Yaradıcı qadınların növbəti
sərgisi
Sərgidə 100-dən çox
əsər nümayiş olunur
Noyabrın 21-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda Yaradıcı Qadınlar Assosiasiyası (YQA) üzvlərinin əsərlərindən ibarət ənənəvi sərginin açılışı oldu. Bildirək ki, uzun illərdir assosiasiya üzvləri adıçəkilən məkanda sərgilərini keçirir, yeni əsərləriylə sənətsevərlərin görüşünə gəlirlər. Budəfəki sərgidə 60 yaradıcı xanımın 100-dən çox əsəri göstərilir.
Tədbiri ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov açaraq bildirdi ki, Azərbaycan rəssamlığının inkişafında qadın rəssamların ayrıca yeri var. Bu baxımdan o, assosiasiya üzvlərinin gördüyü işləri, onların yaradıcılıqlarını yüksək dəyərləndirdi. A.İbrahimov hər il yeni müəlliflərin ortaya çıxdığını qeyd edərək yaradıcı xanımlara uğurlar arzuladı.
YQA-nın sədri, tanınmış rəssam və rəqqasə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Afaq Hüseynova sərgi iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etdi. O, rəhbəri olduğu qurumun hər il tamaşaçılara hesabat sərgisi təqdim etdiyini bildirdi, nümayiş olunan əsərlərin janr və mövzu müxtəlifliyindən söz açdı.
Xalq artisti, rəqqasə Roza Cəlilova, Əməkdar mədəniyyət işçisi Gülşən Hacıyeva və başqaları sərgi haqqında ürək sözlərini bildirdilər, rəssamlara yeni uğurlar dilədilər. Sərgi doğrudan da heyranedicidir. Burada Afaq Hüseynova, Gülşən Hacıyeva, Nigar Kərimova, Ləman Tağızadə, Nigar Cavanşirzadə, Zemfira Səlimova, Laləndar Kərimova, Səkinə Bağırova, Aygün İsgəndərova, Xalidə Nəsirova, Naqiyə Rzayeva, Reyhan Osmanova, Ayla İnsanova və başqalarının rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət örnəkləri nümayiş etdirilir.
Tədbirdə YQA sədri A.Hüseynovanın rəhbərlik etdiyi rəqs kollektivinin üzvləri milli rəqslər ifa etdilər.
Bildirək ki, Yaradıcı Qadınlar Assosiasiyası 1999-cu ildə mədəniyyət, elm və incəsənət sahələrini təmsil edən bir qrup peşəkar yaradıcı xanım tərəfindən təsis edilib. Qurumun məqsədi milli mədəniyyətin, incəsənətin, elmin inkişafına çalışmaq, aztəmiantlı ailələrin, qaçqın, kimsəsiz uşaqların qayğısına qalmaq, ictimai və mədəni səviyyəsinin yüksəldilməsinə yardım etməkdir.
Sərgi bir həftə davam edəcək.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 23
noyabr.- S.8.