“Karmen”: ehtirasın səslənişi
özündən gözəl olanda...
Heç düşündünüzmü ki, “Karmen” barədə az-çox məlumatı olan kəs niyə onu bu qədər sevir? Əlbəttə, söhbət «Karmen» operasından gedir. Əsərin ilk nümayişindən keçən 140 ildə işvəkar və ehtiraslı qaraçı qızının adından ilhamlanaraq musiqiyə və sənətə heç bir aidiyyəti olmayan çevik işbazların yaratdığı onlarla ticarət markasında işimiz yox...
Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı klassik musiqi xiridarlarını Jorj Bizenin «Karmen» operasının növbəti nümayişi ilə sevindirdi. Həmişə yeni səslərin, istənilən opera tamaşasının afişasını bəzəyəcək isimlərin axtarışında olan teatr rəhbərliyi bu dəfə də operasevərlərə əsl sənət zövqü yaşatdı.
Dörd ölkə (Azərbaycan, Rusiya, Ukrayna və Polşa) sənətçilərinin təqdim etdiyi «Karmen»in mövsümün ən uğurlu tamaşalarından biri olacağı artıq bəllidir.
Karmen partiyasını
bu dəfə Vroslav Opera Teatrının
solisti İrina Jitinskaya ifa edirdi. Avropa ölkələrində yaddaqalan qastrol tamaşaları oynamış,
Lissabonda beynəlxalq
opera festivalında Karmen
partiyasının ən
yaxşı ifaçısı
kimi mükafatlandırılmış
polşalı xanım
ilk dəfə çıxdığı
Bakı səhnəsində
də sübuta yetirdi ki, bu
mükafat onun halal haqqı imiş.
Vokalçının güclü metso-soprano səsinə
model görünüşünü, mimik cizgilərdən səxavətlə istifadə
edən aktrisalıq bacarığını və
rəqqasə plastikasını,
səhnədə klassik
vokal ifaçısından
xeyli fərqli sərbəstliyini, vücudunun
incəliklərini daha
qabarıq göstərən
cəsarətli geyimini
də əlavə edin və izləyicilərin
bu ifadan aldığı zövqün
dərəcəsini müəyyən
edin.
Xoze partiyasını bizim səhnədə özünü
doğma məkandakı
kimi hiss edən, əvvəllər də «Karmen» operasında oxumaq üçün ölkəmizə gəlmiş
Ukraynanın Xalq artisti Andrey Romanenko ifa etdi.
Birinci pərdədə
o bir qədər çaşqın, quru təsir bağışlasa
(bəlkə də bu, vokalçının qəlbi kimi gözəlliyi də saf olan Mikaela
(Əməkdar artist İnarə
Babayeva) ilə işvəkar Karmenin arasında gerçəkdən
özünü itirməsindən
irəli gəlirdi) da, növbəti səhnələrdə biz əsl
Xozeni - qadın ehtirasının toruna düşüb hərbçi
karyerasını, sevgilisini
və nəhayət, azadlığını itirən
Xozeni görüb dinləyə bildik.
Eskamilyo...
Budəfəki cəsur toreador Eskamilyo
təkcə tamaşa
iştirakçılarının deyil, həm də tamaşaçılarının
səhnəyə gəlişini
çoxdan gözlədiyi
qəhrəman idi.
Azərbaycan tamaşaçısının
hələ «Bakılı
oğlanlar» komandasının
zəfər dövründən
yaxşı tanıdığı,
hazırda Moskvada “Bolşoy Teatr”ın solisti olan soydaşımız
Elçin Əzizov təxminən iki il idi ki,
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının səhnəsində çıxış
etməmişdi. Nə gizlədək,
bu «Karmen»in elə əsl favoriti də elə dünyanın ən böyük opera səhnələrində müntəzəm
çıxış edən
soydaşımız idi.
«Karmen» operasının
fabulasına görə,
Eskamilyonun partiyası
o qədər də böyük deyil, o, səhnədə Xoze qədər görünmür.
Amma Karmenin qəlbi uğrunda savaşda onun qalibiyyət şansı, tütün fabrikində işləyən
adi qaraçı qızı cəmiyyətin
sayılıb-seçilən xanımı məqamına
gətirmək hünəri
də böyükdür.
Elə Karmen də bunları nəzərə
alıb Eskamilyonu seçir. Onu qarabaqara izləyən,
qısqanclıqdan dəli
olacaq hala gəlmiş Xozenin təhdidlərini saya salmadan toreadoru seçir.
Həmin axşam bizim operasevərlər öz teatrımızın solistlərinin
ilhamlı oyunundan və güclü səsindən də kifayət qədər zövq aldılar. Teatrın solistləri
heç də qastrolçuların kölgəsində
qalmadılar. İnarə Babayevanın
hər tamaşadan-tamaşaya
təkmilləşən aktyorluq
qabiliyyəti onun büllur kimi incə sopranosunu dinləyiciyə daha da sevdirir. Onun Mikaelası hər şeyə rəğmən
Xozeni sevən, onun kəndə həmişəlik qayıdacağına
inanan, nişanlısının
ardınca təhlükəli
situasiyalara düşməkdən
çəkinməyən bir
qızdır.
Xalq artisti Əli Əsgərovun bas səsi və səhnə cazibəsi istənilən tamaşaya
rəng qatmağa qabildir. Tütün fabrikinin qızlarına
gözü düşən
kapitan Suniqo onun ifasında istər qarşılaşdığı
Xoze ilə, istərsə də Eskamilyo ilə tən bərabər idi. Teatrın iki gözəl xanımı - əməkdar
artistlər Gülnaz İsmayılova (Fraskita) və Səbinə Əsədova (Mersedes), eləcə də solistlər Tural Ağasıyev (Morales, Dankayko)
və Əliəhməd
İbrahimov (Romendado) əsas partiya ifaçılarının fonunda
statist görünmürdülər. Onların hər biri tamaşaçılardan
öz alqış payını aldı.
Opera tamaşasından danışıb onun dirijorunu unutmaq olmaz. Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin musiqiyə və ifa etdiyi
əsərə bəslədiyi
böyük məhəbbətindən
yaranan çılğın
idarəçiliyi elə
Jorj Bizenin musiqisindəki ehtirasa bərabər idi.
* * *
Heç düşünmüsünüz
ki, niyə «Karmen»
operası barədə az-çox məlumatı
olan hər kəs onu
niyə bu qədər sevir?
Axı, əsl sevgiyə inanmayan, öz gözəlliyini, ehtirasını istəklərinin
alətinə çevirən Karmen kimdi ki, ona
bu qədər məhəbbət bəslənilsin?
Niyə bütün metso-soprano
səsli vokalçılar bu partiyanı ifa etmək eşqi ilə
yaşasın? Əslində opera heç də əvvəldən belə
şöhrət qazanmayıb. «Karmen» 1875-ci il martın 3-də
ilk dəfə Parisin
«Opera-komik» teatrında
oynanılanda iflasa uğrayıb. Bəstəkar Jorj Bize
opera kimi elitar bir janrda ilk dəfə xalq arasından çıxmış
sadə qaraçı
qızını baş
qəhrəman etdiyi üçün tənqid
atəşinə tutuldu.
Otuz il
əvvəl Prosper Merimenin
Karmeni novella qəhrəmanı
kimi ədəbiyyata gətirməsini ona bağışlayan cəmiyyət
əxlaqi normaları özünə qalxan edib bəstəkara hücum çəkdi. Yeri gəlmişkən, bəstəkar elə həmin il
37 yaşında ürək
tutmasından vəfat
etdi. Bəlkə də onun ölümünü tezləşdirən
elə «Karmen» üzündən rastlaşdığı
haqsız iradlar, yersiz tənqidlər oldu? Hər halda «Karmen»
XXI əsrdə də
J.Bizenin ən məhşur əsəri olaraq qalır. Səbəb?
Bu suala ən qısa cavabı elə Prosper Merime özü verib: «Hətta bədniyyətli ehtirasın içindəki
enerji bizdə heyrət və istər-istəməz bir qədər heyranlıq doğurur».
Başqalarını deyə bilmərik, amma siz əsl
musiqisevərlərdən soruşun
ki, «Karmen»i niyə sevirsiniz? Hər kəs
qəhrəmanların düşüncəsini,
ruhunu, məramını
arxa planda qoyub Jorj Bizenin
damarda qan coşduran gözəl musiqisinə heyranlığını
deyəcək. Ötən şənbə
olduğu kimi, baxdığın tamaşa
da sənin zövq almaqla bağlı gözləntilərini
doğruldursa, xoş halına.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 16
noyabr.- S.6.