Füzulinin söz dühası muğamların ahəngində

 

 

Dahi şairin qəzəllərindən ibarət muğam gecəsi keçirildi

 

Əsrlərdir dahi Məhəmməd Füzulinin əsərləri insanların qəlbini riqqətə gətirir, mənəvi dünyasını zənginləşdirir. Mənalarla dolu olan bu bədii nümunələr muğam sənətimizlə birləşəndə isə, sözün əsl mənasında, zövqü-səfa yaradır.

 

Noyabrın 16-da Heydər Əliyev Sarayının təşkil etdiyi Məhəmməd Füzulinin qəzəllərindən ibarət muğam gecəsi həmin gün qəzəl və musiqi xiridarlarına əsl qəlb rahatlığı, musiqi nəşəsi yaşatdı.

Şairin qəzəllərindən ibarət kompozisiya ilə başlayan gecəni səhnəmizin tanınmış muğam və sənət adamları davam etdirdilər. Hər dəfə fərqli proqram və yeniliklər təqdim edən Heydər Əliyev Sarayının kollektivi bu dəfə də ənənəsinə sadiq qaldı. Əməkdar artist Sabir Məmmədovun aparıcılıq etdiyi gecədə tamaşaçılar təkcə konsert proqramı ilə deyil, maraqlı səhnələr, videomateriallarla tanış olmaq imkanı qazandılar.

Xalq artistləri Əminə Yusifqızı, Mənsum İbrahimov, Gülyaz Məmmədova, əməkdar incəsənət xadimi Hacı Aqil Məlikov, əməkdar artistlər Nuriyyə Hüseynova, Elnarə Abdullayeva, Sevinc Sarıyeva, Səbuhi İbayev, Almaz Orucova, Babək Niftəliyev, Bəyimxanım Mirzəyeva, Firuz Səxavət, gənc müğənnilər Abgül Mirzəliyev, Sərxan Bünyadzadə, Hüseyn Məlikov, Məmməd Nəcəfovun çıxışları alqışlarla qarşılandı.

Kulisdə səhnəmizin bənzərsiz Məcnunu Mənsum İbrahimov və Hacı Aqil Məlikovdan unudulmaz gecə ilə bağlı təəssüratlarını öyrənirik. Mənsum müəllim Füzuli qəzəllərinin ecazkarlığından danışır: “Muğam ifaçılığında ən çox Şərqin böyük şairi Məhəmməd Füzulinin qəzəllərinə üz tuturuq. Bunu gənc tələbələrə tədrisdən aşılayırıq”.

Hacı Aqil Məlikov da şairlər arasında ən çox Füzulini sevdiyini deyir: “O, bütün şeir xəzinələrinin açarıdır. Gənc nəsil xanəndələr üçün Füzuli dühasını oxumaq, öyrənmək vacibdir. Gecənin həyata keçirilməsinin bu səbəbdən böyük əhəmiyyəti var. Burada gənc xanəndələrin iştirakına sevinirəm. Mədəniyyət və Turizm Nazirliyinə, Heydər Əliyev Sarayına minnətdaram ki, belə tədbirləri həyata keçirməklə gənclərdə həvəs oyadırlar”.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 18 noyabr.- S.5.