İntellektual və mədəni
işbirliyi sahəsində daha çox
çalışmalıyıq
“Türk dünyasında dövlət və
siyasət adamlarımız arasında çox gözəl əlaqə
var. Bunu daha da gücləndirmək lazımdır”
Türkiyə Baş Nazirliyi nəzdində fəaliyyət göstərən Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığı (YTB) Türkiyənin yeni qurumlarından biridir. Qurum, yaranmasından az müddət keçməsinə baxmayaraq, Azərbaycan da daxil olmaqla ortaq türk mədəniyyətinin dünyada tanıdılması, tariximizin araşdırılması, türkdilli xalqların bir araya gətirilməsinə xidmət edən müxtəlif layihələr gerçəkləşdirir, həm də önəmli tədbirlərin təşkilatçısı kimi çıxış edir.
YTB-nin rəhbəri Kudret Bülbül ilə söhbətimiz də bu barədədir.
- Türkdilli ölkələrin müstəqilliklərinin 25 illiyi münasibətilə Türkiyədə bir sıra qurumlar tədbirlər düzənləməkdədir. Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığı da bu fəaliyyətlərdə ön sırada dayanır. Bu yaxınlarda Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr edilən toplantıda “Biz 25 ili 70 il gözlədik” sözləriniz tədbirə, necə deyərlər, damğasını vurdu...
- Öncə deyim ki, türkdilli respublikaların müstəqilliklərinin 25-ci ildönümünü qeyd etmək çox böyük bir xoşbəxtlikdir. Sanki hər şey dünən olub. Hələ dünən “Bu xalqlar öz müstəqilliklərini nə dərəcədə qoruyub saxlaya biləcəklər” deyə düşünərkən bu gün artıq onların 25 illik müstəqilliyindən danışırıq. Digər tərəfdən, biz bu 25 ili uzun onilliklər gözlədik. Bizim üçün 25-ci ilin başlanğıcı “Gün var, əsrə bərabər” deyiminə bənzəyir. Bu mənada müstəqilliyə qovuşmaq son dərəcə dəyərlidir. Bu müstəqilliyə həyatlarını həsr edən, bunun üçün çalışan və bunu bizə ərməğan edən hər kəsə - can qardaşlarımıza təşəkkürümüzü bildiririk.
YTB olaraq biz də bu 25 ilə böyük
önəm veririk. Bunun da bir sıra səbəbləri var. Bizim
quruluşumuzun önəmli səbəblərindən biri də
türk dünyasıdır. Çünki hələ
90-cı illərdə prezident Turqut Özal türk tələbələri
layihəsini başladıqda əsas məqsədi qardaş
respublikaların təhsil potensialına töhfə vermək
idi. O zaman Türkiyəyə minlərlə tələbə
gətirdik. Məsələyə bu kontekstdən
yanaşsaq, YTB-nin quruluşunun əsas məqsədlərindən
biri və ilk yola çıxış hekayəsi də
türk dünyasının təhsil potensialını
gücləndirməkdir. Bu mənada
qardaş xalqlarımızın müstəqilliyinin 25 illiyinə
böyük önəm veririk. Bu
yaxınlarda Türkmənistanın Müstəqillik
Gününü YTB-də keçirdik. Eyni
zamanda da Azərbaycanın Müstəqillik Günü ilə
bağlı keçirilən tədbirdə iştirak etdik.
Önümüzdəki günlərdə
türkdilli respublikaların Ankaradakı səfirlikləri və
türk dünyasının böyük qurumları ilə
birlikdə 25 illiklə bağlı geniş bir proqram - sərgilər,
simpoziumlardan ibarət bir neçə günlük tədbir
keçirməyi planlaşdırırıq.
- Ötən
ilin sonunda YTB olaraq yeni bir layihə ilə bu ili
“Kosova ili” elan etdiniz. Artıq il başa
çatır. Maraqlıdır, öz hədəfinizə
çata bildinizmi və bu layihə davam edəcəkmi?
- Bu suala
rahat cavab verə bilərəm. Çünki
Kosovadan yeni qayıtmışam. Bizim bir
çox dünya ölkələrinə yönəlik fəaliyyətimiz
var. Çünki ölkə xaricində 8-10 milyon vətəndaşımız
var. Vətəndaşlarımız, xaricdə yaşayan qohum
topluluqlar baxımından öz hədəflərimizi müəyyən
edir, beynəlxalq miqyaslı, bütün dünyanı əhatə
edən layihə gerçəkləşdirməyə
çalışırıq. Buna baxmayaraq
yenə də elə vacib məsələ var ki, onun üzərində
mərkəzləşə və daha dərindən öyrənə
bilmirik. Ona görə də “Ölkə
ili” elan etmək qərarına gəldik və ilk layihəmiz
də “Kosova ili” oldu. Bununla bağlı
çox sayda müraciətlər aldıq. Məsələn,
bir ölkə ilə bağlı öz layihələrimizlə
bərabər o ölkədən aldığımız layihələr
də mövzumuza uyğun ola bilər. Bununla da daha böyük məsələlərə
toxuna bilirik. Keçən il Türkiyədə
“Balkan ölkələri düşüncə
quruluşları” layihəsini gerçəkləşdirmişdik.
İkincisini də bu yaxınlarda Kosovada
keçirdik. Kosova ilə bağlı həyata
keçirdiyimiz tədbirlərdən biri də sənədli
film oldu. Film qopuz ifaçısı Rasim
Salihin həyat və yaradıcılığından bəhs
edir. Kosovalı sənətkar Berkant Curinin müəllifi
olduğu film YTB-nin dəstəyi ilə çəkildi və
eyni zamanda İtaliyanın Milan şəhərində düzənlənən
beynəlxalq film festivalında “Ən yaxşı əcnəbi
sənədli film” və “Ən yaxşı hekayə”
mükafatlarına namizəd oldu. Bu yaxınlarda isə “Kosova
ili”nin bağlanış mərasimini
keçirəcəyik. Növbəti “Ölkə ili”ni başqa bir coğrafiyadan seçəcəyik.
Böyük ehtimalla bu, türk dünyasından
olacaq və orada da müxtəlif tədbirlər keçirəcəyik.
Beləliklə, sosial, mədəni, təhsil,
intellektual sahələrdə daha çox işlər görməyə
çalışırıq.
- Qurum hər
il eyni layihələri həyata
keçirir, yoxsa hansısa yeni proqramları da əlavə
edirsiniz?
- Bununla
bağlı iki istiqamətdə çalışırıq:
birincisi, öz layihələrimiz olur və YTB olaraq bir ölkə,
bir quruluş, bir QHT, universitet, ya da düşüncə
quruluşu ilə işbirliyi qura bilirik. İkincisi,
Avropa Birliyinin Türkiyədə həyata keçirdiyi tərzdə
bəlli bir proqram elan edir və bu çərçivədə
layihələr alırıq ki, bu da son dərəcə dəyərlidir.
Biz bir elan verdikdə bütün dünyadan
müraciətlər ala bilirik və düşünə bilmədiyimiz,
planlaşdırmadığımız bir çox layihələrə
dəstək veririk. Ötən il 19
proqramımız var idi. Buna bu il həyata
keçirdiyimiz “Türkiyə stajları” proqramı da əlavə
edildi. Avropada 3-cü, 4-cü nəsil vətəndaşlarımız
var və Türkiyədə staj keçmək istədiklərini
bildirirlər. Buna görə də,
Türkiyənin ictimai peşə təşkilatları ilə
birlikdə staj proqramları gerçəkləşdirdik.
Çox sayda gəncimiz bu proqramdan faydalandı.
İl sonunda isə bu proqramları dəyərləndirərək
hansına davam edib, etməyəcəyimizlə bağlı qərar
verəcəyik.
- YTB-nin
türk dünyasının birliyinə töhfəsini necə
ifadə edə bilərsiniz?
- Yeni
Türkiyənin yeni qurumları var: TİKA, Yunus Əmrə
Fondu, AFAD və Türk Qızıl Ayı (Qızıl
Aypara). Məsələn, AFAD və Qızıl
Ayparadan bəhs etsək, bunlar daha çox insani yardım
qurumlarıdır. TİKA texniki, Yunus
Əmrə isə mədəni yardımlar edir. Bütün bunların arasında YTB intellektual
yardım, intellektual işbirliyi və inkişaf nöqtəsində
dayanır. Türk dünyası
baxımından da bizim bu sahədə gerçəkləşdirdiyimiz
fəaliyyətlərimiz son dərəcə əhəmiyyətlidir.
Bu ayın 23-də Ankarada türk dünyası
düşüncə quruluşlarının tədbirini
gerçəkləşdirəcəyik. Bundan başqa,
bu il Qazaxıstanda “Avrasiya yaz məktəbi”
layihəsini gerçəkləşdirdik. Sözügedən
layihənin hər il bir ölkədə
keçirilməsini istəyirik. İntellektual sərmayəni
inkişaf etdirən layihələr həyata keçiririk.
Bu mənada Türkiyə ilə türk
dünyası arasında işbirliyini nə qədər
genişləndirsək, bir o qədər yaxşıdır.
Çünki bu sahədə hələ o qədər
də irəli gedə bilməmişik. 100 il öncəyə nəzər salsaq görərik
ki, məsələn, İsmayıl Qaspıralının
Krımda çıxardığı qəzet İstanbulda
çox yaxından izlənirdi. Eyni zamanda
İstanbulda çıxan bir dərgi türk dünyasında
tanınırdı. Bu sahələri
inkişaf etdirməyimiz lazımdır. Yeni
Türkiyənin qurumları çox sahələrdə öz
fəaliyyətlərini genişləndirirlər. Ona görə ki, bu gün mən də daxil olmaqla
bütün məmurları toplayaraq, məsələn, Misirdən
bir məmur bürokrat adı deyin, soruşsaq, cavab verəcəklərindən
əmin deyiləm. Ankaradakılara
Bakıdan üç tanınmış qəzetçi
adı soruşsanız, yenə doğru cavab
alacağımıza ümid etmirəm. Dövlət
və siyasət adamlarımız arasında çox gözəl
əlaqə var. Lakin bunudaha da gücləndirmək
lazımdır. Biz də fəaliyyətimizdə
buna önəm veririk.
- Mədəniyyət
sahəsində hansı layihələrə önəm
verirsiniz?
- Mədəniyyət
bizim fəaliyyətimizin ikinci mühüm sahəsini təşkil
edir. Tarix və əlaqələrimizin dərin
olduğu bir coğrafiya və bu coğrafiyada zəngin irsimiz
var. Bizim kimliyimizə daha çox dəyər verən ortaq
keçmişimiz olub. Bu, istər
Türkiyəyə, istərsə də Azərbaycana aiddir.
Amma son yüz ildə ortaya bir unutqanlıq
çıxır. Bu sahədə ortaq mədəni dəyərləri
ortaya çıxaran, təbliğ edən layihələrimiz
var. Məsələn, bu il Giresun Universiteti tərəfindən
YTB-nin dəstəyi ilə 5-ci “Türk Dünyası
Aşıqlar Şöləni”, Ege Universiteti Türk
Dünyası Araşdırmaları İnstitutunun rəhbərliyi
ilə “Türk Dünyası Beynəlxalq Mədəniyyət
Konqresi: Dədə Qorqud və Türk Dünyası” layihəsi,
Elazığ şəhərində baş tutan 22-ci Beynəlxalq
Şeir Axşamları və s. layihələr gerçəkləşdirildi.
Bundan başqa, YTB qurulduğu gündən bəri
müxtəlif yerlərdə yaşayan türk toplumları ilə
bağlı tədbirlərə, aparılan
araşdırmalara və nəşrlərə də dəstək
verməkdədir.
- Sizcə,
Azərbaycanla əməkdaşlıq istiqamətində
hansı perspektivlər var?
- Əvvəlcə
onu demək istəyirəm ki, bəzən YTB-ni sadəcə
burs (təqaüd) verən qurum kimi də tanıyırlar.
Lakin bizim fəaliyyətimizdə üç istiqamət var:
birincisi, diaspor fəaliyyəti, ikincisi, soydaş və qohum
topluluqlarla iş, üçüncüsü, beynəlxalq
abituriyentlərə dövlət təqaüdlərinin verilməsi.
Mənim universitetdə təhsil aldığım illərdə
belə bir fikir ətrafında diskussiya gedirdi: türk dili elm
dili ola bilərmi? Bizim müəllimlər
deyirdi ki, ola bilməz. Amma bu
gün dünyanın hər tərəfindən minlərlə
insan Türkiyəyə gəlmək, təhsillərini
türk dilində almaq istəyirlər. Bizim
Avropa və Amerikadakı bir çox layihələrimizə
türk dünyası ölkələri də müraciət
edə bilir. Azərbaycan, Türkmənistan, Qazaxıstan
da müraciət edirsə, biz bunları çox müsbət
dəyərləndiririk. Azərbaycanla əlaqələrimizə
gəlincə, sosial, mədəni, intellektual işbirliyini
gücləndirmək əsas məqsədimizdir. Mən özüm işlə bağlı Azərbaycana
tez-tez gedirəm. Bakını hər
gedişdə bir başqa inkişaf etmiş nöqtədə
görürük.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 23
noyabr.- S.12.