Nazim Əliverdibəyovun yubileyinə
həsr olunmuş konsert
Noyabrın 16-da 30 saylı Uşaq musiqi məktəbinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə akademiyanın böyük zalında bəstəkar Nazim Əliverdibəyovun (1926-1985) 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Uşaq musiqi məktəbinin müəllimi Sevinc Əzizova bəstəkarın yaradıcılıq yolundan söz açıb. Bəstəkarlar İttifaqının katibləri, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Zemfira Qafarova N.Əliverdibəyovun yaradıcılıq dəst-xəttinin bəzi məqamlarını vurğulayaraq, bəstəkarın fəaliyyətindən bəhs ediblər.
Qeyd olunub ki, Nazim Əliverdibəyov Üzeyir Hacıbəylinin "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirib, bəstəkarın nəşr edilmiş "Leyli və Məcnun" (1983), "Koroğlu" (1985) operalarının partituralarının redaktoru olub. Eyni zamanda bir sıra xalq mahnılarını işləyib və maraqlı əsərlər yazıb.
Tədbirin konsert
proqramında musiqi məktəbi
şagirdləri bəstəkarın əsərlərini
(“Fırça”, “Yollar”, “Hanı o günlər”, “Qaytağı”, “Vals-skerso”, “Elegiya” və s.), işlədiyi xalq
mahnılarını (“Laçın”, “Süsən-sünbül”,
“Səndən mənə yar olmaz”) ifa ediblər.
Mədəniyyət.- 2016.- 18
noyabr.- S.5.