Azərbaycanlı rəssamın Luvr təəssüratları

 

 

“Sevərək yaratdığın əsər, gördüyün hər zaman sənə uğur gətirər”

 

Xəbər verdiyimiz kimi, oktyabrın 21-dən 23-dək Parisdə, Luvr Muzeyinin Karusel salonunda 19-cu “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi keçirilib. 23 ölkədən 50 qalereya, 827 heykəltəraş və rəssamın 2700 əsərinin nümayiş olunduğu sərgidə Azərbaycan rəssamları da iştirak ediblər. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Rəssamlar İttifaqının üzvü Azər Əliyev sərgi ilə bağlı təəssüratlarını bizimlə bölüşdü.

 

Azər Əliyev 40-dan çox beynəlxalq və respublika səviyyəli sərgidə iştirak edib. O, sənətdə öz üslubunu tapmağa, dəst-xətti ilə seçilməyə can atır. Realizmə daha çox üstünlük verir. “Art Shopping” sərgisində onun əsasən təbiət mənzərələri nümayiş olunub. Rəssam bu əsərlərdə uğurlu kompozisiya həllinə nail olub.

Həmsöhbətim bildirir ki, Luvr sərgisində iştirak etmək təklifini məmnunluqla qəbul edib. Sərgiyə 19 əsərlə qatılıb. Rəssamın stendində dekorativ, abstrakt janrlarla yanaşı, müxtəlif mövzulu əl işləri də maraqla qarşılanıb. Sərgi çərçivəsində bir neçə qalereyadan işbirliyi təklifi alıb.

Müsahibim qeyd edir ki, ölkəmiz Luvr sərgisində bir neçə pavilyonla təmsil olunub. İştirakçılar arasında Fransa, Yaponiya, Çins. ölkələrdən tanınmış rəssamların əsərləri yer almışdı. Sərgilənən əsərlər mövzularının çalarlılığına görə ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Burada sərgi ilə yanaşı əsərlərin satışı da həyata keçirilib.

Sərginin ziyarətçiləri arasında Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov və UNESCO-dakı daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimov Azərbaycan rəssamlarının stendlərini ziyarət ediblər.

A.Əliyev deyir ki, beynəlxalq sərgilərdə iştirak rəssama böyük təcrübə qazandırır: “Bu tip sərgilərdə rəssamlar üçün yeni dünyaya pəncərə açılır. Onun sənətdə püxtələşməsinə imkan yaradır. Beynəlxalq aləmə çıxış rəssamın dünyaya, sənətə baxışını dəyişir. Artıq ənənəvi yanaşmalardan uzaqlaşmağa çalışır, yeni formattexnika axtarışına çıxır. Həmişə sənət adamları zövqləri formalaşdırıblar. Ümumiyyətlə, nəyi çox təbliğ edirsənsə ona da maraq çoxalır. Bu səbəbdən də biz öz irsimizi təbliğ edərək onu bütün dünyaya çıxarmağı bacarmalıyıq”.

Dünya təsviri sənətindəki yeniliklərin sərgidə daha çox nəzərə çarpdığını deyən rəssam bu əsərləri izləyən zaman yeni istiqamətlərin nə qədər maraqlı olduğunu bildirir: “İnsanları hansı istiqamətlər, hansı cərəyanlar daha çox cəlb edirsə, biz rəssamların bunları öyrənmək imkanımız yaranır. Dünyada müxtəlif istiqamətlərdə fəaliyyət göstərən qalereyalar var ki, onlar özlərinə uyğun rəssamlarla işləməyə daha çox üstünlük verirlər”.

Gənc rəssamlara sənətin sirlərini öyrədən müsahibim onları daim öyrənməyə, mütaliəyə səsləyir. Bildirir ki, gənclər daha çox məlumatlı olsalar, bu onların yaradıcılıq ideyalarını zənginləşdirər, əsərlərinin koloritini artırar. Nəticədə bu əsərlər tamaşaçıların marağını daha çox cəlb edər. Burada sənətə sevgivacib əhəmiyyət daşıyır. Sevərək yaratdığın əsər, gördüyün hər zaman sənə uğur gətirər.

A.Əliyev onu da qeyd edir ki, Luvrda sərgilənən əsərləri özü ilə gətirməyib. Dekabrın əvvəllərində Kann şəhərində keçiriləcək növbəti sərgidə də iştirak edəcək. Rəssam hazırda həmin sərgiyə hazırlaşır.

Biz də fırça ustasına yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.11.