İranlı rejissor Musiqili Teatrın fəaliyyəti ilə
tanış olub
İranın Bəndərabbas Teatrının yaradıcısı və rəhbəri, ölkəsində maraqlı tamaşaların müəllifi kimi tanınan rejissor İbrahim Poştkohi Azərbaycan Dövlət Musiqili Teatrında olub.
İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin sədri doktor Seyid İbrahim İbrahiminin də qatıldığı görüşdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qonaqlara teatr haqqında ətraflı məlumat verib.
İbrahim Poştkohi Azərbaycan Dövlət Musiqili Teatrının tamaşa zalı, butafor, geyim, dekorasiya sexləri ilə tanış olub, hazırda teatrda məşqləri gedən tamaşaların və ayrı-ayrı kollektivlərin - xor, balet, orkestrin məşq prosesində iştirak edib. Qonaqlar qəbula görə teatr rəhbərliyinə minnətdarlıqlarını bildirib, iki ölkə arasında mədəni əlaqələrin getdikcə inkişaf etdiyini vurğulayıblar. Sonda qonaqlar “Min bir gecə” nağıllarının motivləri və dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri əsasında hazırlanan “999-cu gecə” nağıl-tamaşasını izləyiblər.
Lalə
Mədəniyyət.- 2016.- 18
noyabr.- S.4.