Əfsanəvi üçlüyün sonuncusu

 

 Nəsibə Zeynalova - 100

 

 

Çağdaş Azərbaycan cəmiyyətinin gənc nəslinin görmədiyi, uzaqbaşı yaşlı nəslə bu səbəbdən həsəd apardığı, əvvəlkilərin isə nostalji duyğularının başlıca nədəni olan parlaq dövr bitmişdir. Min dəfə təəssüf... Amma zamanın dialektik hərəkəti öz işini görmüş, milli teatr sənətimizin Musiqili Komediya Teatrının ötən əsrdəki həyatı artıq tarixə çevrilmişdir.

 

Bəli, nə həmin aktyorlar qalıb, nə də tamaşaçıların alqışlarının təlatümünü yaradan tamaşaları... Əslində, o dövrün Musiqili Komediya Teatrının daimi tamaşaçılarının az bir qismi yaşamaqdadır və onların yaddaşındakı “Toy kimindir?”, Durna”, “Ulduz”, “Özümüz bilərik”, “Hacı Kərimin Aya səyahəti”, “Altı qızın biri Pəri”, “Milyonçunun dilənçi oğlu”, “Nənəmin şahlıq quşu”, “Ləpələr”, “Qayınana”, “Hicrankimi neçə-neçə tamaşalar da yaşamaqda davam edir. Məhz həmin tamaşalar Lütfəli Abdullayevin, Bəşir Səfər oğlunun və Nəsibə Zeynalovanın - bu əfsanəvi üçlüyün, onların yaratdıqları səhnə möcüzəsinin gerçək şahidləri olublar.

O dövrün Musiqili Komediya Teatrının sənət uğurları Şəmsi Bədəlbəylinin və Süleyman Ələsgərovun bənzərsiz istedadı və ardıcıl zəhməti sayəsində mümkün olurdu. Teatr bu insanlar üçün sadəcə yeri deyildi, böyük bir ailənin yaradıcılıq həyatının müqəddəs məkanı idi. Burada şəxsiyyətini və sənətini uca tutan, bir-birinə qarşı ehtiram bəsləyən, cılız hisslərdən uzaq duran, tamaşaçılarına sonsuz sevgilər bəsləyən nəhəng səhnə xadimlərinin yaradıcılıq qanunları hakim idi. Odur ki, səhnədə əfsanəvi üçlük - Lütfəli Abdullayev, Bəşir Səfəroğlu və Nəsibə Zeynalova qismində səhnənin pozitiv enerji seli tamaşa salonuna axır, seyrçi bayram ovqatına qərq olurdu.

Tale bu üçlüyə zərbəni zərbə ardınca vurdu. Ömürlərinin ən qaynar yaradıcılıq dövründə əvvəlcə Bəşir Səfəroğlu, sonra Lütfəli Abdullayev dünyalarını dəyişdilər və bu gün qətiyyətlə demək olar ki, Musiqili Komediya Teatrı bu itkilərdən sonra sanki sarsılıb, müvazinətini itirdi. Bu itkinin ağırlığını həmin sənətkarların doğmaları da, tamaşaçılar da, bütövlükdə teatr sənəti də hiss etdi, amma dost, həmkar, tərəf-müqabil itkisini bir o qədər, bəlkə daha həssaslıqla Nəsibə Zeynalova yaşadı. Necəsini ondan başqa kimsə bilmədi o zaman...

O, güclü insan idi. Şəxsiyyətcə bütöv, təbiətcə ciddi, ədalətli olması və zəhmətsevərliyi onu ümumxalq sevimlisinə çevirmişdi. Təkəbbürlü deyildi, özünə və başqalarına qarşı tələbkarlığı az qala amansızlığa bənzəyirdi. İstedadı Allah vergisi, genetik varisliklə əlaqələndirilsə də, gündəlik zəhmət və əziyyəti onun ən etibarlı müttəfiqi idi.

Nəsibə Zeynalova K.S.Stanislavskini oxumamışdı, öyrənməmişdi və onun başqaları tərəfindən guya “mənimsənilmiş” “Sisteminin də heyranı deyildi. Amma bu sənətkarın yaradıcılıq işləri onun altıncı hissi ilə, intuitiv olaraq yaratdığı obrazın doğru səhnə həyatını ortaya qoyurdu. Sanki bu obrazların səhnə həllini buya digər təklif edilmiş şəraitdəki ifa tərzini, aktyor vasitələri seçimini ona K.S.Stanislavski pıçıldayırdı.

Avropa teatrlarından birinin məşhur aktrisalarından rol üzərində necə işlədiyini soruşanda o, aldığı rolu müəllif niyyətinə uyğun şəkildə yoğurub səhnəyə çıxardığını söyləmişdi. Əlbəttə, aktyorun öz yaradıcılıq işi haqqında hər hansı elmi izahı yoxdursa, elə bu şəkildə də söyləmək olar. Amma Nəsibə Zeynalova rol üzərindəki işə “kulinariyaprinsipi ilə yanaşmırdı. Hər bir obrazın zahiri görünüşü, yerişi, ədaları, yalnız ona məxsus olan özəllikləri ilə bərabər onun daxili mahiyyəti, əməllərinin psixoloji motivləri Nəsibə Zeynalova üçün ciddi axtarış hədəfi olurdu. Obrazın zahiridaxili keyfiyyətləri üzərində yüz ölçüb bir biçməklə, xarakter mahiyyəti tapılmadan sonra aktrisa öz səhnə qəhrəmanının ədəbi mətni üzərində işləməyə başlayırdı. Burada açıq demək lazımdır ki, onu qane etməyən müəllif materialını qorxusuz, tənəsiz özününküləşdirməkdən çəkinmirdi. Maraqlıdır ki, müəlliflər bununla bağlı ondan narazı qalmırdılar.

Nəsibə Zeynalova, sənət mütəxəssislərinə bəllidir ki, böyük improvizə ustası idi. O, məşqlərdə belə obrazı müxtəlif tərzlərdə ifadəli və təsirli təqdim etmək bacarığına malik idi. Amma bu da var ki, N.Zeynalovanın improvizələri xaotik olmurdu, obrazın təbiətinə, onun əməl xəttinə uyğun bədii məzmun daşıyırdı. Yəni bayaqkı mülahizələrimizə istinad etsək, tam haqla deyə bilərik ki, K.S.Stanislavski onun oyununu müşahidə etsəydi, heç şübhəsiz ki, “inanıram” söylərdi.

Nəsibə Zeynalova təqdim etdiyi səhnə obrazının bədii həqiqətinə tamaşaçısını inandıra bilir, onu yoluxduraraq öz cazibəsində saxlamağı bacarırdı. Yenə K.S.Stanislavskinin təbirincə desək, “yoluxdurmaq bacarığı böyük istedadlara malik keyfiyyətdir”. Hər böyük istedadın bir qayda olaraq, yaradıcılıq məhsulu içərisində onun şah əsəri sayılan işləri olur. Əslində, Nəsibə Zeynalovanın yaradıcılığı boyu yaratdığı səhnə obrazları içərisində bir neçəsini seçmək çətin məsələdir. Çünki bu sənətkarın zəif, yaxud uğursuz hesab ediləcək rolu olmayıb. Odur ki, müəyyən güzəştlərlə, nisbi seçim şərtilə onlardan bəzilərini fərqləndirmək mümkündür. Bu baxımdan yanaşsaq, Nəsibə Zeynalovanın yaratdıqları içərisində Züleyxa (“Ulduz”), Cəhrə (“Altı qızdan biri Pəri”), Əsmət (“Ev bizim, sirr bizim”), Cənnət (“Qayınana”), Gülbacı (“Hicran”) xüsusilə seçilir.

Bu obrazların Azərbaycan milli teatr tarixinə ifaçılıq sənətinin parlaq nümunəsi kimi daxil olan hər biri orijinal bədii məzmuna və oyun tərzinə malikdir. Milli mədəniyyətimizi yaradanların fəxri siyahısında özünə layiq yer tutan Nəsibə Zeynalovanın sənətkarlıq fenomeni onun bənzərsiz istedadından qaynaqlanır. Ayrı-ayrı yaradıcı simaların, o cümlədən müğənnilərin, balet, yaxud dram sənəti ustalarının, hətta instrumental musiqi ifaçılarının belə repertuarı başqa biri tərəfindən təkrar ifa edilir. Yəni sənət təcrübəsində bu, tez-tez təsadüf edilir. Həmin ifanın hansı səviyyədə yerinə yetirilməsi başqa məsələdir. Amma bizim nümunədə, yəni Nəsibə Zeynalovanın obrazlarını xatırlasaq, tam qətiyyətlə deyə bilərik ki, bu sənətkarın ifası sözün əsl mənasında təkrarsız olmuşdur. Uzun illər ərzində onun rollarını təkrar ifa etməyə kimsə özündə cəsarət tapmayıb, çünki onun rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var.

Nəsibə Zeynalovanın yaratdığı istər səhnə, istər ekran obrazları üzərində düşündükcə, bu sənətkarın fitrən yaradıcı şəxsiyyətinin universallığı heyrətləndirir. Zəngin bədii təxəyyülün, iti müşahidə qabiliyyətinin böyüklüyü sayəsində yaradılan Züleyxa (“Ulduz”), Cənnət (“Qayınana”), Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Şəhla xanım (“Qanun naminə”), Suğra xala (“Bizim Cəbiş müəllim”), Məsmə (“Yuxu”), Nəsibə xala (“Bəyin oğurlanması”) kimi onlarla obraz həqiqi sənət hadisəsi sayıla bilər. Nəsibə Zeynalova öz yaradıcı təbiəti etibarilə bütün sənət meyarları baxımdan milli sənətkardır. O, xalqımızın gülüş mədəniyyətinin tamhüquqlu daşıyıcısı, təmsilçisidir. Ölkəmizin bütün bölgələrini qarış-qarış gəzən sənətkar müşahidə etdiyi vəziyyətləri, təmas qurduğu insanları öyrənib, gör-götür edərək xarakterik keyfiyyətləri yaratdığı obrazların səhnə həyatına tətbiq edirdi. Elə buna görədir ki, Nəsibə Zeynalovanın qəhrəmanları bu qədər orijinalkoloritli, bu qədər canlı və təbii olurdular.

Biz bayaq Musiqili Komediya Teatrının iki görkəmli rəhbərini - Şəmsi Bədəlbəylini və Süleyman Ələsgərovu ayrıca qeyd etdik. Məhz Şəmsi Bədəlbəylinin rejissor dəst-xətti, səhnə yozumlarının estetik şərtləri Nəsibə Zeynalovanın yaradıcılıq işinə rövnəq verir, onun səhnə obrazlarını mənalandırırdı. Rejissor-aktyor münasibətində qarşılıqlı inam, anlaşmanı asanlaşdıran, yaradıcılığı doğru hədəfə ünvanlayan başlıca amildir. Bu baxımdan Şəmsi Bədəlbəyli ilə Nəsibə Zeynalovanın yaradıcılıq əməkdaşlığı, üzərində işlədikləri tamaşanın uğurunu labüdləşdirirdi.

Eyni fikirləri Nəsibə Zeynalovanın Süleyman Ələsgərovla yaradıcılıq əməkdaşlığı barədə də söyləmək olar. Müxtəlif obrazların vokal partiyasının işlənməsində Süleyman Ələsgərovun Nəsibə Zeynalovaya verdiyi dəstək, istər ayrı-ayrı musiqi vurğularının işlənməsi, istər reçitativlərin yerli-yerində oxunması, istərsə də mürəkkəb vokal ifasının qüsursuz təqdimatı tamaşaçıların görmədikləri gərgin məşqlərin nəticəsində mümkün olurdu.

Hər hansı tamaşa (yaxud film), aydın məsələdir ki, böyük kollektivin birgə əməyi nəticəsində ərsəyə gəlir. Burada oyun şərtləri və rejissorun tapşırdığı bədii məqsədlərin estetik realizəsi işində tərəf-müqabillərin qarşılıqlı səyi mühüm məsələdir. Tərəf-müqabil təcrübəsiz olursa, əlbəttə, çətinə düşür, bəzən çəkilən zəhmət birə-üç artmış olur. Nəsibə Zeynalova ilə tərəf-müqabil olmaq, bu şərəfə nail olan bəzi aktyorların sözlərinə görə müəyyən mənada asan olsa da, böyük məsuliyyət tələb edirdi. Çünki yuxarıda qeyd etdiyimiz kimi, o öz qeyri-adi tələbkarlığı və iynə ilə gor qazmağı sevdiyinə görə, həm özünə zülm edirdi, həm də tərəf-müqabillərinə, illah da ki, istedadına inandığı kəslərə; bu mənada o, heç kəsə güzəştə getməyi xoşlamırdı, hətta bir dəfə “Qayınana” tamaşasında oğlu Cahangir Novruzovla tərəf-müqabil olanda onu əməlli-başlı tənbeh də etmişdi.

Bu, Nəsibə Zeynalovanın uzun illik yaradıcılıq təcrübəsi ərzində tərəf-müqabil olduğu Əlihüseyn Qafarlı, Münəvvər Kələntərli, İbrahim Şünasi, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi görkəmli sənətkarlarla bərabər qazandığı və bütün qalan yaradıcılıq ömrünə bəs edəcək sənət tərbiyəsi, mənəviyyatına hopmuş, əqidəyə çevrilmiş estetik meyar, yaradıcılıq məsuliyyəti idi.

Nəsibə Zeynalovanın nadir istedadı sənətin ideya-bədii aşılanması, estetik təsir gücü məfhumlarını paradoksal dalana salırdı. Belə ki, yaratdığı obrazları tip səviyyəsində təqdim edən və onu mənfi keyfiyyətlərlə gen-bol bəzəyən Nəsibə Zeynalovanın qəhrəmanlarına nifrət oyanmırdı, əks effekt yaranırdı və onlar sevilirdi. Buidi? Sənətin gücsüzlüyü, yoxsa tipin bəsitliyi? Nə birinci, nə də ikinci səbəb deyildi. Burada Nəsibə Zeynalovanın illər boyu qazandığı, heç nə ilə müqayisə edilməyən və hər bir sənətçinin arzusunda olduğu sonsuz tamaşaçı rəğbəti öz işini görürdü.

Nəsibə Zeynalovanın bənzərsiz sənətkarlıq xüsusiyyətləri ictimai və nəzəri fikrin daim diqqət mərkəzində olub. O, sağlığında milli sərvət dərəcəsində milyonların rəğbətini qazanıb və bu rəğbət artıq zaman sədlərini aşıb.

Əminliklə demək olar ki, Nəsibə Zeynalova - əfsanəvi üçlüyün sonuncusu bir əsrdən sonra da ölkəmizdə, xalqımızın yaddaşında yaşamaqda davam edəcək, çünki xalq sevgisinin tarixi əbədiliklə ölçülür.

 

İsrafil İsrafilov

Əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə elmlər doktoru, professor

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.7.