Dünya da köhnədi, dələduzluqları da...

 

 

Çox deyilmiş bir ifadə var: klassik əsər ona görə klassik sayılır ki, həmin əsərdə qaldırılan problem zaman keçdikcə aktuallığını itirmir. Noyabrın 21-də Şuşa Dövlət Musiqili Dram Teatrı Beynəlxalq Muğam Mərkəzində Nəcəf bəy Vəzirovun "Dələduz" əsərinin tamaşasını təqdim etdi.

 

Tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Nəcəf bəy bir zamanlar "Vəkil Patelen" adlı fransız məzhəkəsini tədbil edərək, "Dələduz" adı ilə Azərbaycan tamaşaçısına təqdim edib. Mirzə Dadaş (Teymur Məmmədov) yaxında-uzaqda hər kəsi aldatdıqdan sonra çoxdan bəri münasibət bəsləmədiyi tacir qohumu Məcidi (Etibar Cəfərov) qırqovul-plova qonaq etmək adı ilə evinə çağırır, guya girov saxlamaq üçün onun dükanından götürdüyü parçaların da pulunu vermir. Məcid Mirzə Dadaşın evinə gələndə onun arvadı Gülcahan (Mətanət Eres), bacıları Pəricahan (Sevinc Ağayeva) və Nurcahanın (Vüsalə Məmmədzadə) vay-şivənini görəndə anlayır ki, aldadılıb, ya da indiki dillə desək, Mirzə Davud ona atıb.

Amma demə, əsl dələduzluq qabaqda imiş. Məcidin qoyun-quzusunu otaran Çoban Qurbanəlinin (Rasəf Mehdiyev) cavan taciri aldatması bir tərəfə, Mirzə Dadaş divanxanada da Məcidə atır. Onu günahkar çıxarıb çobanın tərəfini tutur. Məciddən qopardılan təzminatı da "ədalət sahibləri" ilə rüşvət olaraq bölür.

Vəssəlam. Əbədi bir mövzu. "Dələduz" nə qədər qısa olsa da, onu daha çevik səhnə quruluşunda təqdim etmək mümkün olsa da, klassik nümunənin necə var, olduğu kimi təqdimatı bu gün geridə qalmış üsul və tamaşaçını maraqlandırmayan bir priyomdur. Halbuki çox kiçik pyesdə baş verənləri müasir həyata gətirməklə, ona bu günün çalarlarını qatmaqla, hətta ana xəttə birbaşa dəxli olmayan yanaşı mövzuları, məsələn, divanxanadakı şikayətləri artırmaqla da maraqlı və çəkici tamaşa hazırlamaq olardı.

Amma tamaşada belə əlavələrə, ştrixlərə müraciət olunmayıb. "Dələduz" komedi şoulardan teatr səhnəsinə gələn gülüşə hesablanmış, xüsusən də qadın iştirakçıların daha qabarıq görünən qışqırıq və sönük səhnə hərəkətlərindən xali deyildi. İştirakçılar arasında yalnız bir neçə dəqiqə səhnədə görünən Divanbəyi rolunun ifaçısı Nazir Rüstəmovun obraza yaradıcı münasibətini, oynadığı rolu fərqli biçimdə təqdim etdiyini söyləmək olar. Tərəfdaşlarından kimsə onun ifasına cavab verə biləcək oyun nümayiş etdirmədi. Ola bilsin ki, teatrın binasızlıq şəraitində yaşaması, normal məşq üçün imkansızlığı da tamaşanın zəif çıxmasına təsirsiz ötüşməyib. Amma bu birpərdəli pyesi Nəcəf bəyin adına, Azərbaycan dramaturgiyası və teatrına verdiyi töhfələrə layiq tərzdə təqdim etmək imkanları az deyil. Sadəcə, buna bir qədər zaman, şərait, ən başlıcası, yaradıcı münasibət gərəkdir.

 

Gülcahan

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.13.