Rusiya turizm agentliklərinin təmsilçiləri ölkəmizdə səfərdə olub

 

 

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiya Federasiyasındakı turizm nümayəndəliyi olanTour a vent” şirkətinin təşkilatçılığı ilə Moskvada fəaliyyət göstərən 16 turizm agentliyinin nümayəndələri reklam turu çərçivəsində ölkəmizə səfər ediblər.

Rusiyalı turizm təmsilçiləri paytaxtla yanaşı, Naftalan, Şamaxı, Qəbələ və Şəkiyə də səfər edib, Qusardakı “ŞahdağTurizm Mərkəzi ilə tanış olublar.

Bakıda Şirvanşahlar sarayı, Yanardağ, Atəşgah məbədi ilə tanışlıq xarici qonaqlarda zəngin təəssürat yaradıb. Regionlara səfər turunda turizm nümayəndələri “Shahdag Hotel&SPA”, “Shamaxi Palace Sharadil”, “Qafgaz Riverside”, “Sheraton Hotel Airport”, “Qafqaz Baku City” hotellərinə baş çəkiblər.

Ölkəmizin müalicəvi turistik məkanları da qonaqların marağına səbəb olub. Möcüzəvi Naftalan neftinin, Qalaaltı müalicəvi suyunun faydaları, buradakı istirahət və əyləncə mərkəzləri haqqında rusiyalı nümayəndələrə ətraflı məlumat verilib.

Qonaqlar həmçinin Azərbaycanın ilk dağ-xizək kurortu olanŞahdağTurizm Mərkəzi və kompleksin gələcək inkişaf perspektivləri haqqında bilgi alıblar.

Ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər və yaradılan infrastruktur rusiyalı turizm nümayəndələrində məmnunluq doğurub. Onlar göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər.

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.9.