Türk Mədəniyyəti və İrsi Fondu ilə IRCICA arasında memorandum imzalanacaq

 

 

Noyabrın 11-də Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) baş direktoru Halit Eren ilə görüşüb.

Görüşdə G.Əfəndiyeva qurumun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviq edilməsi istiqamətində fəaliyyəti və gələcək layihələri barədə məlumat verib.

Fondun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və üzv ölkələrin dövlət başçılarının dəstəyi ilə yaradıldığını bildirən G.Əfəndiyeva ortaq layihələrin reallaşdırılmasının əhəmiyyətindən söz açıb.

Öz növbəsində H.Eren Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin türk dünyasının birliyi üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib, Fond ilə IRCICA arasında gələcəkdə uğurlu qarşılıqlı əməkdaşlığa inamını ifadə edib.Qarabağ: tarixirsmövzusunda beynəlxalq elmi konfransla əlaqədar Bakıda səfərdə olduğunu söyləyən H.Eren Qarabağ irsinin mühafizəsinin önəm kəsb etdiyini bildirib.

G.Əfəndiyeva Qarabağ həqiqətlərinin dünyada yayılması ilə bağlı müxtəlif beynəlxalq tədbirlərin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

Görüşdə Türk Mədəniyyəti və İrsi Fondu ilə IRCICA arasında anlaşma memorandumunun imzalanmasına dair razılıq əldə edilib, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.7.