“YARAT” Müasir İncəsənət Mərkəzində iki sərgi açılıb

 

 

Azərbaycanlı rəssamın “regional təəssürat”ı və kolumbiyalı rəssamın “yeni şəbəkə” texnikası

 

Noyabrın 10-da “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış azərbaycanlı rəssam Faiq Əhmədin “Nə var, odur” və kolumbiyalı rəssam Oskar Murillonun “DIS PLACE” adlı fərdi sərgilərinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgilərin açılışında iştirak ediblər.

 

“YARAT” Müasir İncəsənət Mərkəzinin rəhbəri Aida Mahmudova hər iki sərginin əhəmiyyətindən danışıb və rəssamları təbrik edib.

“YARAT” Müasir İncəsənət Mərkəzinin əlaqələndiricisi Suad Qarayeva-Maliki sərgidə nümayiş olunan əsərlərin məziyyətlərindən danışıb, mövzuların aktual olduğunu diqqətə çatdırıb.

Əvvəlcə iştirakçılar Faiq Əhmədin əl işləri ilə tanış olublar. Sərgidə ənənəvi Azərbaycan cəmiyyətində gender münasibətlərini və sosial strukturları təsvir edən 6 yeni monumental əsər nümayiş etdirilir. Rəssamın ayrı-ayrı regionlara səfərləri zamanı apardığı müşahidələr nəticəsində yaranan bu əsərlərdə ənənəvi Azərbaycan cəmiyyətinə xas olan rəmzi jestlər, ayinlər və inanc obyektlərinin ab-havası duyulur. Onun əsərləri unudulan mədəniyyət normalarının dərk edilməsi istiqamətində qətiyyətli çağırışdır.

Faiq Əhməd həmçinin Azərbaycanın ənənəvi xalçaçılıq sənətindən qaynaqlananköklü transformasiyalarla əlamətdar olan toxuma əsərlərinin müəllifi kimi tanınır. O, bölgələrdə yaşayan insanların sosial mühiti ilə bağlı yeni silsilə əsərlər yaratmağa başlayıb. Rəssam 2007-ci ildə Azərbaycanı Venesiya Biennalesində ilk milli pavilyonda təmsil edib, 2013-cü ildə “Love me, love me not” (“Sevir, sevmir”) sərgisində iştirak edib, həmin il Londonun tanınmış ViktoriyaAlbert MuzeyininJameel Prize 3” mükafatına layiq görülüb. Əsərləri Nyu-York, Paris, London, Berlin, DubayMoskvada qrup və fərdi sərgilərdə nümayiş olunub.

İkinci sərgidə isə kolumbiyalı rəssam Oskar Murillonun parça, rəsm, heykəl və video əsərləri nümayiş etdirilir. Bu əsərlərin əksəriyyəti rəssamın Azərbaycanda ayrı-ayrı şəxslər və icmalar ilə təsadüfi görüşləri nəticəsində yaranıb. Rəssamın Şəkidə ipək kombinatının peşəkar işçiləri ilə ünsiyyətindən yaranan əsərləri sərgiyə gələnlərin böyük marağına səbəb olur.

Oskar Murillo Şəki xanlarının sarayına cazibədarlıq bəxş edən naxışlı şüşə şəbəkə texnikası üzərində genişmiqyaslı əsərlər silsiləsini yaratmaq üçün yerli sənətkarlarla da yaxından əməkdaşlıq edib. Rəssam zərif şüşə materialını kombinatın həyətindən tapdığı metal tullantılarının qırıntıları ilə əvəz etməklə orijinal estetika ilə “oynayır” və poetik Şərq dizaynına “siyasi ölçülər” də əlavə edir.

Hər iki sərgi 2017-ci il yanvarın 29-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 16 noyabr.- S.16.