Kollektivimizin əsas hissəsini gənc aktyorlar təşkil edir
IV Bakı Beynəlxalq Teatr Konfransının iştirakçılarından biri də Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru və direktoru Varlam Nikoladze idi. Onunla teatrın fəaliyyəti barədə ayaqüstü söhbət etdik və təəssüratlarını öyrəndik.
Həmsöhbətim konfransın mövzusunun aktuallığını vurğulayaraq bildirdi ki, bu gün Tbilisi Azərbaycan Dövlət Dram Teatrı da multikultural dəyərlərə xidmət göstərməkdədir.
- Məqsədimiz Azərbaycan dramaturqlarının əsərlərini gürcü dilinə, gürcü dramaturqlarının əsərlərini isə Azərbaycan dilinə tərcümə edərək iki xalqın mədəniyyətini bir-birinə daha yaxından tanıtmaqdır. Teatrın kollektivinin əsas hissəsini azərbaycanlı aktyorlar təşkil edir. Onlar Gürcüstanda boya-başa çatan həmvətənlərimizdir.
Yəqin sizə də məlumdur ki, hazırda teatrımızın bəzi çətinlikləri var. Binanın təmirsiz olması və sair məsələlər geniş fəaliyyətə imkan vermir. Bununla belə fəaliyyətimizi davam etdiririk. Uzun illər fasilədən sonra “Arşın mal alan” komediyasını gürcü dilində tamaşaya qoymağı planlaşdırırıq. Tbilisidə Azərbaycan teatrının bir əsrdən çox tarixi var. 1947-ci ilə qədər fəaliyyət göstərən teatrda tanınmış səhnə ustaları Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Taso Abaşidze və digərləri fəaliyyət göstərmişlər.
2004-cü ildən fəaliyyətini bərpa edən teatr yeni həyatını yaşayır. Burada müasir tamaşalar qoyulur və teatr Gürcüstanın yaxın dostu, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyır. Teatrımızda Ş.Rustaveli adına Gürcüstan Dövlət Kino və Teatr Universitetinin məzunları olan 13 gənc azərbaycanlı aktyor çalışır. Teatrın nəzdində studiya da fəaliyyətdədir. Repertuarımızda Cəfər Cabbarlının “Solğun çiçəklər”, Elçinin “Qatil”, Üzeyir Hacıbəylinin və digər dramaturqların əsərləri yer alır. Teatrımızın aktyoru Turqay Vəlizadənin Türkiyədə keçirilən teatr festivalında ən yaxşı xarici rejissor kateqoriyasında mükafat qazanması da uğurlarımız siyahısındadır. Maddi-texniki problemlər kollektivin nikbin əhval-ruhiyyəsinə mane olmur. İnanırıq ki, yaxın gələcəkdə çətinliklər aradan qalxacaq və biz teatrımızın yaşaması yolunda səylərimizi əsirgəməyəcəyik.
Lalə
Mədəniyyət.- 2016.- 16
noyabr.- S.10.