Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı

 

 

Mütəfəkkir şairin 575 illiyinə həsr olunan elmi konfrans

 

Noyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun və Özbəkistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

İnstitutdan bildiriblər ki, böyük şair Əlişir Nəvainin 575 illiyinə həsr olunan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qədim yaradıcılıq ənənələrinə malik özbək ədəbiyyatının əsas xüsusiyyətlərindən bəhs edib, Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi haqqında məlumat verib. Vurğulanıb ki, şairin heykəlinin Bakıda ucaldılması da Azərbaycan-özbək ədəbi, mədəni əlaqələrinin inkişafına parlaq nümunədir.

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkələrimiz arasındakı ədəbi, mədəni əlaqələrin əhəmiyyətindən söz açıb.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Əlişir Nəvainin yaradıcılığı, poemalarının ideya mahiyyətindən bəhs edən məruzə ilə çıxış edib.

İnstitutun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Əmir Əlişir Nəvai ədəbi xəzinəsinin inciləri”, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri, dosent Gülbahar Aşurovanın “Tarixə nəzər və müstəqillik dövrü nəvaişünaslığı”, filologiya üzrə fəlsəfə doktoru Akif Bağırovun “Nəvai və intibah” mövzularında məruzələri dinlənilib.

Sonda qonaqlara Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan yeni kitablar paylanılıb.

 

 

Mədəniyyət.- 2016.- 18 noyabr.- S.12.