“Payız ətirli poeziya

 

 

Mədəniyyət və İncəsənət Universitetində tanınmış şair Musa Yaqubla görüş

 

Noyabrın 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış şair Musa Yaqubla “Payız ətirli poeziya” adlı yaradıcılıq görüşü keçirilib. Qonağı universitetin prorektoru, professor Gülşən Əliyeva salamlayaraq tədris ocağında söz sərrafları, şair və yazıçılarla tələbələrin görüşünə xüsusi önəm verildiyini deyib.

Professor Nizaməddin Şəmsizadə şairin kövrək poeziyası haqqında danışarkən vurğulayıb ki, Musa Yaqub hamıya doğma adamdır: “Hər şair hamıya doğma ola bilmir. Məşhur tənqidçi Belinski deyib ki, şair sözündə ölməyən əbədi bir şöhrət var. Bu gün bizimlə görüşə gələn Musa Yaqub əbədi şöhrət sahibidir. O, əbədi şöhrəti əldə etmək üçün böyük bir ömür sərf edib. Onun yaradıcılığında poeziya ilə təbiət bir-birinə qovuşur”.

Universitetin dosentləri - qiraət ustaları Ağalar BayramovNadir Hüseynovun ifasında Musa Yaqubun poeziya nümunələri dinlənilib. ADMİU-nun Musiqi sənəti fakültəsi tələbələrinin ifasında səslənən xalq mahnıları, muğamlar görüşə xüsusi ahəng qatıb.

Şairlə tələbələr arasında maraqlı diskussiya qurulub. Şair suallara cavab verib, şeirlərini oxuyub. Sonda şair təşəkkür nitqi ilə çıxış edib. Tədbir Musa Yaqubun ifasındaÇıxım gedimadlı yeni şeiri ilə yekunlaşıb.

 

Mədəniyyət.- 2016.- 18 noyabr.- S.6.