"Böyük qastrollar"ın Bakı dayanacağında böyük təəssürat

 

 

Əslində "Böyük qastrollar" ifadəsini dırnaq içində verməyimiz onun mahiyyətinə heç bir çoxmənalı eyham deyil. Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin tammiqyaslı teatr qastrollarını formalaşdırmaq, yönəltmək və gerçəkləşdirmək üçün yaratdığı Qastrol Fəaliyyətinin Dəstəklənməsi Federal Mərkəzinin proqramı belə adlanır. 2014-cü ildən bəri Rusiyanın regionlarında və rusdilli teatrların, rus teatr ənənələrini sevən tamaşaçıların olduğu ölkələrdə təxminən 600 minədək insan bu proqram üzrə Rusiya teatrlarının tamaşalarına baxıb.

 

...Ötən həftə "Böyük qastrollar" layihəsindən bizim teatrsevərlərə də pay düşdü. V.Mayakovski adına Moskva Akademik Teatrı noyabrın 17-dən 20-dək S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış etdi. Bir-birindən tamamilə fərqlənən iki tamaşa - N.V.Qoqolun "Evlənmə" komediyası və M.İvaşkyaviçusun "Rus romanı" təqdim edildi. Tamaşalar barədə fikirlərimizi bölüşməzdən əvvəl qonaqlarımızın noyabrın 18-də "İnterfaks-Azərbaycan" agentliyində keçirdikləri mətbuat konfransı barədə məlumat vermək istərdik.

 

* * *

Mətbuat konfransında media mənsublarının qarşısına Qastrol Fəaliyyətinin Dəstəklənməsi Federal Mərkəzinin baş direktoru Anton Proxorov, Mayakovski teatrının direktoru Leonid Oşarin və teatrın bədii rəhbəri Mindauqas Karbauskis, sevimli aktrisa, Rusiyanın Xalq artisti Svetlana Nemolyayeva, Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski çıxdılar.

Anton Proxorov təmsil etdiyi qurumun fəaliyyətindən, məramından söz açdı. Söylədi ki, Rusiyada təşkil etdikləri qastrolların coğrafiyası - Kalininqraddan Vladivostokadək geniş ərazini əhatə edir. Mərkəz 2015-ci ildən xaricdəki rusdilli teatrlarla qarşılıqlı fəaliyyət proqramını da həyata keçirməyə başlayıb. Qurum təkcə Rusiyanın aparıcı teatrlarının qastrollarını deyil, həm də postsovet məkanında, eləcə də Avropada, İsraildə, ABŞ-da fəaliyyət göstərən rusdilli teatrların Rusiya şəhərlərinə səfərlərini təşkil edir. Peşəkar əməkdaşlıq yollarının açılması və tamaşaçı auditoriyasını genişləndirmək beynəlxalq proqramın vəzifəsidir.

Mayakovski teatrının Bakıda nə zaman qastrol səfərində olduğunu hətta teatrın stajlı aktyorları da dəqiq xatırlamır. Rusiyanın Xalq artisti, kinofilmlərdə, seriallarda oynadığı müxtəlif taleli qadın obrazları ilə milyonların sevimlisinə çevrilmiş Svetlana Nemolyayeva da dəqiq tarixi yada sala bilməsə də, o zamankı Bakını, xüsusən də Bakı tamaşaçılarının münasibətini çox gözəl xatırlayırdı: "Uzun illər öncə, teatrımız Bakıda olanda tamaşaçılar bizim "Dairə" tamaşamızı böyük hərarətlə qarşılamışdılar. Dünən axşam isə hiss etdim ki, Bakı tamaşaçısı heç dəyişməyib. Yenə tamaşamız anşlaq keçdi, bizi alqışlar, çiçəklər ilə qarşıladılar. Biz tamaşaçıların teatra, sənətə məhəbbətini hiss etdik. Bu cür münasibət isə aktyoru sevindirməyə bilməz. Biz Bakıdan ən isti, ən xoş xatirələrlə ayrılacağıq".

Qonaq teatrın direktoru Leonid Oşarin isə Bakıya gətirdikləri tamaşalar barədə məlumat verdi. O bildirdi ki, "Evlənmə" komediyası Sergey Artsibaşovun quruluşunda 2002-ci ildən repertuardadır. Tamaşa ondan artıq qastrol səfəri də daxil olmaqla, 500 dəfədən çox oynanılıb. "Rus romanı" tamaşası isə böyük yazıçı Lev Tolstoyun bioqrafiya və yaradıcılığının metafizik çulğalaşması üzərində qurulub. Əsərin ilk tamaşası ötən teatr mövsümündə göstərilib.

Ev sahibi teatrın baş rejissoru Aleksandr Şarovskidirektoru Ədalət Hacıyev belə qastrol səfərlərinin ilk növbədə teatrın yaradıcı heyəti üçün sənətkarlıq, aktyorlar üçün bir-birindən bəhrələnmək imkanının açılması baxımından əhəmiyyətli olduğunu vurğuladılar.

 

Russayağı "Evlənmə"

 

Nikolay Vasilyeviç Qoqol əsərlərində yaratdığı mükəmməl obrazlarla zaman və məkan çərçivəsini dağıdaraq, dünya ədəbiyyatının görkəmli simalarından birinə çevrilib. Hansı dildə oynanılmasından asılı olmayaraq, onun pyesləri maraqlı quruluş, fərqli yozum və mükəmməl aktyor oyunu şərtləri gözlənilməklə, istənilən teatrın repertuarına bəzək ola bilər.

V.Mayakovski adına teatrın repertuarındakı "Evlənmə" öz tənhalığını qəfil aşkar edib anlayan, qərar verməkdə çətinlik çəkən, həyatını dəyişmək cəhdindən qorxan insanların başlarına gələnlərin göz yaşı içində gülüş kontekstində göstərisidir. Rejissor Sergey Artsibaşov anlaşılmaz məişət qayğılarının içində çapalayan qəhrəmanlarını iri gül dibçəklərinin, əl-ayağa dolaşan masaların, stulların, oturacaqların əhatəsində, güzgülü dolabların sipər kimi sıralandığı avansenaya çıxarır. Onların başına gələnlər lap tamaşaçının gözü qarşısında baş verir. Rejissor bununla demək istəyir ki, Qoqolun qəhrəmanları - taleyi həll olunan İvan Kuzmiç də, Aqafya Tixonovna da özlərinin yaratdıqları və düzən verdikləri bu darısqal məkandan çıxış yollarını öz əlləri ilə bağlayıblar. Tamaşanın XIX əsrin tipik interyerini xatırladan məkanındakı personajlar Qoqolun məşhur "maskalar”ını yaratsalar da, onların hamısı düşdükləri gülünc vəziyyətin içindəki faciəni qabartdıqca bizə tanış gəlirlər.

Tacir qızı Aqafya Tixonovna nəyin bahasına olursa-olsun, zadəgana ərə getmək istəyir. Çünki istəyir ki, həyat yoldaşı kobud, hər şeyi pulla ölçən birisi olmasın. Ammaetsin ki, atasından qalan miras Aqafya ilə evlilik ehtimalı bütün adaxlılara həm də maddi rahatlıq gətirəcəyini vəd etdiyindən qızın rəğbətini qazanmaq istəyənlər məhz bu məqama diqqət yetirirlər. Ona elçi düşən hər kəs - uzundraz Anuçkin, balacaboy Jevakin, şişman Yaiçnitsa, əlini dalağının üstündən çəkməyən Podkolesin, hətta mübarizədən dinməzcə çəkilən Starikov ilk baxışda göründüklərindən daha bədbəxt və daha çox tənhadırlar. Əslində onların ailə qurmaq istəyi xoşbəxt olmaq niyyətindən daha çox, öz bədbəxtliklərini paylaşmaq istəyidir.

Noyabrın 17-də və 18-də Rus Dram Teatrına gələn hər kəs böyük sənət və sənətkarlarla ünsiyyətdən unudulmaz zövq aldı. 79 yaşlı Svetlana Nemolyayeva, 69 yaşlı Mixail Filipov, 68 yaşlı İqor Kostolevski elə bir çevik oyun, elə bir əsl səhnə danışığı nümayiş etdirdilər ki, onların nə yaşına inandıq, nə də sənətdən yorulduqlarına.

 

"Rus romanı": həm bir rus macərası...

 

...Hər bir dildə elə çoxmənalı sözlər var ki, tərcümə zamanı ifadə tərəddüdləri yaradır. Rus dilində işlədilən “roman” sözü bu qəbildəndir. Mayakovski teatrının Bakıda oynadığı ikinci tamaşanın adını da həm "Rus romanı", həm "Rus macərası" adlandırmaq olar. Noyabrın 19-da 20-də qonaqlarımızın oynadığı tamaşa həm afişalarda roman janrında bir əsər kimi təqdim edilir. Müəllif Maryus İvaşkyaviçus ilə quruluşçu rejissor Mindauqas Karbauskis bir tamaşada böyük rus yazıçısı, romançı Lev Tolstoyun bioqrafiyası ilə yaradıcılığından səhifələri birləşdiriblər: yazıçı səhnədə görünmür. Hər kəs ondan danışır, onu sevir, ondan ötrü savaşır. Bütün bunların mərkəzində isə yazıçının arvadı, onunla yaşadığı yarım əsrlik dövrdə heç birmənalı olmayan, müəyyən psixoloji gərginliklər içində ömür sürdüyü Sofya Andreyevna durur. Ərinin sevimli ədəbi qəhrəmanları, hansısa düşüncələri ilə yazıçını xatırladan Oblonskilər ilə Kareninlər, Vronski Levin arasında özünə yer tapmaq istəyən Sofya Andreyevna övladları ilə birlikdə savaşır: səhnədə böyük ömür yaşadıqdan sonra da yaradıcı insanın ədəbi sevgilərinin, yoxsa gerçək həyatındakı məhəbbətin daha üstün olması uğrunda mübarizə gedir. Lap gəncliyindən yazıçı ərinin ilham pərisi olmağa can atan qadın yalnız onun həyat yoldaşı olmaq rolu ilə kifayətlənir, amma bununla uzun ailə həyatından sonra da bu qismət ilə barışmır. Gerçək həyatda baş verən hadisələr ilə "Anna Karenina" romanından səhnələr bir-birini elə izləyir ki, salondakı tamaşaçı bu məşhur romanın leytmotivinə çevrilmiş ilk sətirləri xatırlayır: "Bütün xoşbəxt ailələr bir-birinə oxşayır, hər bədbəxt ailə isə özü kimi bədbəxtdir". Lakin "Rus romanı" tamaşası bu fikrə bir qədər düzəliş etməyin gərək olduğunu vurğulayır: "Bütün adi insanlar bir-birinə oxşayır, dahi insanlar özləri kimi bədbəxtdir".

Tamaşaya gəldikdə isə, demək lazımdır ki, tünd boz rəng çalarlarında həll olunmuş, sözün bol olduğu "Rus romanı"nda işığın, sənət ziyasının nuru bol idi. Bu işığı tamaşaçılara istedadlı aktyorların mükəmməl ifası paylayırdı. Səhnə məlahəti məharəti baxımından böyük aktrisa Yevgeniya Simonova ilə ayaqlaşmağı bacaran Tatyana Orlova, bir neçə rolda çıxış edən Sergey Udovik başqa aktyorlar öz çıxışları, rejissor yozumunu ifadə etmək, oynadığı obrazın həyatını yaşamaq yönümündən ustad dərsi keçdilər.

 

* * *

Rusiya Mədəniyyət Nazirliyinin "Böyük qastrollar" proqramının Bakı mərhələsi başa çatdı. Bu işlə məşğul olan məmurların səfər hesabatında nələri qeyd edəcəkləri Bakı tamaşaçısı üçün heç önəmli deyil. O, hələ uzun müddət "Böyük qastrollar"ın paytaxtımızda qoyduğu təəssüratın təsirindən ayrılmayacaq.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S. 10.