Mədəniyyət və turizm əməkdaşlığı ölkələrarası münasibətlərdə xüsusi yer tutur

 

Nazir Əbülfəs Qarayev Macarıstan, İndoneziya və Moldovanın ölkəmizdəki səfirləri ilə görüşüb

 

Noyabrın 17-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Macarıstan Respublikasının Azərbaycandakı səfiri İmre Laslotskini qəbul edib.

Görüşdə iki ölkə arasında mövcud əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə edilib.

Nazir Əbülfəs Qarayev səfirə gələn ilin mayında Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumubu çərçivədə təşkil olunacaq beynəlxalq tədbirlər haqqında məlumat verib, Macarıstanın yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyətini tədbirə dəvət edib.

Səfir qəbuldan yüksək məmnunluğunu ifadə edərək, iki ölkənin gələcəkdə də mədəniyyət və turizm sahəsində birgə layihələrdə əməkdaşlığının davamlı olacağını bildirib.

* * *

Həmin gün nazir Əbülfəs Qarayev İndoneziyanın ölkəmizdəki səfiri Husnan bey Fanani ilə görüşüb. Görüşdə qarşılıqlı əlaqələr, mədəniyyət və turizm sahəsində birgə əməkdaşlıq və gələcəkdə həyata keçiriləcək layihələr müzakirə olunub.

Səfir Husnan bey Fanani 19-20 noyabr tarixində Bakıda ilk dəfə keçiriləcək İndoneziya mədəniyyət festivalı haqqında məlumat veribnaziri tədbirə dəvət edib.

Nazir Əbülfəs Qarayev ölkəmizdə belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, tədbirdə iştirak edəcək İndoneziya turizm şirkətləri ilə yerli turizm şirkətləri arasında görüşün təşkil olunmasını və bu çərçivədə turizm sahəsində əməkdaşlığın daha da artırılmasının vacibliyini qeyd edib.

Səfir səmimi qəbula görə təşəkkürünü bildirib və gələcək əməkdaşlığa inamını ifadə edib.

* * *

Noyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyində Moldova Respublikasının Azərbaycandakı səfiri George Leuça ilə də görüş keçirilib.

Görüşdə Azərbaycan və Moldova arasında turizm və mədəniyyət sahələrində həyata keçirilən layihələrdən və gələcəkdə nəzərdə tutulmuş birgə tədbirlərdən söhbət açılıb.

Nazir Əbülfəs Qarayev turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlər görülməsini, eləcə də Moldova turizm şirkətləri ilə yerli turizm şirkətləri arasında görüşlərin keçirilməsini təklif edib.

Öz növbəsində səfir George Leuça iki ölkənin hər iki sahədə gələcəkdə birgə fəaliyyətinin genişlənəcəyinə əminliyini ifadə edib.

 

Mədəniyyət.- 2016.- 18 noyabr.- S.5.