə təbrik edərək bu məkanda Azərbaycan rəssamlarının sərgisinin açılmasının əhəmiyyətini qeyd edib, sərginin kuratorlarına və layihənin reallaşmasında zəhməti olan hər kəsə təşəkkürünü bildirib.
Mehriban Əliyeva deyib: “Bu tədbir Azərbaycanın mədəni həyatında parlaq hadisədir və ümidvaram ki, Rusiyanın mədəni həyatında da hadisəyə çevriləcək. Sərginin təşkilatçıları məhz XX əsrin 60-80-ci illəri dövrünə təsadüfən müraciət etməyiblər. Bu dövr Azərbaycan incəsənətinin inkişafının parlaq işıq saçdığı bir dövrdür. Bu dövrdə Azərbaycanda böyük musiqiçilər, bəstəkarlar, rəssamlar, heykəltəraşlar yaşayıb-yaradıb. Onların adları respublikanın hüdudlarından çox-çox uzaqlarda tanınır. Bu ekspozisiyada o dövrün, həmin nəslin böyük rəssamlarının əsərləri toplanıb. Bu, təkcə Azərbaycan təsviri sənət məktəbinin tarixi irsi deyildir. Bu, sonralar öz ardıcıllarını yetişdirən bütöv bir məktəb, bütöv bir istiqamətdir. Bu gün Azərbaycanda məhz həmin dövrün bədii estetikasını yaradıcılığında təcəssüm etdirən gənc və istedadlı rəssamlar çoxdur”.
Vurğulanıb ki, ekspozisiyada nümayiş olunan sənətkarların hər birinin öz dəst-xətti, öz xarakteri var: “Lakin mən əminəm ki, siz ekspozisiya ilə tanış olanda bütün bu işləri birləşdirən ortaq başlanğıcı görəcəksiniz. Bu, vətənə sevgi, qaynaqlara sədaqət, köklərə bağlılıq, süjetlərdə ifadə edilən vahid mentallıqdır. Bunlar doğma Qarabağ mənzərələri, Abşeronun qaynar havasıdır. Çox ümid edirəm ki, siz bu işlərin qeyri-adi energetikasını və onların emosional zənginliyini duyacaqsınız. Biz yaradıcılığı sağlığında etiraf edilmiş, Azərbaycan rəngkarlıq məktəbinin formalaşmasında çox böyük rol oynamış rəssamların, görkəmli sənətkarların işlərini görəcəyik. Lakin, eyni zamanda, Azərbaycanda geniş auditoriyanın tanımadığı sənətkarlar da yaşayır və yaradırdı. Onların sərgi təşkil etməyə imkanları yox idi. Çünki onların yaradıcılığı, belə desək, rəsmən qəbul edilmiş ideoloji xətt ilə üst-üstə düşmürdü. Məhdudiyyətlərə baxmayaraq onlar yaradıcı şəkildə özünü ifadə etmək vasitələri axtarışından imtina etmirdilər. Bu rəssamların işinin xüsusiyyəti mütləq yaradıcılıq azadlığı və Azərbaycan məktəbinin milli ənənələrini Avropa incəsənətinin avanqard axtarışları ilə uzlaşdırmaq cəhdi idi. Bu gün Azərbaycan onların adları ilə fəxr edir, onların yaradıcılığı Azərbaycan incəsənətinin klassikasıdır”.
Rusiyanın paytaxtında, dünyaca məşhur muzeydə ilk dəfə Azərbaycanın görkəmli rəssamlarının işlərinin toplandığı sərginin keçirildiyini deyən Mehriban Əliyeva iki ölkə arasında mədəni və humanitar əlaqələrin inkişaf etdiyini, ölkəmizdə Dövlət Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzinin, Rusiya ali məktəblərinin filialının fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “İncəsənət, ədəbiyyat, musiqi bütün bəşər tarixi boyunca mədəniyyətin, humanizmin, gözəlliyin və mənəvi dəyərlərin rəmzləri olub və yenə belədir. Mən həyatımızda gözəl, uca mənəvi dəyərləri yayan insanların hamısına dərin təşəkkürümü bildirmək istəyirəm”.
* * *
Rusiya Baş nazirinin müavini Olqa Qolodets çıxış edərək Bakıya səfərini xatırlayıb. Qeyd edib ki, Azərbaycan mədəniyyəti hər zaman özünün qədimiliyi ilə seçilib.
Rusiyanın mədəniyyət naziri Vladimir Medinski vurğulayıb ki, Tretyakov Qalereyasının kolleksiyasına hazırda Azərbaycan rəssamlarının ən yaxşı əsərləri daxildir. Bakının yerləşdiyi Abşeron yarımadası xüsusi yaradıcılıq mühitinə malikdir və burada tanınmış Azərbaycan rəssamları yetişib.
“Mərcani” Fondunun direktoru Rüstəm Süleymanov Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən bu layihədən məmnunluğunu ifadə edərək belə sərgilərin davamlı olacağına əminliyini bildirib.
Sonra mərasim iştirakçıları sərgi ilə tanış olublar.
Məlumat verilib ki, sərgi Tretyakov
Qalereyasının uzunmüddətli layihəsi çərçivəsində
reallaşdırılıb. Layihə çərçivəsində
keçmiş SSRİ
respublikalarının tanınmış rəssamlarının
həm qalereyada, həm də müxtəlif
muzeylərdə və şəxsi qalereyalarda
saxlanılan əsərləri təqdim olunacaq.
Bu ekspozisiya həmin
silsilədən təqdim olunan ilk sərgidir. Sərgi gələn ilin fevralınadək davam
edəcək.
Xalq
şairi Səməd Vurğunun 110 illiyi Ankarada silsilə tədbirlərlə
qeyd edilir
Mədəniyyət.- 2016.- 16
noyabr.- S.3.