Görkəmli xanəndə
Bülbülcanın 175 illik yubileyi qeyd olundu
Noyabrın 11-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli xanəndə Bülbülcanın (Əbdülbaqi Zülalov) anadan olmasının 175 illiyinə həsr edilmiş tədbir keçirildi.
Tədqiqatçı Gülhüseyn Kazımlı tədbiri açaraq sənətkarın yaradıcılıq yolundan və musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışdı. Bildirdi ki, musiqi mədəniyyəti tariximizdə özünəməxsus iz qoyan sənətkarlardan biri də məşhur xanəndə Bülbülcan olub.
O, 1841-ci ildə Şuşada dünyaya göz açıb. Xarrat Qulunun məktəbində xanəndəliyin ilk sirlərini öyrənib, sonra tarzən Sadıqcanla bərabər Qarabağ, Şəki, Şirvan və Gəncə şəhərlərində zəngin ailə məclislərinə, el şənliklərinə dəvət olunub. 1875-ci ildə Tiflisə köçən Əbdülbaqi burada xeyriyyə məqsədilə verilən konsertlərdə çıxışlar edib. O, gürcü dilini də mükəmməl öyrənib, öz ifası ilə gürcü dinləyicilərinin rəğbətini qazanıb. Tiflisdə onu “Bülbülcan” deyə çağırıblar.
Mərasimdə xalq artistləri Arif Babayev, Nəzakət Teymurova və başqaları çıxış edərək Bülbülcanın sənətkarlıq qüdrətindən və müəllimlik fəaliyyətindən söz açdılar. Qeyd olundu ki, 1900-cü ilin mayında İran hökmdarı Müzəffərəddin şahın Tiflisə gəlişi münasibətilə böyük məclis qurulur. Məclisə dəvət olunan Əbdülbaqi böyük şövqlə oxuyur. İfaya heyran qalan Müzəffərəddin şah onu “Şiri-Xurşid” ordeni ilə təltif edir.
Geniş repertuara malik Bülbülcan 70 illik yaradıcılıq fəaliyyəti dövründə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda konsert proqramları ilə çıxış edib. Muğamsevərlər arasında nüfuz qazanıb. Cabbar Qaryağdıoğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Seyid Şuşinski kimi tanınmış ifaçılar nəslinin yetişməsində onun mühüm xidməti olub.
O da diqqətə çatdırıldı ki, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Bülbülcan Bakıya gəlir. Konservatoriyada müəllim kimi işə düzəlir. Sonra Üzeyir Hacıbəylinin təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbinə dəvət edilir. Yaşının çox olmasına baxmayaraq, gənc xanəndələrin hazırlanmasında xüsusi səy göstərir. Üzeyir bəy məqalələrinin birində yazıb: “...Tarzən Sadıqcanın, xanəndə Əbdülbaqinin adları və sədaları Qafqazın hər bir yerində məşhur olub beynəlmiləl bir mahiyyətdə ad qazanıblar”.
Görkəmli xanəndə 1927-ci ildə Bakıda vəfat edib.
Gecədə Əməkdar artist Malik Mansurovun bədii rəhbərliyi və “Naz-naz” ansamblının müşayiəti ilə Əməkdar artist Təyyar Bayramov, tanınmış xanəndələrdən Kamilə Nəbiyeva, Məhərrəm Həsənov, Nəzər Bayramov və başqalarının ifasında “Şahnaz” təsnifi, “Dumanlı Təbriz”, “Uca dağlar” və “Çahargah” təsnifi səsləndirildi.
Sonda tədbir iştirakçılarına Gülhüseyn Kazımlı və Vasif Quliyevin müəllifi olduqları “Bülbülcan” kitabı təqdim olundu.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 16
noyabr.- S.11.