Ərəb dünyasının ən böyük ədəbiyyat nəşrinin baş redaktoru
Bakıdadır
Noyabrın 22-də Bilik Fondunda Misirin “Ədəbiyyat xəbərləri” ("Əxbar əl-Ədəb”) qəzetinin baş redaktoru Tarik-əl-Tahir Hifni və Bakıdakı Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Əl-Aydi ilə görüş keçirildi.
Qonaqları salamlayan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə yaradılan qurumun fəaliyyəti barədə geniş məlumat verdi. Bildirdi ki, Bilik Fondunun yaradılmasında əsas məqsəd əhalini maarifləndirmək, vətəndaşlara qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq, azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərləri təbliğ etməkdir. Gənclərimizin müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsi, şəxsiyyət kimi formalaşması üçün müxtəlif layihələr həyata keçirilir.
Fond fəaliyyətə başladığı gündən bu vaxta qədər ölkəmizin müxtəlif rayon və şəhərlərində 900-dən artıq mühazirə təşkil olunub. Fondun 400-ə qədər mühazirəçisi var ki, onlardan da 60-dan çoxu xarici ölkə vətəndaşlarıdır. O.Səmədov Misirlə də əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd etdi.
Tarik-əl-Tahir Hifni çıxış edərək Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etdi. Bildirdi ki, zəngin mədəni dəyərlərə məxsus Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə də xüsusi önəm verirlər. “Ədəbiyyat xəbərləri” qəzeti haqqında məlumat verən qonaq qeyd etdi ki, 15 min tirajla 40 səhifədə işıq üzü görən həftəlik nəşr ərəb dünyasında ən böyük ədəbiyyat qəzetidir. Qəzetdə dünyanın müxtəlif xalqlarının ədəbiyyatlarından tərcümələrə də yer verirlər. O, nəşrdə Azərbaycan ədəbiyyatından da tərcümələrin yer aldığını, yaxın vaxtlarda ölkəmizdəki multikulturalizmdən bəhs edən geniş məqalə dərc olunacağını bildirdi.
Görüşdə iki ölkə arasında mədəniyyət, təhsil və yaradıcılıq əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyi qeyd olundu.
* * *
Qeyd edək ki, noyabrın 22-də Misirin “Ədəbiyyat xəbərləri” qəzetinin baş redaktoru və Bakıdakı Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru ilə Azərbaycan Milli Kitabxanasında da görüş keçirilib.
Direktor Kərim Tahirov rəhbərlik etdiyi kitabxananın İsgəndəriyyə kitabxanası ilə əlaqələrindən danışıb və qarşılıqlı kitab mübadiləsi aparıldığını söyləyib, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə layihələrdən söhbət açıb.
Bütün ərəb dünyasına yayılan “Ədəbiyyat xəbərləri” qəzeti haqqında qısa məlumat verən baş redaktor Tarik-əl-Tahir Hifni Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığı müsbət dəyərləndirib və kitabxana haqqında materialları qəzetə göndərməyi tövsiyə edib.
Sonra kitabxana ilə tanış olan qonaqlara yeni layihələr barədə məlumat verilib. “Ədəbiyyat xəbərləri” qəzetinin baş redaktoruna kitablar hədiyyə edilib.
Fariz
Mədəniyyət.- 2016.- 23
noyabr.- S.5.