Kiçik formaların bəxş etdiyi sənət sevinci
“Dövlət Musiqili Teatrında İlyas Əfəndiyevin
«Mənim günahım»
tamaşası üzərində
iş gedir. Tamaşanın musiqi hissəsini balet nömrələri ilə
həll edəcəyik”
Bu yaxınlarda Ukraynanın
paytaxtında keçirilmiş
gənc teatr rejissorları laboratoriya müsabiqəsində Gəncə
Dövlət Dram Teatrının
baş rejissoru İradə Gözəlova
da iştirak edib. Bakıda və Gəncədə
bir sıra səhnə əsərlərinə
verdiyi maraqlı quruluşlarla diqqəti cəlb etmiş xanım rejissor Kiyevdə də fərqlənməyi bacarıb.
«Kiçik teatr
formaları» laboratoriya
müsabiqəsində qalib
gəlib finala çıxdığına görə
Kiyevdə tamaşa hazırlamaq təklifi almış soydaşımızı
həm təbrik etdik, həm də yaradıcılıq
səfəri ilə maraqlandıq.
- Neçə ildir ki, «Open door» («Açıq
qapı») prodüser mərkəzi ilə əlaqələrim var. Onların
təklifi ilə bu laboratoriya müsabiqəsinə qoşuldum.
Çox
sevinirəm ki, beynəlxalq müsabiqənin
dörd qalibindən biri oldum. Qaydaya əsasən, hər iştirakçı
öz ideyasını
təklif etməli, sonra da beş gün ərzində ideyanın təhlilini və aktyorlarla işini göstərməli idi. İ.Kozlovski
mərkəzində N.V.Qoqolun
«Köhnə dünya
mülkədarları» povesti
əsasında «Pulxefoniya»
adlı eksperimental tamaşa hazırladım.
Məkan
olaraq Kozlovski mərkəzinin andeqraundunu
(yığcam tamaşa
oynamaq, konsert vermək üçün
yarımzirzəmi məkan)
seçdim. Yarımsaatlıq tamaşa-etüddə Ukrayna
Milli Operetta Teatrının
solistləri Kirill Baskovki və Oksana Prasolova Afanisi İvanoviç və Pulxeriya İvanovna rollarında çıxış etdilər.
Aktyorlar da etiraf etdilər
ki, özlərini dramatik aktyor kimi sınamaq onlar üçün maraqlı idi. Hətta gələn ilin fevralında Kiyevdə böyük tamaşa hazırlamaq barədə təklif aldım.
Bu yerdə Ukrayna
mətbuatında azərbaycanlı
rejissorun ideyasına münasibəti də öz oxucularımıza çatdırmaq istərdik. Qazeta.zn.ua portalı
yazır: «İradə
Gözəlova bu eskiz üçün kvest-layihə texnologiyasından,
yəni özgənin
sönmüş ehtirasının
soyuq labirintlərində
səyahət-tamaşadan istifadə
etmişdi. Şahid isə tamaşaçı
idi. Məkanın darısqallığı və hətta onun temperatur xüsusiyyətləri Qoqol
mülkədarlarının impulsiv hərəkətlərini
izləyən və onların yarımzirzəminin
səs udan dəhlizlərində yayılan
səslərinin əks-sədasını
tutan şahidləri birləşdirirdi».
- İradə xanım,
sizin bu uğurunuz müasir Azərbaycan teatrının
uğurudur. Bəs Bakıda və
Gəncədə işlər
necə gedir? Bildiyimiz qədər, yeni tamaşalar üzərində işləyirsiniz...
- Gəncə teatrında Çexovun iki əsərinə müraciət etmişik: «Vanya dayı» və «Qadası» («Duşeçka»). Tamaşamız hazır olan kimi Bakıda nümayiş etdirəcəyik. Azərbaycan Dövlət Musiqili Teatrında isə İlyas Əfəndiyevin «Mənim günahım» tamaşası üzərində işlər gedir. Baş rolda Xalq artisti Şükufə Yusupova çıxış edəcək. Tamaşanın musiqi hissəsini balet nömrələri ilə həll edəcəyik. Bu, mənim Musiqili Teatrda sayca üçüncü quruluşum olacaq.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 18
noyabr.- S.13.