Roma Papasının
portretini yaradan soydaşımız
“Papanın Xocalı qurbanları üçün
dua oxumasından sonra qərara gəldim ki, hörmət əlaməti
olaraq onun portret heykəlini hazırlayım”
Tanınmış heykəltəraş, Əməkdar
rəssam, 67 yaşlı
Zeynalabdin İsgəndərov
hələ özünün
şah əsərini yaratmadığını deyir. Bunu təvazökarlıq
saymaq olar, hər halda heykəltəraş yaradıcılığına
ciddi yanaşır, hələ də sənətini öyrəndiyini
bildirir. Onunla İnşaatçılar
prospektində yerləşən
“Rəssamlar evi”ndəki
emalatxanasında görüşdüm.
Bütün sənət emalatxanaları
kimi, buranın da öz aurası,
ruhu var. Kiçik heykəllər, büstlər
və bir də kətan üzərindəki rəsm
əsərləri.
Z.İsgəndərov burada 1982-ci ildən çalışdığını bildirir. Deyir ki, ondan öncə bura Xalq rəssamı, akademik Ömər Eldarovun olub.
Müsahibim 1949-cu ildə Bakıda çoxuşaqlı ailədə
dünyaya göz açıb. Ailənin sonuncu övladı
olan Zeynalabdinin rəssamlığa və
heykəltəraşlığa böyük həvəsi olub. Odur ki, gələcək taleyini müəyyənləşdirmək
üçün Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin
Heykəltəraşlıq fakültəsinə daxil olur, 1966-1970-ci illərdə
burada təhsil alır. 1971-1977-ci illərdə
o, V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda
təhsilini davam etdirir. Burada təhsil aldığı
dövrdə məşhur
heykəltəraş, SSRİ Rəssamlıq Akademiyasının
rektoru Nikolay Tomskinin emalatxanasında çalışır. Məşhur heykəltəraşla çalışmaq
onun üçün ikiqat məktəb olur. 1977-ci ildə
Bakıya qayıdır,
həm yaradıcılıqla
məşğul olur,
həm də bu sənətdən dərs deməyə başlayır. 40 ilə yaxındır ki, heykəltəraşlıq
sahəsində bilik və bacarığını
gənc nəslə öyrədir, Azərbaycan
Dövlət Rəssamlıq
Akademiyasının (ADRA) professorudur.
Müsahibim italyan heykəltəraşlığı
və rəssamlığının
heyranıdır, bir neçə dəfə bu ölkədə olub. Yolunu davam etdirən oğullarını
- ADRA-nın məzunları
olmuş Əli və Həsəni də İtaliyada ali rəssamlıq
təhsili almağa yönləndirib. Övladları Roma Müasir Rəssamlıq Akademiyasında magistratura və doktorantura pillələri üzrə
təhsillərini davam
etdiriblər. Həsən indi
Romada təhsil aldığı akademiyanın
prezidentinin referenti vəzifəsində çalışır.
Əli isə bu il vətənə qayıdaraq
ADRA-da rəngkarlıqdan
dərs deməyə başlayıb. Bu il həm də qardaşların Romada birgə sərgisi keçirilib.
Z.İsgəndərovun İtaliyaya ilk yaradıcılıq səfəri
6 il öncə
olub. 2010-cu ilin
aprel-mayında İtaliyanın
Fonte-Nova sənət mərkəzi Roma şəhərində
heykəltəraşlıq üzrə beynəlxalq simpozium keçirib. Müsahibim də yarışmaya bir neçə əsər göndərib.
Əsəri seçilənlər içərisində olduğundan
onu bir ay müddətinə Romaya dəvət ediblər.
Orada Z.İsgəndərov bir neçə əsər yaradıb və sonda onun əsəri
beynəlxalq yarışmanın
mükafatına layiq görülüb.
Heykəltəraş bildirir ki, oğlanları
orada təhsil aldığı müddətdə
aktiv ictimai fəaliyyət göstəriblər. 2015-ci ildə onlar Vatikanda Xocalı faciəsilə bağlı
tədbir keçirib,
bu dəhşətli olayın qurbanları haqqında insanlara bilgi veriblər. Heykəltəraşın övladları Roma Papasına müracət edərək Xocalıda öldürülmüş soydaşlarımız
üçün dualar
oxumasını rica ediblər. Papa da ayrıca bir tədbirdə Xocalı qurbanları üçün dualar oxuyub. Onun belə anlayışlı
davranışından sonra
Z.İsgəndərov qərara
gəlir ki, hörmət əlaməti
olaraq Roma Papasının
portretini hazırlasın.
Beləliklə, bu yay o, Romaya gedir, 40 gün müddətində
fəxri professoru olduğu Roma Müasir Rəssamlıq Akademiyasında
Papanın portretini işləyir.
Z.İsgəndərov: “Oğlum əsərin fotosunu Vatikan kardinalına göndərdi, işi bəyəndilər. Sonra kardinal
məni iqamətgahına
çağıraraq əsəri
qəbul etdi, Papaya çatdıracağını söylədi. Vizamın vaxtı
qurtardığı üçün
Bakıya qayıtdım.
Bir müddət öncə gördüm ki, mənə Roma Papasından
məktub gəlib.
Məktubda Papa onun portretini
yaratdığım üçün
mənə öz sayğısını ifadə
edir”.
Heykəltəraş bu emalatxanada Sara Qədimova, Lətif Kərimov, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Leyla Bədirbəyli, Emin Sabitoğlu, Möhsün Sənani və başqa görkəmli şəxsiyyətlərin
qəbirüstü abidələrini,
barelyeflərini hazırlayıb.
Onun “Səttar”, “Namaz”, ”Külək”, “Mütəffəkir”, “Musiqiçi”
əsərləri də
geniş yaradıcılığının
diqqətçəkən örnəkləridir.
Əsərlərində monumentallıq çox qabarıqdır. Bu baxımdan
heykəltəraşın ən
məşhur əsərlərindən
biri 1982-ci ildə indiki Şirvan şəhərində ucaldılmış
Leninin abidəsi olub. Bununla belə, o vaxt
bu heykəli rəsmi şəxslərə
qəbul etdirmək çətin olub, müəllifin başı
çox zülmlər
çəkib.
Bilindiyi kimi, Xalq rəssamı
Cəlal Qaryağdının
müəllifi olduğu,
vaxtilə indiki Hökumət evinin qarşısında ucaldılan
Lenin heykəli bədii
xüsusiyyətlərinə, monumentallığına görə
keçmiş SSRİ-də
ən uğurlu heykəllərdən sayılıb. C.Qaryağdı həmkarı Z.İsgəndərovun
“Lenin” əsərini görəndən
heyranlığını gizlətməyib,
onun qoyulması üçün məmurların
qapısını da döyüb. Düzdür, imperiya dağılanda həmin heykəl də uçurulub.
Müəllif bunu soyuqqanlı
qarşılayıb: “Bir
çox heykəltəraşlar
vardı ki, əsərləri uçurulanda
sarsılmışdılar. Tarixdə belə şeylər çox olub. Mən bunu anlayışla qarşıladım. Romada belə
heykəllər çox
olub. O şəhər
heykəltəraşlıq baxımından çox zəngindir, adam heyrətdən donur”.
Z.İsgəndərov rəngkarlıqla məşğul olur, rəssamlığı heykəltəraşlığından geri qalmır. O, 2006-cı ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.
S.Qaliboğlu
Mədəniyyət.- 2016.- 23
noyabr.- S.15.