Ərəb ölkələrindən turist axınının növbəti ildə
də artacağı gözlənilir
Mədəniyyət və turizm
naziri Küveyt
Dövlətinin nümayəndə heyəti ilə görüşüb
Noyabrın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Küveyt Dövlətinin Sivil Aviasiya üzrə Direktorluğunun baş katibi və qurumun fəaliyyətdə olan prezidenti Yousef Al-Fouzanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə nazir Əbülfəs Qarayev iki ölkənin mədəniyyət və turizm sahələrində birgə əməkdaşlıq layihələrindən söhbət açıb.
Bildirilib ki, ötən ilin noyabr ayından etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları, bu ilin fevral ayından etibarən isə digər Körfəz ölkələri üçün hava limanlarında sadələşdirilmiş qaydada viza sistemi tətbiq olunmağa başladıqdan sonra ölkəmizə qeyd olunan regiondan gələn turist sayında ciddi artım baş verib. O da qeyd edilib ki, artıq bir neçə ildir BƏƏ-nin Dubay şəhərində Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir və bu nümayəndəlik vasitəsilə Körfəz ölkələrində Azərbaycanın turizm potensialı intensiv şəkildə təbliğ olunur.
Nazir həmçinin, məlumat verib ki, 22 noyabr tarixində Küveytdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın iri turizm şirkətləri və mehmanxanalarının nümayəndələrinin təmsil olunduğu təqdimatın keçirilməsi nəzərdə tutulur. Belə tədbirlərin ikitərəfli turist mübadiləsinin artmasında əhəmiyyəti vurğulanıb.
Eyni zamanda Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayının daha da artırılması üçün əlavə aviareyslərin açılmasının vacibliyi diqqətə çatdırılıb.
Ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirlər haqqında da danışan Əbülfəs Qarayev növbəti ildə turistlər üçün ticarət festivalı (shopping festival), İslam Həmrəylik Oyunları, “Formula-1” Qran-pri yarışları barədə də qonaqları məlumatlandırıb və bu tədbirlərdə iştirak etməyə dəvət edib.
Nümayəndə heyətinin
başçısı Yousef Al-Fouza səmimi qəbula görə təşəkkürünü
bildirib və ölkələrimiz
arasında turist mübadiləsinin
2016-cı ildə olduğu kimi, növbəti ildə də
artacağına ümidvar olduğunu
deyib.
Mədəniyyət.- 2016.- 18
noyabr.- S.3.