Unudulmaz aktyorun 65 illik yubiley gecəsi
Noyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli kino və teatr
xadimi Yaşar Nurinin (1951-2012) 65 illik yubileyi münasibətilə
xatirə tədbiri keçirildi.
Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Milli Dram Teatrının təşkilatçılığı ilə gerçəkləşən
gecədə tanınmış
mədəniyyət və
incəsənət xadimləri,
mərhum sənətkarın
sənət dostları
və yaxınları
iştirak edirdi.
Əvvəlcə iştirakçılar Yaşar Nurinin sənət yolunu əks etdirən fotosərgi ilə tanış oldular.
Tədbirdə mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev çıxış
edərək unudulmaz sənətkarın həyat
və yaradıcılığından
söz açdı. Bildirdi ki, biri-birindən maraqlı obrazlar yaradan aktyorun teatr və kino
sənətinin inkişafında
əvəzsiz xidmətləri
olub: "Yaşar Nuri teatr aktyoru
kimi tanınmaqla yanaşı, həm də məşhur kino ustası kimi sevilib. 50-dək
bədii filmdə yaratdığı obrazları
sənətkara geniş
tamaşaçı auditoriyası
qazandırıb”.
Vurğulandı ki, Yaşar Nuri yüzdən çox televiziya tamaşasında yaratdığı
obrazlarla, biri-birindən
maraqlı bədii kompozisiyalar və satirik səhnəciklərdə
də tamaşaçılar
tərəfindən hər
zaman sevilib, alqışlanıb. Onun rol aldığı “Yollar görüşəndə”,
“Ömrün yolları”,
“Qatarda”, “Evləri köndələn yar”, “Kökdən düşmüş
piano”, “Topal Teymur”, “Səni axtarıram”, “Bağışla”, “Səndən
xəbərsiz” trilogiyası,
“Göz həkimi”, “Ac
həriflər” və
başqa televiziya tamaşaları bu gün də böyük maraqla baxılır. Buna görə də Yaşar Nuri əsl sənətkar kimi hər zaman
xalqın yaddaşında
əbədi yaşayacaq.
Ədalət Vəliyev sənətkar
haqqında xatirələrini
bölüşərək onu böyük aktyor olmaqla yanaşı, həm də əsl dost, qayğıkeş ailə
başçısı kimi
xarakterizə etdi.
Akademik Milli
Dram Teatrının direktoru,
Xalq artisti Azərpaşa Nemət görkəmli aktyorun yaratdığı obrazlar
qalereyasına nəzər
saldı. Qeyd etdi ki, sənətkarın çoxsaylı
tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində
ustalıqla canlandıraraq
xarakter səviyyəsinə
qaldırdığı obrazlar
yüksək komizmi, incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib.
Onun işıqlı xatirəsi
Azərbaycan tamaşaçısının
yaddaşında daim yaşayacaq və mədəniyyətimiz var
olduqca, Yaşar Nuri də hər
zaman yad olunacaq.
Çıxışlarda Yaşar Nurinin zəngin yaradıcılıq
axtarışları ilə
milli teatr və kino sənətinin
inkişafına dəyərli
töhfələr verdiyi
qeyd olundu. Vurğulandı ki, aktyor təkrarolunmaz
fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor
ənənələrini bütün
yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun,
novatorcasına davam etdirib.
Xatirə gecəsində sənətkarın
vaxtilə iştirak etdiyi səhnə əsərlərindən fraqmentlər
təqdim olundu.
Fariz
Mədəniyyət.- 2016.- 16
noyabr.- S.4.